UEFA Çempionlar Liqasının formatını dəyişib

UEFA Çempionlar Liqasının formatını dəyişib
# 10 may 2022 17:33 (UTC +04:00)

2024/25 mövsümündən etibarən Çempionlar Liqasının formatı dəyişəcək.

Apasport.az saytının məlumatına görə, UEFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında yarışın formatında yeni dəyişikliklər təsdiqlənib.

İslahatlar çərçivəsində əsas dəyişiklik hazırkı formada olan 32 komandadan ibarət qrup mərhələsinin ləğv edilməsidir. 2024/25 mövsümündən etibarən qrup mərhələsi əvəzinə 36 klubdan ibarət vahid liqa olacaq.

Eyni zamanda, oyunların sayı əvvəlcədən planlaşdırılandan az olacaq. Qitə futbol qurumu 2024-cü ildən İsveçrə sisteminə uyğun olaraq Çempionlar Liqasında qrup matçlarının sayını 10-dan 8-ə endirməyə razılıq verib.

Həmçinin, UEFA əmsallar planından imtina edəcək və indiki kimi, beş mövsüm ərzində komanda əmsallarını əsas götürməyəcək. Yəni 2024-cü ildən əvvəlki mövsümün ən yaxşı iki ölkəsinə əlavə yer veriləcək. Bir yer reytinqdə 5-ci olan milli assosiasiyanın çempionatında üçüncü pilləni tutacaq kluba ayrılacaqsa, “Çempionlar Yolu”ndan qrupa yüksələn komanda sayı da 4-dən 5-ə artırılacaq.

Səkkiz turdan ibarət liqa mərhələsi başa çatdıqdan sonra ilk 8 yeri tutan komandalar 1/8 finala yüksələcək. 9-24-cü yerin sahibi olan 16 komanda isə pley-offda 1/8 finala son 8 vəsiqə üçün mübarizə aparacaq.

Avropa Liqası və Konfrans Liqası da eyni formatda təşkil olunacaq. Hər iki turnirdə 36 komanda mübarizə aparacaq. Lakin Avropa Liqasında 8, Konfrans Liqasında 6 tur oynanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR