İstanbul UEFA Superkubokunu qəbul edir

İstanbul UEFA Superkubokunu qəbul edir
  • Clock-gray 09:20
  • calendar-gray 14 Avqust 2019

Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək.

APA-nın məlumatına görə, Türkiyənin İstanbul şəhərində baş tutacaq həlledici matçda ötən mövsüm avrokubok qazanan klublar üz-üzə gələcəklər.

Çempionlar Liqasının qalibi olan “Liverpul” İngiltərə derbisində Avropa Liqasını başı üzərinə qaldıran “Çelsi” ilə qarşılaşacaq. 6-cı dəfə Superkubok mübarizəsi aparan “Liverpul” sonuncu dəfə 2005-ci ildə qazandığı mükafata 4-cü dəfə yiyələnmək iddiasındadır.

Rəqibi kimi iki dəfə həlledici matçda uduzan “Çelsi” isə ümumilikdə 4-cü sınağına çıxacaq. Yeganə uğuru 1998-ci ilə təsadüf edən London təmsilçisi 21 ildən sonra Superkuboka yiyələnmək əzmindədir.

Hər iki komanda İngiltərə təmsilçisi olduğundan Superkubokun bu ölkəyə yollanacağı öncədən bəllidir. 14 ildir bu mükafata yiyələnə bilməyən futbolun yaradıcıları bu görüşlə İspaniyanın 5 illik hegemonluğuna da son qoyacaq. Çünki son beş ildə mükafat ispaniyalılara nəsib olub.

Superkubok tarixə oyunu qadın hakimin idarə etməsi ilə də düşəcək. Avrokuboklar tarixində ilk dəfə kişilərdən ibarət komandaların matçı xanım referiyə tapşırılıb. Görüşü fransalı Stefani Frappar idarə edəcək.

Qeyd edək ki, “Liverpul” – “Çelsi” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

UEFA Superkuboku
14 avqust
23:00. “Liverpul” (İngiltərə) – “Çelsi” (İngiltərə)
Baş hakim:
Stefani Frappar (Fransa)
İstanbul. “Vodafon Park” stadionu

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date