Ayxan Abbasov: “Avropaya baxıb öyrənsinlər”

Ayxan Abbasov: “Avropaya baxıb öyrənsinlər”
# 11 aprel 2021 21:25 (UTC +04:00)

“Çətin oyun oldu. Belə də gözləyirdik”.

Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XXII turunda “Qarabağ”a 1:4 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.

Abbasov qarşılaşmadan sonra yenilgiyə belə şərh gətirib: “Qarşıda bizi çətin oyunlar gözləyir. Ruhdan düşmək olmaz. Bu gün isə qol epizodları yaratmağa nail olurduq. Fasiləyə bərabərliklə yollanmaq istəyirdik. Amma bu gün hakimin kobud səhvi oldu. İlk qolda Vüqar Mustafayevə qarşı kobudluq oldu, görmədilər. Hakimləri oyuna aqressiv hazırlayırlar. Xüsusən də, dördüncü hakimləri başa düşə bilmirəm. Baş məşqçiyə hərəkət etmək imkanı vermirlər. Bu gün də hakimlikdən narazı qaldıq. Avropaya baxıb öyrənsinlər. Dördüncü qolda da ofsayd var idi. Öz oyunçularımın da ötürmələrdə səhvləri oldu. Əli Qurbaninin zədələnməsi də planlarımızı pozdu. “Qarabağ” isə səhvlərdən istifadə edən komandadır”.

- Bəzi oyunçularınızın zəif təsir bağışlaması yorğunluqla bağlı idi?
- Murad Xaçayevin zədəsi var idi, amma risk edib meydana buraxdıq. Sonradan axsadı. Vüqar Mustafayevin xəstəliyi var idi, bir məşq edib oyuna çıxmışdı. Məşqi az edən futbolçuların tempə ayaq uydurmamaları normaldır.

- Qarşıdakı matçlarda heyətdə dəyişikliklər planlaşdırırsınız?
- Bütün futbolçularıma güvənirəm. Rotasiyalarımız olacaq. Qarşımıza mütləq Avropa Liqasına çıxmalıyıq məqsədi qoyulmayıb. Məqsədimiz mübarizə aparmaqdır. Bu periodda zədələnməmək önəmlidir. Bu üzdən dəyişikliklər etməyə məcburuq.

- “Sumqayıt” evdə “Qarabağ”a qarşı ən yaxşı oynayan komandalardan biridir. Bəs səfərdə bunu davam etdirməmək nə ilə bağlıdır?
- “Qarabağ” bu stadionda yaxşı çıxış edir. Statistikaya fikir verməmişəm. “Tofiq Bəhramov”da bərabərə qaldığımız vaxtlar olub. “Qarabağ” və “Neftçi”nin səviyyəsi göz qabağındadır.

- “Qarabağ”la ölkə kubokunda da üz-üzə gələcəksiniz. Bu gün həmin oyunlar üçün hansı qeydləri götürmüsünüz?
- Biz bu oyuna çox detallı hazırlaşmışdıq. “Qarabağ”, bəlkə də, çempionatın ən yaxşı komandasıdır. Həm müdafiədə, həm də hücumda pressinq edir. Kubok oyunu tam başqa olur. “Zirə” və “Qəbələ” ilə çox çətin iki çempionat oyunumuz da var. Bu gün kuboku düşünməyə vaxtımız yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR