Azərbaycan millisinin qapıçısı: “Proqnozu alt-üst etmək istəyirik” – MÜSAHİBƏ

Azərbaycan millisinin qapıçısı: “Proqnozu alt-üst etmək istəyirik” – MÜSAHİBƏ
# 29 yanvar 2020 09:17 (UTC +04:00)

Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli azfutzal.az saytına müsahibə verib.

Apasport.az saytının məlumatına görə, təcrübəli qolkiper DÇ-2020-nin seçmə mərhələsinin bu gün start götürəcək elit-raundu, rəqiblər və hədəf barədə fikirlərini açıqlayıb.

- Millimizin ilk dəfə iştirak etdiyi dünya çempionatına gedən yola Xorvatiyadan başlamışdı. Komanda eyni məkanda ikinci uğuru qazanmağa hazırdır?
- Həmin uğuru təkrarlamaq mümkündür. Amma əvvəlki illərlə müqayisədə vəziyyət bir qədər fərqlidir. Əvvəllər millinin aparıcı üzvləri baza klub hesab edilən “Araz”da cəmləşmişdilər. Onda taktiki tapşırıqlar və standart vəziyyətlər üzərində daha çox işləmək üçün vaxtımız çox olurdu. İndi isə əksər futzalçılar fərqli komandaların heyətində çıxış edirlər. Artıq baş məşqçiyə tapşırıqlarını mənimsətmək bir qədər vaxt aparır. Beş il əvvəl keçirilən oyunlar zamanı da mən millinin heyətində idim. Müqayisə etsək, rəqibin heyətində daha çox dəyişikliyin olduğunu vurğulamalıyam. Demək olar, heyətlərində legioner futzalçı yoxdur. Bu baxımdan, cüzi də olsa üstünlüyümüz var və bundan maksimum istifadə etməliyik.

- Oyunöncəsi son məşqdəki vəziyyət hansısa narahatlığa əsas verdimi?
- Əhval-ruhiyyə yaxşıdır. Hamı Xorvatiya ilə oyuna köklənib. Halbuki Bakıda Özbəkistanla görüşlər zamanı yanaşma belə deyildi. Hər kəs üzərinə düşən məsuliyyəti bilir. Fikrimcə, bu cür nizam-intizam Xorvatiya ilə görüşdə nəticəsini verməlidir.

- Yanvarın 25-dən məşqlər Osiyek şəhərində keçirilir. Adaptasiya olmaq baxımından bu qədər zaman kifayət etdi?
- Əlbəttə, həm zala, həm də yerli vaxta uyğunlaşmışıq. İlk gün yol yorğunluğunu üzərimizdən atdıq. İndi qalır yaradılan şəraitin qarşılığını vermək.

- Xorvatiya ilə oyunda nələrə diqqət yetirməlisiniz?
- Baş məşqçi rəqibi analiz edib, faydalana biləcəyimiz və ehtiyatlı olmaq lazım gələn məqamları bizə çatdırıb. Təbii ki, onların hamısını açıqlamağımız düzgün deyil, amma bəzilərini deyəcəyəm. Rəqibin müdafiədən hücuma necə çıxmağını və standart vəziyyətlərdən necə istifadə etdiklərini, hansı məqamlarda diqqətli olmağımızı baş məşqçi deyib, videolarda göstərib. Nə zaman pressinq tətbiq etməli olduğumuzu, hansı boşluqlarını xeyrimizə çevirə biləcəyimizi diqqətimizə çatdırıb.

- Rəqib standart vəziyyətləri yerinə yetirən zaman qapıçının da üzərinə böyük iş düşür...
- Onların bu cür vəziyyətlərdən necə istifadə etdiklərini özüm üçün analiz etmişəm. Təbii ki, qapıçının üzərinə böyük yük düşür. Mən də oyun zamanı komanda yoldaşlarımdan mənə necə kömək etməli olduqlarını tələb edəcəyəm.

- Xorvatiya ilə matçı ən azı pley-off-a vəsiqə baxımından həlledici oyun hesab etmək olarmı?
- Məqsədimiz sırf pley-off-a vəsiqə qazanmaq deyil. Vəsiqəni birbaşa qazanmaq üçün gücümüz var və bunu dəyərləndirməliyik. Ancaq hər iki nəticə üçün bu matçı vacib görüş hesab etmək olar. Düzdür, Rusiya kağız üzərində qrupun favoriti, Xorvatiya isə ikinci yerə əsas namizəd kimi göstərilir. Biz isə bu proqnozu alt-üst etmək istəyirik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR