“Sumqayıt” BATE-nin sabiq baş məşqçisinə tapşırılıb

“Sumqayıt” BATE-nin sabiq baş məşqçisinə tapşırılıb
# 30 dekabr 2021 11:27 (UTC +04:00)

“Sumqayıt”ın yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.

Bir müddət əvvəl Ayxan Abbasovla yollarını ayıran “Gənclik şəhəri” təmsilçisini Aleksey Baqa çalışdıracaq. "Pro" kateqoriyalı 40 yaşlı belaruslu mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.

Baqa məşqçi karyerasına futbolçu kimi şərəfini qoruduğu BATE-də başlayıb. O, 2011-18-ci illərdə Borisov təmsilçisində köməkçi məşqçi vəzifəsində çalışıb. 40 yaşlı mütəxəssis 2018-ci ildə baş məşqçi kimi komandanın sükanı arxasına keçib və həmin ildə komandanı Belarus çempionu edib. Növbəti mövsümdə Avropa Liqasında 1/16 final mərhələsinə kimi irəliləyən BATE həmin mərhələdə İngiltərə “Arsenal”ına məğlub olaraq, mübarizəni dayandırıb. Baqa məşqçi karyerasında “Jalgiris” ilə 2020-ci ildə Litva çempionu olub. Qazaxıstanın “Aktobe” (Qazaxıstan) klubunu da çalışdırmış mütəxəssis 2021-ci ildə isə “Şaxtyor” (Soliqorsk) ilə Belarus çempionu adını qazanıb.

Qeyd edək ki, Aleksey Baqa futbolçu karyerası dönəmində BATE (Borisov, Belarus), “Dauqava” (Dauqavpils, Latviya) və “Dinamo” (Brest, Belarus) klublarının şərəfini qoruyub. BATE ilə 2 dəfə Belarus çempionu (2002; 2006), 1 dəfə isə kubokun qalibi (2005/06) olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR