Şahin Diniyev: Çox legioner istəmirəm - MÜSAHİBƏ

Şahin Diniyev: Çox legioner istəmirəm - MÜSAHİBƏ
# 08 iyun 2023 13:01 (UTC +04:00)

“Səbail”in baş məşqçisi Şahin Diniyevin apasport.az saytına müsahibəsi

- “Səbail” əksər legionerlərlə yollarını ayırdı. Onlar istəniləni vermirdi?

- Dəyişikliyə ehtiyac var idi. Nəinki legionerlər, yerlilərdən də bir çoxu getdi. Komanda axırıncı yerdə gedirdisə, nəyisə dəyişmək lazım idi. Deməzdim ki, gedənlər pis futbolçulardır. Sadəcə çox istədim ki, öz komandamı yığa bilim, istədiklərimi də onlardan alım. Bunun üçün dəyişikliklərə mütləq ehtiyac var idi. Yeni nəfəs, yeni qan lazım idi ki, mən də onu etməyə çalışdım.

- Son mövsümdəki legionerlərdən yalnız David Qomis qalacaq? Matiya Lyuyiçi “Uypeşt”dən yenə icarəyə götürəcəksiniz?


- Qomisin müqaviləsi var, qalır. Lyuyiçin isə icarə müqaviləsi bitdi, o, “Uypeşt”ə məxsusdur. İyunun 20-də klubu ilə görüşüb, yeni baş məşqçisi ilə danışdıqdan sonra bizə cavab verəcək. Təbii ki, Lyuyiçin də komandada qalmasını istəyərdim. Maksim Çexi də buraxmaq istəmirdim. İcarə müddəti başa çatdı, “Şaxtyor”a məxsus olduğu üçün geri qayıtdı. Bu klubla yeni müqavilə imzalayacaq. Yəqin ki, “Səbail”ə qayıtmaq şansı olmayacaq.

- Yeni mövsüm avrokuboklar uğrunda mübarizə aparan “Səbail” görəcəyik?

- Əlbəttə ki, yuxarı yerlər uğrunda mübarizə aparmağa çalışacağıq. Amma bu dəqiqə nəyəsə zəmanət vermək düzgün deyil. Daha güclü olmağa çalışacağıq. Mövsümə başlamağımızdan, çempionatın gedişindən də çox şey asılı olacaq. Ona uyğun hərəkət edəcəyik. Rəhbərlik də bunun üçün hər bir şansı verib. Vaxt azdır. Çünki komandanı yaratmaq üçün vaxta ehtiyacımız var. O sarıdan azca çətinliyimiz var.

- ASCO-nun rəhbəri Rauf Vəliyevlə görüşünüz oldu? Rəhbərliyin istəyi nə oldu?

- Bəli, klub prezidenti ilə görüşdük. Müşahidə Şurası, həm İdarə Heyəti ilə birlikdə iclas var idi. Orada fikirlərimizi bir-birimizə çatdırdıq. Düşünürəm ki, ümumi dil tapdıq və komanda yaratmaq yolunda elə yolumuz da açıqdır. Hansısa böyük komanda olacağını deməzdim, amma yaxşı futbol oynayan kollektiv yaradacağıq. “Qarabağ”, “Neftçi”, “Sabah” kimi komanda yox. Lakin yaxşı futbol göstərəcəyik.

- “Qarabağ” və “Neftçi” kimi klublardan oyunçu transfer etmək və ya icarəyə götürməyi planlaşdırırsınız?

- Yerli futbolçuların hamısının müqaviləsi var. Yaxşı futbolçu gətirmək çox çətindir. Yaxşı yerli futbolçular həmişə “Qarabağ”, “Neftçi”, “Sabah”, “Zirə” və “Qəbələ”də toplaşır. Biz də istəyirik ki, ən yaxşılarını götürək və o yolda addımlarımız davam edir. Komandamızın qurulmasını üç mərhələyə bölmüşəm. Birinci mərhələ komandadan gedənləri müəyyənləşdirib, onlarla vidalaşmaq idi. Sonrakı mərhələ yerli futbolçuları tapıb, onlarla danışıq aparmaq və komandaya cəlb etməkdir. Üçüncü mərhələ isə yerli futbolçuları cəlb etdikdən sonra boş qalan mövqelərə uyğun legionerlər axtarmağa çalışacağıq. Birinci mərhələni başa vurmuşuq, ikinci mərhələnin ortasındayıq, yerlilərlə tam məsələ bitməyib. Hansı boş mövqelərimiz qalsa, oranı legionerlərlə dolduracağıq.

- Legionerlər çox olacaq?

- Çox legioner istəmirəm. Qomislə bərabər 7-8 legionerimiz olacaq. Əcnəbilərin gəlib ehtiyatda oturmasını istəmirəm. Rəqabətə dayanıqlı kollektiv yaratmağa çalışacağıq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR