Azərbaycan millisinin baş məşqçisi: “Məni qrup dördüncülüyü qane etməyəcək”

Azərbaycan millisinin baş məşqçisi: “Məni qrup dördüncülüyü qane etməyəcək”
# 23 fevral 2021 11:05 (UTC +04:00)

“Albaniya yığmasındakı şərtlərlə heç kim Avropa çempionatına yollanacağımızı xəyal edə bilməzdi”.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi İtaliyanın calcioosovietico.it saytına açıqlamasında deyib.

65 yaşlı mütəxəssis yığmamızın da Albaniya kimi böyük uğur qazanacağına inanır. Ancaq o, bunun üçün çox iş görməli olduqlarını düşünür: “Azərbaycan millisi ilə beynəlxalq yarışlara yeni zehniyyət və fərqli yanaşma qurmağa çalışıram. Mükəmməl imkanlar var. Bazanı genişləndirməyə, gənclərin texniki və taktiki böyüməsinə yönəlmiş iş proqramı təklif edən təlim mərkəzləri təşkil etməyə çalışmalıyıq”.

De Byazi millimizin DÇ-2022-nin seçmə mərhələsindəki şanslarını da dəyərləndirib. O, Portuqaliya, İrlandiya, Serbiya və Lüksemburq kimi rəqiblər önündə sensasiya etmək istədiklərini söyləyib: “Qrupumuza beşinci səbətdən qoşulmuşuq. Amma məni dördüncü yer də qane etməyəcək. Gücsüz olduğumuzla bağlı proqnozları alt-üst etməyə çalışmalıyıq. Bütün imkanlarımızla oynamaq əzminə və zəkasına sahib komanda olduğumuzu göstərmək istəyinə inanıram”.

O, ölkəmizdə İtaliya A seriyasına böyük maraq göstərildiyini də sözlərinə əlavə edib: “İtaliya futbolu Azərbaycanda çox populyardır. Çoxu komandalarımıza azarkeşlik edir. Tanıdığım insanlar arasında “Yuventus”, “Milan”, “İnter” və “Roma” azarkeşləri var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR