Asif Məmmədov: “Çempionatımızda bir oyuna baxırdım, yuxu tutub yatmışam” - MÜSAHİBƏ

Asif Məmmədov: “Çempionatımızda bir oyuna baxırdım, yuxu tutub yatmışam” - MÜSAHİBƏ
# 22 dekabr 2020 16:45 (UTC +04:00)

“Qəbələ” klubunun vitse-kapitanı Asif Məmmədovun apasport.az saytına müsahibəsi

- Azərbaycan Premyer Liqasının XII turunda “Qarabağ”la heç-heçə etdiniz (1:1). Halbuki sizə heç kim şans vermirdi. Özünüzün buna inamınız nə qədər idi?
- Digər oyunlara necə, bu matça da o formada hazırlaşmışdıq. “Qarabağ” çempionatın ən güclü komandalarından biri olsa da, məqsədimiz xal qazanmaq idi. Bu mənada heç-heçəni uğurlu nəticə saymaq olar.

- Hesabda geridə olarkən meydanda 10 nəfərlə qalmışdınız. Həmin anda məğlubiyyətlə barışmışdınız?
- Unutmayaq ki, qarşımızdakı komanda da “Qarabağ” idi. Desəm ki, 10 nəfərlə qaldıqdan sonra bu cür düşünmürdüm, yalan olar. “Qarabağ”a qarşı hətta 11 nəfərlə oynayanda da çətinlik olur. Təsəvvür edin ki, azlıqdasan, hesabda geridəsən və oyun üstünlüyü də rəqibdədir. Belə məqamda dediyiniz düşüncəyə qapılmamaq mümkün deyil. Amma futbolda belə hallar olur. Nəinki futbolda, ümumiyyətlə, həyatda gərək tam ruhdan düşməyəsən. Hətta matçın sonlarında uşaqlara dedim ki, 5-10 dəqiqə vaxt qalıb, axıra qədər oynamaq lazımdır.

- Rövlan Muradov iki dəqiqə ərzində iki sarı vərəqə alaraq meydandan qovuldu. Həmin epizodlarda baş hakim Rauf Cabarov haqlı idimi?
- Mənə görə, Rövlana göstərilən birinci sarı vərəqə verilməyə bilərdi. Həmin vaxt hakimlə mübahisəm də oldu. Oyun epizodu idi, təhlükəli mövqedən cərimə zərbəsi təyin elədi. Kobudluq vardı, amma sarı vərəqəlik deyildi. Soruşanda ki, sarı vərəqəni niyə göstərdin, referi cavablandırdı ki, rəqib oyunçu təkbətək çıxırdı. Dedim ki, təkbətək çıxırsa, qırmızı verməlisən də, sarı niyə verirsən? Bildiyim qədərilə sonuncu ümid foulu qırmızı vərəqədir. Elə dəhşətli epizod da deyildi heç. Amma ikinci epizodda hakim sarı vərəqə çıxarmaqda haqlı idi. Hakimi meydanın hansı nöqtəsində aldadırsan-aldat, bu, sarı vərəqədir.

- “Qarabağ”ın da çox sayda qaçırılan qol imkanı oldu. Etiraf edin ki, bəxt amili də xal qazanmağınızda rol oynadı...
- Bəli, bəxt amili rol oynadı. Amma qapıçımız Anar Nəzirovun əziyyətini dəyərləndirməmək olmaz. Sağ olsun, möhtəşəm qurtarışları ilə komandaya çox kömək elədi.

- Məhdud büdcə və heyətə baxmayaraq, “Qəbələ” əsasən hücum futbolu sərgiləyir. Bu taktika riskli deyil?
- Baş məşqçimizin tələbi belədir. Bizim uduzduğumuz oyunlar da maraqlı alınır, baxan tamaşaçı həzz alır. Çünki cansıxıcı futbol oynamırıq. Keçən dəfə öz çempionatımızda bir oyuna baxırdım, yuxu tutub yatmışam. Dostum Səlahət Ağayevə də dedim ki, filan matça baxırdım, oturduğum yerdə yatmışam. Soruşdum ki, bizim oyunumuz da kənardan belə görünür? Oyunun içində olanda öz matçından xəbərin olmur. Sözümün canı odur ki, biz qələbə qazananda da, uduzanda da hücum futbolçu göstəririk. Arxada oturmaq bizlik deyil, baş məşqçimiz ancaq hücum oyunu tələb edir.

- Hər oyunda kifayət qədər qol şanslarınız olur. Bu mövsüm hücumda kəsərli olsaydınız, “Qəbələ” hazırda neçənci pillədə qərarlaşardı?
- Fikrimcə, ikinci yerdə olardıq. Elə adicə “Qarabağ”la görüşdən əvvəlki qarşılaşmalara nəzər yetirək. “Neftçi”yə 1:4 hesabı ilə məğlub olduğumuz oyunun ilk 30 dəqiqəsində 3-4 real imkanımız oldu. Hətta hesab 3:0 olarkən 1 top vurduq, daha 2-3 yüz faizlik şansı qaçırdıq. Keçən dəfə uşaqlarla öz aramızda bunun müzakirəsini aparırdıq. Üç oyunda 10 yüz faizlik qol şansımız olub.

- Bu, təcrübəsizlikdən, yoxsa səriştəsizlikdən irəli gəlir?
- Mən bəxtsizliklə əlaqələndirərdim. Məsələn, “Sumqayıt”la görüşdə Rafael Utriq boş qapıya zərbə vurmağa hazırlaşarkən top ayaqlarının arasından keçdi. Boş qapıya düşmək üçün nə təcrübə, nə də əlavə istedad lazımdır. Bu, yalnız bəxtsizlikdir.

- İki gündən sonra ilin son matçında “Səbail”lə qarşılaşacaqsınız. Koronavirusla bağlı problemlər səngimədiyi bir vaxtda qısa müddətdə ardıcıl iki matça çıxmaq futbolçulara çətinlik yaratmır?
- Təbii ki, çətin olacaq. Bizdə 7-8 futbolçu bu bəlaya yoluxmuşdu, sağalandan sonra məşqdə təngnəfəs olurdular. Futbolçu 3-4 gün məşq buraxanda özünə gəlməsi üçün 5-10 gün vaxt lazım olur. Koronavirusa yoluxan oyunçu isə 14 gün kənarda qalır, üstəlik, xəstəliklə savaşır. Çətin olsa da, işimiz budur. Təkcə bizim komandada yox, “Səbail”də də, həmçinin digər bütün klublarda da eyni vəziyyətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR