Vəli Qasımov: “Çətin də olsa, iş gedir”

Vəli Qasımov: “Çətin də olsa, iş gedir”
# 21 aprel 2022 15:30 (UTC +04:00)

“Üç aydan çoxdur burdayam. Çətin də olsa iş gedir”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan futbolunun veteranı Vəli Qasımov deyib.

Şamaxı futbol məktəbinin koordinatoru olan Qasımov Şamaxı stadionuna təşkil olunan media turda iştirak edən jurnalistlərin suallarını cavablandırıb, arena və klub barədə danışıb: “Burada futbol və güləşə maraq olub. Bu gün də futbola olan maraq artıb. Əvvəl region səviyyəsində olub. Hər məşq zamanı yeni uşaqlar qoşulur. Artıq 150-dən çox uşaq məşq keçir. Onlara baxmaq da çətindir. Amma iş gedir. Balacalar artırır, orta yaş qruplarında bir az əziyyət çəkir. Amma 100 faiz Şamaxıdan futbolçu çıxacaq”.

Gənc istedadların tapılması üçün Şamaxıda qalan mütəxəssis görülən işlərdən də bəhs edib: “Özüm Şamaxıda qalıram. Ailəm Bakıdadır. Mənim əsas işim burda olduğundan Şamaxıdayam. Burada yerli üç məşqçi və bir inzibatçımız var. D kateqoriyasına malikdirlər. Gələcəkdə davam edəcəklər. Bizdə məqsəd futbola maraqdır. O da artıb. İlk oyunu azarkeşlər gözləyirdilər. Növbəti matçda da stadion dolacaq. Burda futbol çox sevilir. Yaş qruplarına gəlincə, 5-6 yaşından 13 yaşadək oyunçular var. Hələ onları qruplara bölməmişik. Maraq böyük olduğundan hər məşqə çox sayda uşaq gəlir. Məktəblərdə seleksiya işi aparmışıq, turnirlər keçirmişik. Orda fərqlənən uşaqları məşqlərə cəlb edirik. Bu gün burada 6 yaşdan 13 yaşadək olan oyunçuları məşq etdirməliyəm. Sabah barədə deyə bilmərəm. Əvvəlki “Keşlə”nin aşağı yaş qruplarından olan uşaqların necə olacağını orda çalışanlar
bilər”.

Qasımov süni örtüyün futbolçu yetişdirməyə mane olmayacağına əminliyini gizlətməyib: “Mən özüm uşaq vaxtı asfalt, taxta üzərində oynamışam. Heç belə şərait yox idi. Süni meydan öyrətmək üçün yaxşıdır. Asfaltda öyrətmək alınmır. Xalçanın üstü rahatdır. Zədələr süni örtüklə bağlı deyil, yüklənmə ilə əlaqədardır. Çox yüklənəndə zədələr də olur. Hər yaş qrupunu düzgün məşq etdirəndə heç bir ziyanı yoxdur. Yaşdan asılı olaraq vaxtı saatı var. Məsələn, uşağa bir gün 20 kiloqram qaldırmağa məcbur etsən, ikinci gün zədələnəcək. Saatyarımdan artıq məşq etdirmək olmaz. Bu da zədəyə səbəb ola bilər. Kross qaçmaq köhnə vaxtlarda qalıb. Mən uşaq ikən o qədər qaçmışam ki... Bu gün hər şey topladır. Sürəti topla, topsuz da qaldırmaq olar. İndi az futbolçular var ki, 30-40 metr qaçsın. 3-4 metr qaçıb sağa, sola, arxaya, qabağa ötürmə verirlər. 4-5 yaş qrupu üzrə təxminən 150 uşaq var. Kiçiklər daha çoxdur. 14-15 yaşlı uşaqlar da gəlir, lakin onları qəbul etmirik. Hərdən şərait yaradırıq ki, gəlib oynasınlar. Rayon üçün yaxşı olan 14-15 yaşlılar var ki, bəzilərini çağırıb məşq etdiririk. Bu gün planda yoxdur ki, onları komandaya götürüb məşq keçək. Futbolu gərək sevəsən. Mən uşaqlıqdan xəstəsi olmuşam. Bu gün Azərbaycan futbolunda böyük problemlər var. Bu rayonlara və kiçik uşaqlara aiddir. İstəyirəm ki, uşaq futbolu qalxsın və gələcəkdə yaxşı futbolçular olsun. Hələlik seleksiya işi yalnız Şamaxı ilə bağlıdır. Lakin gələcəkdə planda var ki, yaxın rayonları da əhatə etsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR