“Qarabağ” İrlandiya çempionu ilə qarşılaşacaq

“Qarabağ” İrlandiya çempionu ilə qarşılaşacaq
  • Clock-gray 00:31
  • calendar-gray 24 İyul 2019

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirəcək.

APA-nın məlumatına görə, Ağdam klubu Çempionlar Liqasının II təsnifat mərhələsində ilk matçına çıxacaq.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İrlandiyanın “Dandolk” klubu ilə üz-üzə gələcək. “Qarabağ” birinci oyunu səfərdə keçirəcək.

Cari mövsüm qol buraxmayan ağdamlılar uğurlu seriyanı İrlandiyada davam etdirməyə çalışacaq. Albaniya “Partizani”sini yolundan kənarlaşdıran (0:0, 2:0) Q.Qurbanovun yetirmələri eyni aqibəti “Dandolk”a yaşatmağa köklənib.

Ardıcıl 5 dəfə avrokubokların qrupunda oynayan “Qarabağ” 6-cı uğuruna doğru növbəti addımı atmaq üçün İrlandiyadan sərfəli nəticə ilə dönməlidir. Səfərdə məğlub olmamaq çempionunun işinə yaraya bilər.

Yeddiqat ölkə çempionu ilk raundda Latviya “Riqa”sını penaltilərlə məğlub edən ada təmsilçisi ilə görüşün favoritidir. Bir həftə sonra Bakıda keçiriləcək matç öncəsi bunu Dandolkda da təsdiqləməlidir.

Qeyd edək ki, bugünkü qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyun
24 iyul
22:45. “Dandolk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Bartoş Frankovski
Baş hakimin köməkçiləri: Marçin Bonyek, Yakub Vinkler
Dördüncü hakim: Daniel Stefanski (hamısı Polşa)
Hakim-inspektor: Peter Froydfeldt (İsveç)
UEFA nümayəndəsi: Şarl Şaak (Lüksemburq)
Dandolk. “Oriel Park” stadionu

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date