Syerra-Leonedə 2 oyunda 187 qol vurulub, araşdırma başlayıb

Syerra-Leonedə 2 oyunda 187 qol vurulub, araşdırma başlayıb
# 06 iyul 2022 14:17 (UTC +04:00)

Syerra-Leone Futbol Assosiasiyası 91:1 və 95:0 hesablı bitən oyunlarla bağlı araşdırmaya başlayıb.

Apasport.az saytının məlumatına görə, bu nəticələr yüksək liqaya vəsiqə uğrunda pley-off görüşlərində qeydə alınıb.

Son tur öncəsi “Qalf” və “Kaxunla Reyncers” eyni xala malik olub. Axırıncı matçda isə “Qalf” “Kokimu Livan”ı 91:1, “Kaxunla Reyncers” isə “Kokimu”nu 95:0 hesabı ilə məğlub edib. Bunlar Syerra-Leone futbol tarixinin ən böyükhesablı qələbələri olsa da, nəticələr ləğv edilib. Maraqlıdır ki, qarşılaşmaların ilk hissəsində müvafiq olaraq 2:0 və 7:1 hesabı qeydə alınıb. Hətta oyunlardan birinin baş hakimi ikinci hissəni idarə etməkdən boyun qaçırdığı üçün əvəzlənib.

Hər iki nəticə oyunların öncədən danışılması şübhəsi ilə ləğv olunub. Syerra-Leone Futbol Assosiasiyası hadisə ilə bağlı dörd klubun hər birinin oyunçuları, nümayəndələri, eləcə də hakimlərlə bağlı araşdırma aparılacağını açıqlayıb.

Assosiasiya rəhbəri Tomas Deddi Brima bunu biabırçılıq adlandırıb: “Biz dayanıb belə biabırçı vəziyyətin cəzasız qalmasına göz yuma bilmərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR