Azərbaycan çempionatının oyunları azarkeşsiz keçiriləcək

Azərbaycan çempionatının oyunları azarkeşsiz keçiriləcək
# 10 mart 2020 17:59 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında və I divizionda növbəti iki turun oyunları azarkeşsiz keçiriləcək.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev verib.

Ümumdünya Səhiyyə Təşkilatı son günlərdə koronavirus xəstəliyinə yoluxma hallarının artmasını, virusun coğrafiyasının genişlənməsini nəzərə alaraq dövlətlər tərəfindən müvafiq preventiv tədbirlərin gücləndirilməsi, eləcə də kütləvi tədbirlərin təxirə salınması təşəbbüsü ilə çıxış edib. Virusun dünya üzrə əhatə dairəsi genişləndiyindən ölkəmizdə də müvafiq profilaktik tədbirlər gücləndirilib.

Nazirlər Kabineti yanında yaradılan Operativ qərargah mütəxəssislərilə aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək ayrı-ayrı qurumları yaxın müddətdə hər hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini isə dəyişdirməyə çağırır. Həmçinin adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma riski yüksək olduğundan və ölkəmizdə virusa qarşı aparılan mübarizəni rəhbər tutan R.Musayev I divizionun XIX, XX, Premyer Liqanın XXI, XXII turları azarkeşsiz keçirilməsi ilə bağlı əmr imzalayıb. Oyunun keçirilməsinə cavabdeh olan şəxslərin, eləcə də KİV nümayəndələrinin PFL vəsiqələrini təqdim etdikləri halda stadiona buraxılması təmin olunacaq. Əmrdən irəli gələnlərin həyata keçirilməsini meydan sahibləri təmin etməlidir.

Qeyd edək ki, III dövrənin son turu çərçivəsində martın 14-də “Qarabağ” – “Qəbələ” və “Sabah” – “Keşlə”, ertəsi gün “Sumqayıt” – “Səbail” və “Neftçi” – “Zirə” matçları baş tutacaq.

IV dövrə isə martın 21-dəki “Zirə” – “Sumqayıt” və “Səbail” – “Keşlə” qarşılaşmaları ilə başlayacaq. Ertəsi gün “Neftçi” – “Qarabağ” və “Qəbələ” – “Sabah” matçları tamaşaçısız baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR