Regekampf: "Bu gündən istədiyimiz komandanı qurmağa başlayırıq" - MÜSAHİBƏ

Laurentsiu Regekampf

© APA | Laurentsiu Regekampf

# 22 iyun 2022 18:45 (UTC +04:00)

“Neftçi” yeni baş məşqçisi Laurentsiu Regekampfı ictimaiyyətə təqdim edib.

Apasport.az saytı xəbər verir ki, tədbir “Bakcell Arena”nın konfrans zalında baş tutub.

47 yaşlı rumıniyalı çalışdırıcı Bakı klubunun sükanı arxasına keçməsini dəyərləndirib: “Bu gündən yeni komandada işə başlayırıq. Konfrans Liqasında uğurlu çıxış etməyə və Premyer Liqada titul qazanmağa çalışacağıq. Bilirik ki, çətin olacaq. Amma həyatda asan heç nə yoxdur”.

- Avrokubok matçına bir aydan az vaxt qalıb. Bu qısa müddət sizə kifayət edəcək?

- Əlbəttə ki, qarşımızda az vaxt var. Eyni zamanda, milli komandanın üzvləri də hələ bir neçə gündən sonra bizə qoşulacaqlar. İyulun 1-dən təlim-məşq toplanışına başlayacağıq. Bütün oyunçularımız orada bir yerdə olacaq. Bura gəlməmişəm ki, vaxta görə şikayət edim. Vaxtla bağlı həmişə şikayətlər olub. Çünki zaman sürətlə keçir. Əminəm ki, Konfrans Liqasındakı ilk oyuna qədər tam hazır olacağıq. Bu gündən istədiyimiz komandanı qurmağa başlayırıq. Biz tərəfdən bu haqda məlumatlar alacaqsınız.

- "Neftçi"nin azarkeşləri tələbkar olur. Bu təzyiq altında çalışmaq çətin olmayacaq?

- Bu mənim üçün problem deyil. Çünki bütün komandalarda təzyiq altında işləmişəm. Onları başa düşürəm, yeni gələn məşqçinin komandaya uğur qazandırmasını istəyirlər. Bu təzyiqi özümə motivasiya kimi qəbul edirəm və oyunçularımı ayıltmaq üçün istifadə edəcəyəm. Azarkeşlər daim yanımızda olsunlar, bizi dəstəkləsinlər və təzyiq etsinlər. "Neftçi" ölkənin ən tanınmış klubudur.

- Rumıniya mətbuatında yayılan məlumata görə, aylıq məvacibiniz 40 min avro olacaq. Eyni zamanda, transferlər üçün istədiyiniz qədər büdcə ayrılacaq?

- Müqavilə klubla aramızda olan mövzudur və bu haqda heç yerdə danışmıram. Maliyyə mövzusu hamını maraqlandırır. Amma bu məqalə həqiqəti əks etdirmir. Pul heç də hər şey demək deyil. İnanın ki, pul mövzusu olsaydı, bu gün burada olmayacaqdım.

- Yaşınız az olsa da, çox klub dəyişmisiniz. Bu uğursuzluğun səbəbi nə idi?

- Deməzdim ki, çox komanda dəyişmişəm. "Styaua"da böyük uğurlarım olub. Çempionlar Liqasının formatı dəyişdikdən sonra həmin komandanı qrup mərhələsinə daşıyan ilk məşqçiyəm. Həmçinin qrupdan da çıxarmışam və növbəti mərhələdə "Ayaks"a qalib gəlmişik. Ondan sonra Səudiyyə Ərəbistanına getdim. Orada uğursuzluğum o oldu ki, yaponiyalı hakim Çempionlar Liqasının finalında 4 təmiz penaltimizdən birini vermədi. "Al-Vasl"a getməyim mən tərəfdən o qədər də yaxşı olmadı. Ora bir dostumun dəvəti ilə getdim. İki prezident arasında gedən kiçik "müharibənin" qurbanı oldum. Oradan Rumıniyaya qayıtdım, "Universitatya Krayova"nı çalışdırdım. Qarşıma qoyulan məqsəd ilk ildə Konfrans Liqasına vəsiqə qazanmaq, ikinci ildə çempion olmaq idi. Rəhbərliklə görüşdən sonra əmin oldum ki, qoyduqları məqsədə uyğun dəstək olmayacaq. Ona görə qərara alındı ki, klubdan ayrılım. Konfrans Liqasında oynayan komandanın baş məşqçisi olmağa layiqəm. Azərbaycana açıq ürəklə gəlmişəm. İnanıram ki, bu yolun sonunda uğur qazanacağıq.

- Sırf emosiya və döyüşkənlik baxımından komandanı qısa müddətdə avrokuboklara hazırlaya biləcəksiniz?

- Mənim istəyim də budur. Söz verirəm ki, bunu əldə etmək üçün əlimdən gələni edəcəyəm. Bu mənim işimdir, həyatımın bir hissəsidir. Özümü hər gün hazırlayıram. Hətta deyə bilərəm ki, eyni səviyyəni daim qorumaq elə də asan deyil. Hər gün üzərində çalışmalı və hər bir çağırışa hazır olmalısan. Oxumalısan, futboldakı yenilikləri bilməlisən.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR