“Bakı”nın sabiq futbolçusu: “Axırıncı yerdəki klubdan 6 futbolçu çağırırlarsa, o yığmadan necə uğur gözləyim?”

“Bakı”nın sabiq futbolçusu: “Axırıncı yerdəki klubdan 6 futbolçu çağırırlarsa, o yığmadan necə uğur gözləyim?”
# 22 mart 2021 12:56 (UTC +04:00)

“AFFA-nı gördüyü işlərə görə tənqid etsək də, millinin oyunları zamanı təbii ki, oturub həyəcanla baxacağıq, komandamızı dəstəkləyəcəyik”.

Bunu apasport.az saytına açıqlamasında “Qarabağ” və “Bakı”nın sabiq futbolçusu Dmitri Yeremeyev deyib.

Millimizin DÇ-2022-nin seçmə mərhələsindəki şanslarını dəyərləndirən 42 yaşlı mütəxəssis uğurlu çıxışa inanmadığını etiraf edib: “Hər birimiz yığmanın qələbələrini arzulayırıq. Amma sabah məğlub olanda komandanın üstünə düşməyək. Çünki bizdə futbol yoxdur, sıfır dərəcəsindədir. Rəqabət olmayan yerdə uğur da qazanılmaz. Yığmamız yenə çıxıb vuruşacaq, hansısa komandadan 1 xal alacaq. Amma bununla da hər şey bitəcək. Açığı, seçmə mərhələdə millidən heç nə gözləmirəm. Çempionatda axırıncı yerdə gedən klubun 6 futbolçusuna dəvət göndərirlərsə, o yığmadan necə uğur gözləyim?”

İldən-ilə milliləşmənin artmasına da toxunan Yeremeyev bunun kökündə duran problemdən bəhs edib: “Hansısa ölkənin ikinci liqasında oynayan futbolçunun soyadı Azərbaycana uyğun olan kimi, onu milliləşdirməyə öyrəşmişik. Halbuki onun hansı formada, necə futbolçu olduğunu bilmirik. Kimi gəldi milliyə çağırırlar, ordan-burdan oyunçu gətirməyə öyrəşmişik. Baş məşqçi Canni de Byazi futbolçu qıtlığından şikayət edir. Bunun səbəbini gedib AFFA-nın vitse-prezidenti Elxan Məmmədovdan soruşsun. Çempionatda vur-tut elə 30 oyunçu var”.

Gənc mütəxəssisin fikrincə, milliləşdirilən futbolçular Azərbaycan yığmasına pula görə gəlirlər: “Milliləşən futbolçular bura pula görə gəlirlər. Çünki onlara yaxşı pul təklif olunur. 1 xal alsalar, 30-40 min pul qazanacaqlar. Seçmə mərhələdə cəmi bir oyunda qalib gəlsələr, onlara bəs edər. Halbuki camaat il ərzində bu qədər pul qazanmır. O milliləşənlərin başqa heç nə veclərinə deyil. Onlara pul vəd etməsələr, gəlməzlər. Bu, klub deyil, millidir. Burada pul rol oynamamalıdır. Məsələn, Dmitri Nazarov indi niyə gəlmir? Çünki belələri üçün pul hər şeydən önəmlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR