Bakıda qələbə qazanan məşqçi: "26 il sonra avrokubokda qalib gəldik"

Bakıda qələbə qazanan məşqçi: "26 il sonra avrokubokda qalib gəldik"
# 11 iyul 2019 22:25 (UTC +04:00)

"Bizim üçün oyun çox yaxşı alındı, 3 qol vurduq. Daha çox fərqlənə bilərdik. İki lazımsız qol buraxdıq".

APA-nın məlumatına görə, bunu Rumıniyanın "Universitatya Krayova" komandasının baş məşqçisi Korneliu Papure deyib.

Çalışdırıcı Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda "Səbail"ə Bakıda 3:2 hesabı ilə qalib gəldikdən sonra mətbuat konfransı keçirib.

O, "ASCO Arena"da təşkil edilən mətbuat konfransında bildirib ki, nəticədən və komandasının çıxışından razı qalıb: "26 il sonra avrokubokda qalib gəldik. Bunun uğurlu başlanğıc olacağına ümid edirəm. Səfərdə 3 qol vurmuşuq. Bu nəticədən sonra favoritik. Amma önəmli olan konsentrasiyanı saxlamaqdır. Cavab oyununda rahatlamaq olmaz. Matça baxanda kifayət qədər şanslarımız vardı. Ancaq bəzi səhvlər də oldu. Mövsümün əvvəli olduğu üçün belə səhvlər normaldır. Əsas odur ki, bunları təkrarlamayaq".

Baş məşqçi iki qol buraxmaqlarından narazılığını ifadə edib: "Əlbəttə, qol buraxmadan qələbə qazanmağı fikirləşirsən. Öz səhvlərimizdən rəqib 2 top vurdu. Rəqibin heyətində yaxşı oyunçular var. Xüsusən də meydan mərkəzindəkiləri qeyd edərdim. Yevqeni Koçuk və kapitan Rahid Əmirquliyevin adlarını çəkə bilərəm".

Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 18-də Krayovada olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR