AVRO-2020-nin 7 ev sahibində koronavirus aşkarlanıb

AVRO-2020-nin 7 ev sahibində koronavirus aşkarlanıb
# 27 fevral 2020 17:24 (UTC +04:00)

Bu ilin iyun-iyul aylarında Avropa çempionatına ev sahibliyi edəcək ölkələrin yarıdan çoxunda koronavirus sürətlə yayılmaqdadır.

Apasport.az saytının məlumatına görə, turniri qəbul edəcək 12 müxtəlif ölkənin 7-də bu fakt rəsmən təsdiqlənib.

Bunlar İngiltərə, Almaniya, Danimarka, İspaniya, İtaliya, Rumıniya və Rusiyadır. Bu baxımdan İtaliyada vəziyyət daha pisdir. A qrupuna Azərbaycanla birlikdə ev sahibliyi edəcək italyanlarda artıq 450-dən çox yoluxma aşkarlanıb və 12 nəfərin öldüyü açıqlanıb.

Digər 5 ölkədə - Azərbaycan, Şotlandiya, İrlandiya, Hollandiya və Macarıstanda koronavirus faktı aşkarlanmayıb.

AVRO-2020-nin qrup mərhələsinin 3 oyunu (13 iyun: Uels - İsveçrə, 17 iyun: Türkiyə - Uels, 21 iyun – İsveçrə - Türkiyə) Bakı Olimpiya Stadionunda keçiriləcək. Adıçəkilən komandaların İtaliya ilə görüşü isə Roma şəhərində oynanılacaq.

Qeyd edək ki, UEFA-nın vitse-prezidenti Mişel Uva koronavirusun qarşısının alınmayacağı təqdirdə, AVRO-2020-nin keçirilməmə ehtimalının yaranacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR