Avrokubokda iştirak edəcək Azərbaycan klublarından üçü Qəbələdə, biri Şamaxıda hazırlıq keçəcək - YENİLƏNİB

Avrokubokda iştirak edəcək Azərbaycan klublarından üçü Qəbələdə, biri Şamaxıda hazırlıq keçəcək - YENİLƏNİB
# 07 iyul 2020 21:57 (UTC +04:00)

Üçü Qəbələdə, “Keşlə” Şamaxıda

Avrokubokların 2020/21 mövsümündə Azərbaycanı təmsil edəcək klubların hazırlıq planları bəlli olub.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası üzündən ölkədən kənara çıxa bilməyən klublar təlim-məşq toplanışını bölgələrdə gerçəkləşdirəcək.

Bu, Gənclər və İdman Nazirliyi sərt karantin rejiminin tətbiq edilmədiyi bölgələrdəki Olimpiya İdman Komplekslərində məşq üçün şərait yaratması sayəsində mümkün olacaq. Artıq avrokuboklarda ölkəmizi təmsil edəcək 4 klubun hər biri bölgələrlə bağlı seçimini də edib.

Çempionlar Liqasında oynayacaq “Qarabağ”, həmçinin Avropa Liqasında mübarizə aparacaq “Neftçi” və “Sumqayıt” Qəbələdə hazırlıq keçməyə qərar verib. Üç komandanın bir məkanda olması onların həm öz aralarında, həm də doğma məkanda olan “Qəbələ” ilə yoxlama oyunları keçirmək imkanı da yaradacaq.

“Keşlə” isə fərqli seçim edib. Qəbələyə yollanmaq barədə də düşünən paytaxt təmsilçisi sonda Şamaxı Olimpiya İdman Kompleksinə üstünlük verib. Lakin bakılıların da yoxlama oyunu problemi yaranmamalıdır. Onlar o qədər də uzaq məsafədə olmayan Qəbələdə hazırlıq keçən klublarla qüvvəsini sınaya biləcək.

Qeyd edək ki, avrokubokların püşkatması avqustun 9-10-da, ilk oyunları ayın ikinci yarısında baş tutacaq.

***

Saat. 15:54

2020/21 mövsümündə avrokuboklarda ölkəmizi təmsil edəcək klublar təlim-məşq toplanışını Qəbələdə keçə bilərlər.

Apasport.az saytının məlumatına görə, 4 klubdan artıq 2-si bununla bağlı müraciət edib.

Gənclər və İdman Nazirliyi sərt karantin rejiminin tətbiq edilmədiyi bölgələrdəki Olimpiya İdman Komplekslərində məşq üçün şərait yaratdığından, "Sumqayıt" və "Keşlə" Qəbələyə yollanmaq barədə düşünür.

"Sumqayıt" hətta bununla bağlı "Qəbələ" klubuna rəsmi müraciət də edib. Sadəcə, "Gənclik şəhəri" təmsilçisi bu səfərin tarixini hələ dəqiqləşdirməyib. Həmçinin "Keşlə" də "Qəbələ"nin bazasında toplanış keçməkdə maraqlıdır. "Qarabağ" və "Neftçi"dən isə "qırmızı-qaralar"a hələ müraciət edilməyib.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında, "Neftçi", "Keşlə" və "Sumqayıt" isə Avropa Liqasında mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR