“Neftçi”nin legioneri: “Azərbaycan təhlükəsiz, sakit ölkədir” - MÜSAHİBƏ

“Neftçi”nin legioneri: “Azərbaycan təhlükəsiz, sakit ölkədir” - MÜSAHİBƏ
# 12 may 2022 16:12 (UTC +04:00)

“Neftçi”nin braziliyalı hücumçusu Tiaqo Bezerranın apasport.az saytına müsahibəsi

- Premyer Liqanın XXVI turunda “Qəbələ” ilə oyunda həm məğlub oldunuz (0:1), həm də sarı vərəqə alaraq, cəzalı duruma düşdünüz. Bunu sizin üçün ikiqat zərbə saymaq olar?
- Əlbəttə ki, həm uduzmağımız, həm də mövsümdə 4-cü sarı vərəqə almağım mənə ağır zərbə oldu. Ancaq futbolda belə hallar da olur, adi qarşılamaq lazımdır. Boş yerə sarı vərəqə aldığım üçün üzülürəm. Rəqibin cərimə meydanı daxilindəki epizod zamanı hakimə yaxınlaşaraq, kobudluq edildiyini, cərimə verməli olduğunu dedim. O isə qaçaraq üstünə getdiyim üçün sarı vərəqə göstərdiyini bildirdi. Təbii ki, buna görə məyusam. Amma nə etmək olar?

- “Zirə” ilə mayın 15-də keçiriləcək növbəti tur matçında iştirak etməyəcəksiniz. Bombardirlik uğrunda mübarizə apardığınız bir məqamda bu görüşü buraxmaq sizi nə dərəcədə üzür?
- Təəssüf ki, bu oyunu buraxacağım üçün qol sayımı artıra bilməyəcəyəm. Daha çox qol vurmaq istərdim. Ancaq yenə də əsas arzum komandamın səfər matçında qələbə qazanmasıdır. Həm də Premyer Liqada mövsümü ikinci pillədə bitirəcəyimiz dəqiqləşib. Bu məqam məni daha çox sevindirdi. Əlbəttə, çempion olmaq istəyərdik. Amma ikincilik də uğurlu nəticədir. Bununla komanda Konfrans Liqasına da vəsiqə qazanıb. Kim bombardir olmaq istəməz? Mənim də hədəflərimdən biri budur. Lakin komandanın uğur qazanması bundan da vacibdir. Bu üzdən o qədər də çox üzülmürəm. Əsas məyusluğum komandama qarşıdakı oyunda kömək edə bilməməyimdir.

- Yalnız son turda “Qarabağ”la görüşdə iştirak edəcəyinizi nəzərə alsaq, bombardir olmaq şansınızı necə dəyərləndirirsiniz?
- Hazırda aktivimdə 10 qol var və məndən öndə olanlar bir top artıq vurublar. Son oyunda bombardirlik şansım olacaqsa, bundan yararlanmağa çalışacağam. “Qarabağ”la gözəl matç olacaq. Həmin görüşdə əlimə düşəcək şansları qola çevirmək istəyirəm. Mövsümün son turu olduğundan, hər iki komanda üçün önəmli oyun olacaq. “Qarabağ”ı məğlub edərək, mövsümü qalibiyyətlə tamamlamaq gözəl nəticə olar. Bir sözlə, mövsümü həm özüm, həm də komandam üçün major notda bitirmək istəyirəm.

- Ötənilki çempion “Neftçi”nin bu dəfə zirvə yarışından tez qopmasının səbəbi ilk yarıdakı xal itkiləri oldu. Mövsümün əvvəlindəki qeyri-stabil çıxış nədən qaynaqlanırdı?
- Doğrudur, ilk yarıda itirdiyimiz xallar bizi liderdən çox uzağa saldı. Xüsusən də, ardıcıl 3 oyundakı xal itkilərinin təsiri böyük oldu. Ötən turda da çempionluq şansımız rəsmən bitdi. Məncə, mövsümün əvvəlindəki qeyri-stabil çıxış kollektivin həmin vaxt tam komplektləşməməyindən qaynaqlandı. Çünki ötən yay çox sayda yeni gələn oyunçular oldu. Mənim kimi, bəziləri heyətə gec qoşuldu. Belədə kollektivin formalaşması zaman aldı. Ancaq qış fasiləsindən sonra komanda daxilində uyğunlaşma problemi qalmadı, bu üzdən də ardıcıl qələbələr qazanmağa başladıq, məğlubiyyətsizlik seriyası yaxaladıq.

- Braziliya, Belçika, Türkiyə, Küveyt, Səudiyyə Ərəbistanı, Özbəkistan və Qətərdə oynamısınız. Azərbaycan çempionatı ilə onları necə müqayisə edərdiniz?
- Karyeram ərzində çox ölkədə çıxış etdim. Mənim üçün futbolda yalnız bir dil var, o da futbol dilidir. İstər səviyyə, istər sistem, istərsə də digər amillər hər yerdə fərqlidir. Ancaq hamısının bir ortaq nöqtəsi var: komandalar 11-11-ə oynayır, iki qapı var və hamı qol vurmaq üçün mübarizə aparır. Yeni ölkəyə yollananda ilk vaxtlar uyğunlaşma dönəmi keçirməyin normaldır. Azərbaycan futbolu oynadığım ölkələr arasında Türkiyə və Özbəkistan futboluna çox bənzəyir. Fikrimcə, burada futbol daha çox inkişaf etməli, Premyer Liqada komanda sayı artırılmalıdır. Növbəti mövsüm çempionatda 10 komandanın yarışacağını bilirəm. Azərbaycanda futbolun yavaş-yavaş böyüdüyünü, inkişaf etdiyini görürəm.

- Artıq 8 aydır ölkəmizdəsiniz. Azərbaycan barədə təəssüratlarınız necədir?
- Azərbaycanda 8 aydır gözəl vaxt keçirirəm. Həm Premyer Liqa, həm də meydandan kənar hər şey superdir. Azərbaycan təhlükəsiz, sakit ölkədir. Ailəm də burada əla zaman keçirir. Axtardığın hər şeyi tapa bilirsən. İlk dəfə gələndə tanımırdıq. Bakıda qarşılaşdığımız mənzərə bizim üçün xoş mənada sürpriz oldu.

- Burada sizi ən çox nə təəccübləndirdi?
- Düzü, həyat tərzinə çox təəccüblənmədim. Çünki həm dil, həm mədəniyyət, həm yemək baxımından Türkiyə ilə, demək olar ki, eynidir. Bu üzdən heç nə mənə sürpriz gəlmədi.

- Ölkəmizdə çıxış etmiş braziliyalı futbolçular azərbaycanlıları istiqanlılığına, xasiyyətinə görə öz insanlarına bənzədiblər. Həqiqətən də, belədir?
- Azərbaycanlıları daha çox türkiyəlilərə bənzədirəm. Açığı, Türkiyədə də braziliyalıların özləri kimi olduğunu deyirlər. Bu fikri mən də qəbul edirəm. Buranın da insanları bizimkilər və türkiyəlilər kimi istiqanlıdır, yardımsevərdir, yeni gələn əcnəbilərə qarşı mehribandırlar.

- Meydanda və ondan kənarda ən yaxşı anlaşdığınız futbolçu kimdir?
- “Neftçi”nin çox yaxşı futbolçuları, yüksək səviyyəli heyəti var. Yalnız bir nəfərin adını çəkməyim doğru olmaz. Xeyli sayda əcnəbi futbolçular, həmçinin Azərbaycan millisinin üzvləri komandamızda yer alır. Birinin adını deməyim digərlərinə haqsızlıq olar. Düzdür, mövsümü əla keçirən bir futbolçumuz var. Amma onu da fərqləndirməyim yanlış olar. İstər meydanda, istərsə də ondan kənarda bütün komanda yoldaşlarımla yaxşı anlaşıram, heç biri ilə problemim yoxdur. Ümumiyyətlə, mən ailəmə bağlı insanam, tək çox çıxmıram, daha çox uşaqlarımla vaxt keçirməyi xoşlayıram. Boş vaxtımın böyük hissəsini evdə keçirdiyim üçün çox gəzməyə çıxmıram. Görüşdüyümüz zaman da istər braziliyalı, istərsə də yerli olsun, komanda yoldaşlarımın hamısı ilə gözəl vaxt keçiririk.

- 35 yaşınız olsa da, 10 qolla bombardirlər sırasındasınız və nəzərə alaq ki, oyunlarda kifayət qədər qol şansı qaçırmısınız. Komandada qalsanız, gələn mövsüm “Neftçi” azarkeşləri Tiaqodan neçə qol gözləsinlər?
- 10 qolu uğurlu göstərici saymaq olar. Amma bundan da yaxşı olmalı idi. Performansım indikindən yaxşı ola bilərdi. Həm “Neftçi”də oynayan bir hücumçu, həm də fərdi olaraq mənim üçün 10 qol çox azdır. Amma nəzərə alaq ki, mövsümöncəsi təlim-məşq toplanışına gec qoşuldum, zədəm var idi. Formamı bərpa etməyə vaxt itirdim. Bu problemlərə görə, çox oyun keçirə bilmədim. Bəzən fiziki cəhətdən tam hazır olmadım, bu da oyunuma təsirsiz ötüşmədi. Buna baxmayaraq, bombardirlik uğrunda mübarizənin içindəyəm. “Qarabağ”la son tur matçında bu imkandan yararlanmaq istəyirəm. Növbəti mövsüm də “Neftçi”də qalsam, çox fərqli Tiaqo olmağa çalışacağam. Çünki belədə komanda ilə toplanışa qatılacağam, mövsümün startına qədər daha yüksək forma yığa biləcəyəm. Üstəlik, komanda yoldaşlarım artıq məni tanıyır, necə oynadığımı bilirlər. Həmçinin mən də onların nəyə qadir olduğuna bələdəm, nə vaxt hansı mövqeyə qaçmalı olduğumu bilirəm. Düşünürəm ki, “Neftçi”də qalsam, gələn mövsüm həm mənim, həm də digər oyunçular üçün asan olacaq.

- “Neftçi” Konfrans Liqasına vəsiqəni artıq təmin edib. Sizin üçün yeni sayılan bu turnirdə nəyə ümid etmək olar və bu heyəti avrokubokda uğurlu çıxış üçün yetərli sayırsız?
- Konfrans Liqasına vəsiqə qazandığımız üçün xoşbəxtik. Çünki komanda ən azı avrokuboklarda mübarizə aparacaq. Həmin vaxt mən də komandada olsam, çox sevinərəm. Ayrılsam belə, bu turnirin “Neftçi” üçün yaxşı alınacağına inanıram. Məncə, hazırkı heyət yetərlidir. Çünki komanda yüksək səviyyəli futbolçulara sahibdir. “Neftçi”yə Konfrans Liqasında uğur qazandıra biləcək təcrübəli və gənc oyunçularımız var. Komanda olaraq get-gedə daha yaxşı forma yığırıq. Düşünürəm ki, bu, özünəinam baxımından faydalı olacaq və yenidən uğurlu seriya yaxalanacaq. Futbolçular bir-birilərini çox yaxşı tanıyırlar. Bu heyət saxlanılsa, Konfrans Liqasında uğurlu çıxış etmək olar. Təbii ki, kollektivin gücləndirilməsi hər zaman onun ancaq xeyrinədir. Əminəm ki, “Neftçi” də mövsümün sonunda yeni oyunçularla güclənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR