Oqtay Abdullayev: “Klubun möhürünü özüm vermişəm, nəyimə lazımdır?”

Oqtay Abdullayev: “Klubun möhürünü özüm vermişəm, nəyimə lazımdır?”
# 20 iyul 2022 15:11 (UTC +04:00)

“Mən artıq “Turan Tovuz”un Müşahidə Şurasının sədri yox, klub prezidentiyəm”.

Bunu apasport.az saytına Premyer Liqada debüt edəcək “Turan Tovuz”un yeni prezidenti Oqtay Abdullayev deyib.

67 yaşlı mütəxəssis Tovuz rayon İcra Hakimiyyətindən komandaya lazımı dəstəyi aldıqlarını bildirib: “Tovuzun icra başçısı Məmməd Məmmədov futbolu çox sevir. Onunla işləmək rahatdır. Nə desən, kömək eləməyə hazırdır. Komanda Premyer Liqada birinci mövsümünü keçirməyə hazırlaşır. Söz-söhbət də olacaq, kənar müdaxilə də. Biz bunlara fikir vermirik, hamısı zamanla yerinə oturacaq. Bizə orada mane olan yoxdur, işimiz öz axarında gedir. Konkret tapşırıq verilmir ki, mütləq filan işi görməlisiniz. Başçı özü də deyir ki, nə lazım olsa, köməklik göstərəcəyəm. İcra başçısının işi başından aşır. Buna baxmayaraq, komanda ilə də yaxından maraqlanır”.

Abdullayev klub prezidentliyinin Müşahidə Şurasının sədri olmaqdan üstün tutur: “Bildiyiniz kimi, klublara nəzarət yerli İcra Hakimiyyətlərinə verilir. İcra Hakimiyyəti də İdarə Heyəti yaradır. İdarə Heyətində olmaqdansa, klub prezidenti kimi çalışmaq daha yaxşıdır. Çünki belədə komandaya daha yaxın oluram”.

Veteran futbolçu vaxtının çoxunu Bakıda keçirdiyi üçün klubun möhürünün onda olmadığını sözlərinə əlavə edib: “Klubun möhürünü məndən heç kim almayıb. Sadəcə, özüm vermişəm, müvəqqəti olaraq Tovuz rayon Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərovdadır. Çünki o adam Tovuzdadır. Bakıda möhür nəyimə lazımdır ki, yanımda saxlayım? Möhür sənədlər üçün lazımdır. İndi bütün ödəmələr də onlayn olur”.

Qeyd edək ki, “Turan Tovuz” Premyer Liqanın 2022/23 mövsümünün ilk turunda “Qəbələ”ni qəbul edəcək. I turun matçları avqustun 5-7-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR