Ayxan Abbasov: “Bizə inanmadılar, gecə gəlib testlərimizi yoxladılar”

Ayxan Abbasov: “Bizə inanmadılar, gecə gəlib testlərimizi yoxladılar”
# 20 dekabr 2020 19:13 (UTC +04:00)

"Bizi çətin oyun gözləyirdi. Çünki komandamız ağır xəstəlikdən çıxmışdı".

Apasport.az saytının məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XII turunda "Zirə" ilə keçirilən səfər oyunu barədə danışarkən deyib.

2:2 hesabı ilə başa çatan görüşü dəyərləndirən mütəxəssis komandasından razı qaldığını söyləyib: "Hesab necə olur-olsun futbolçularıma təşəkkür edəcəkdim. Bu gün xarakter göstərdilər. Açığı, heyəti qurmaqda çətinlik çəkirdim. Bəzi futbolçular dünən mənə yaxınlaşaraq, çətin də olsa, oynamaq istədiklərini dedilər. Bu məni çox sevindirdi. Bu futbolçularla fəxr edirəm. Rəhim Sadıxov, həmçinin başqa 3-4 futbolçumuz iki məşqdən sonra oyuna çıxmışdı. "Zirə"nin də gücünü bilirdik. Rəşad Sadıqov yaxşı komanda qurub. Mübariz kollektivdirlər. İşimiz çətindir. "Sabah"la görüşdən sonra komandanın toparlanması üçün fasiləni gözləyəcəyik”.

Abbasov XI turda “Qəbələ” ilə matçdan sonra səsləndirdiyi fikrində haqlı olduğunu vurğulayıb: “Qəbələ” ilə oyundan sonrakı sözlərim başqa cür başa düşüldü. Hər kəs bilsin ki, çempionatdan heç vaxt qorxmamışıq, heç bir rəqibdən də çəkinmirik. Sadəcə, həmin gecə 4-5 oyunçumuzun xəstə olduğunu, vəziyyətin pisləşdiyini dedim ki, buna tədbir görmək lazımdır. İndi də görünür ki, mən haqlıyam. Həmin həftədən sonra bütün komandalarda kütləvi yoluxma oldu. Təəssüf ki, “Sumqayıt”ı sevməyən bəzi şəxslər bunu başqa cür yozdular. Mübarizədən qorxsaydım, çətinliklərə baxmayaraq, komandanın arxasında durmazdım. Bizim öz məqsədimiz var, sona qədər də vuruşacağıq. Əvvəllər milliyə az oyunçu verdiyimiz üçün tənqid edilirdiksə, indi çox oyunçu verdiyimiz üçün günahlandırılırıq. Bilmək istəyirəm ki, bizdən nə istəyirlər? Xahiş edirəm, kimin kimlə prinsipi varsa, futbolçuların haqqına girməyək. Bu gün Aydın Bayramov kimi gənc qapıçının milliyə dəvət almasına sevinməliyik”.

“Gənclik şəhəri” təmsilçisinin çalışdırıcısı narazılığını da bildirib: “Sumqayıt” barədə çempionatda oynamaq istəmirlər kimi fikirlər səsləndirməsinlər. Biz oynamaq istəyirik. Sadəcə, koronavirus ağır xəstəlikdir və 16 oyunçumuz iki həftə məşq etmədi. İki məşqdən sonra oynamağımız barədə qərar qəbul ediblərsə, buna hörmətlə yanaşırıq. Amma təəssüf ki, “24 futbolçuları var, çıxıb oynamalıdırlar” deyənlər var. Bu, bir az ədalətli qərar olmadı. Bizim əsas komandamızda 24 oyunçu yoxdur. Əgər gəncləri nəzərdə tuturlarsa, 1-ci turdakı “Sabah” – “Zirə” oyununu təxirə salmamalıydılar. Maşallah, hamısında da 30 futbolçu var idi. “Qəbələ” ilə görüşü iki gün sonraya keçirməsəydilər, biz meydana rahat çıxacaqdıq, komanda sağlam idi. Sadəcə, obyektiv danışmaq lazımdır. Bizə inanmadılar, gecə gəlib testlərimizi yoxladılar. Problem yoxdur, canları sağ olsun. Həmişə alnımız açıq sözümüzü demişik, deyəcəyik. Heç nədən çəkinmirik. İş mənim üçün ikinci dərəcəlidir. Əsas düzgün olmaq və olanı deməkdir. Bu futbolçulara görə məsuliyyət daşıyıram. Sabah onlara nəsə olsa, birinci mənə irad tutulacaq ki, xəstə halda niyə meydana buraxmısan? İnanıram ki, “Sumqayıt” yavaş-yavaş özünə gələcək”.

Ayxan Abbasov zədədən qayıdan Əli Qurbaninin durumuna da aydınlıq gətirib: “Əli Qurbani hələ hazır deyil, ağır zədədən qayıdıb. Özü də oynamaq istəyir. Bəlkə də, bu gün onu oynatmaq riskli idi. Mən də onu qazanmaq istəyirəm. Çünki bir hücumçumuz. Oyuna pis qoşulmadı. Əslində oyunun sonu gözlədiyimin tərsi oldu. Matçın sonlarında tempi itirəcəyimizi gözləyirdim. Amma futbolçularım ağıllı oynadılar. Son 10-15 dəqiqədə nəzarət bizdə oldu, komandaya çox güc düşmədi. Əlinin formaya düşməsinə çalışırıq, Qismət olarsa, ikinci hücumçu da almaq istəyirik. Qışdan sonra millinin oyunları olacaq. Geniş heyət olmadan çətindir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR