Vaqif Sadıqov: “Qarabağ” yox, “Lex” düşünsün”

Vaqif Sadıqov: “Qarabağ” yox, “Lex” düşünsün”
# 14 iyun 2022 16:51 (UTC +04:00)

“Qarabağ” nə qədər güclü rəqiblə düşür-düşsün, avrokuboklarda ən yaxşı oyunlarını keçirir. Bu gün çempionumuz o səviyyədədir ki, rəqib seçməyə ehtiyacı yoxdur”.

Bunu apasport.az saytına açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.

63 yaşlı mütəxəssis Azərbaycan çempionunun ilk dueldə “Lex”ə rəqib olmasından narahatlıq keçirmir. Təcrübəli məşqçi Ağdam təmsilçisinin bu səddi keçəcəyinə əmindir: “Qarabağ”ın gücünə inanırıq, onlar da həm daxili çempionatda, həm də avrokuboklarda bunu sübut etməyi bacarıb. “Qarabağ” rəqibin kimliyindən asılı olmayaraq, həmişə öz simasını qoruyub saxlayır. Püşkatmadan əvvəl ola bilsin ki, ayrı rəqib gözləyirdik. Əminəm ki, “Qarabağ” “Lex”lə matçlarda da azarkeşlərini sevindirəcək”.

Vaqif Sadıqov hesab edir ki, püşkün nəticəsindən “Qarabağ” yox, “Lex” narahat olmalıdır: “İki il əvvəl “Legiya” Polşa çempionu olanda “Qarabağ” onları Varşavada 3:0 məğlub etmişdi. Düşünürəm ki, təmsilçimiz üçün indi yalnız ad dəyişib. Rəqib yenə Polşa çempionudur. Yəni “Qarabağ” yox, “Lex” düşünsün. Çünki püşkatmada ən güclü komandalardan birinə rəqib olublar”.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 5-6-da, cavab görüşləri isə 12-13-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR