Qurban Qurbanov: “Real” kimi nəhəng kluba səfərdə 2 qol vuran komanda idi"

Qurban Qurbanov: “Real” kimi nəhəng kluba səfərdə 2 qol vuran komanda idi"
# 13 avqust 2019 23:09 (UTC +04:00)

“Əfsuslar olsun ki, məğlub olduq. Qələbə qazanmağı çox istəyirdik”.

APA-nın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının III təsnifat mərhələsində Kipr APOEL-i ilə qarşılaşan Azərbaycan çempionu səfərdə 2:1 hesabı ilə qalib gəlsə də, doğma arenada 0:2 hesabı ilə məğlub olaraq, Avropa Liqasının pley-offuna yuvarlanıb.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Q. Qurbanov bildirib ki, futbolda bəzən düşünmədiyin nəticələr olur: "Qapımızda qol epizodu da yox idi. Bir penalti, bir də vurulan qol. Bizim üçün bir neçə imkanımız oldu, istifadə edə bilmədik. Həyəcan var idi, bu da normaldır. Çempionlar Liqasında davam etməyi çox istəyirdik. Bəzən həddən artıq zəif oyunla, bəzən də güclü oyunla məğlub olursan. Bu bizim işimizdir. Azarkeşləri məyus yola saldığımız üçün üzüldük”.

Çalışdırıcı “Qarabağ”ın baxımlı oyun göstərməməsinə də aydınlıq gətirib: "Bəlkə biz fərqli baxırıq. İtiriləcək heç nə yox idi. Pressinq edən komandaya qarşı səhvlərimiz çox oldu. Amma heç də pis oynamadıq. Heç nədən qol epizodları verdik. Açığı, mən razı qaldım. 0:2-dən sonra dəyişikliklər edirsən, istər-istəməz sistem pozulur".

O, Slavçevin əvəzinə Kintananı meydana tez salmamasından da danışıb: "Slavçev aktiv idi. İkinci qoldan sonra dəyişiklik etdik. Nə tez, nə də gec dəyişiklik etmək olar. Çalışdıq oyunun gedişatına görə addım ataq. İki oyunçumuz - Bədavi və Ozobiç zədəli idi. Əvvəldən 2 transfer fikrimizdə var idi. Amma bunları reallaşdıra bilmədik. Onlar sağlam olsaydı, variantımız daha çox olardı".

Q. Qurbanov bildirib ki, Avropa Liqası matçı üçün çempionat oyununun ertələnməsi üçün PFL-ə müraciət etməyi düşünürlər: "Çempionat oyununa hazırlaşmaq üçün vaxtımız çox azdır. Təxirə salma yox, oyunun bəlkə bir gün sonraya salınması üçün müraciət etdik".

Baş məşqçi APOEL-in onu təcrübəsi ilə təəccübləndirdiyini də vurğulayıb: "Buna da təəccüblənmək demək düzgün olmaz. İllərdi avrokuboklarda çıxış edirlər. Onların Avropa təcrübəsi çoxdur. “Real” kimi nəhəng kluba səfərdə 2 qol vuran komanda idi. Narahatlığım o idi ki, həddən artıq istəkli olacaqlarını bilirdik. Ancaq yenə də xeyli sayda qol şansları yaratdıq. Futbol təəccüblərlə doludur. Məğlub olmuşuqsa, rəqibi təbrik etməliyik. Texniki səhvlər idi. Almeydanın bilə-bilə sarı aldığını demək olmaz. Məşqçi heyəti, rəhbərlik olaraq futbolçuların yanında olmalıyıq. Bu vəziyyətdən bir yerdə çıxmalı, həm çempionat, həm də Avropa Liqasının pley-offuna hazırlaşmalıyıq".

O, hakimliklə bağlı bəzi epizodlarda narazılığımız olduğunu da söyləyib: "Sanki əks qərar verməli idi. Ancaq bu barədə təkrara baxdıqdan sonra düzgün fikir bildirmək olar. Ümidli olmalıyıq. Hər rəqibə qarşı məsuliyyətlə çalışmalı və işimizə ciddi yanaşmalıyıq. Ciddiyyət olan yerdə qalibiyyət gələcək. İllərdi bir yerdəyik. Pis və yaxşı xatirələrimiz olub. Ümidimizi itirməməliyik. Futbolçularıma güvənirəm və daha yaxşı olacaqlarını düşünürəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR