Bəxtiyar Musayev: “Elə yerimizdə saya-saya qalacağıq” – “Ofsayd”

Bəxtiyar Musayev: “Elə yerimizdə saya-saya qalacağıq” – “Ofsayd”
  • Clock-gray 14:11
  • calendar-gray 14 Fevral 2020

Öz dövrünün ən yüksək texnikaya malik futbolçuları arasında göstərilirdi. Müxtəlif illərdə 3 dəfə “Neftçi”də, eyni zamanda “Termist”, “Dinamo” (Bakı), “Turan”, MOİK, “Qarabağ”, “Şəmkir”, “Şəfa” və “Xəzər Lənkəran” kimi klubların formasını geyinib.

16 illik peşəkar karyerasına “Neftçi”nin heyətində son qoyub. 1997-2001-ci illərdə Azərbaycan millisinin də formasını geyinib.

Haqqında bəhs etdiyimiz Bəxtiyar Musayev futbolçu karyerasını bitirdikdən sonra seleksiyaçı-məşqçiliyə başlayıb, “Xəzər Lənkəran” və “Neftçi”nin ən yaxşı illərində bu klublarda çalışıb, ölkəmizə bir neçə tanınmış futbolçu gətirib.

“Ofsayd” rubrikasının qonağı olan 47 yaşlı Musayev bir çox şeyə aydınlıq gətirib, indiyədək danışmadığı bəzi məsələlərə münasibət bildirib.

“Ümid edirəm ki, dövlətimiz yenə futbolumuza əl atar”
- Hazırda nə işlə məşğulsunuz?

- Heç yerdə işləmirəm. Oyunlara baxıram, futbolçuları diqqətdə saxlayıram ki, gələcəkdə hansısa klubda işləsəm, hazır olum. Boş dayanmamağa çalışıram, proqram vasitəsilə futbolçuların göstəricilərini izləyirəm, oyunlarına baxıram.

- Deməli, Premyer Liqamızı da izləyirsiniz?
- Bəli, çalışıram oyunları qaçırmayım.

- Çempionatın mənzərəsi sizin üçün xoşdur?
- Xoş olmasa da, baxmağa məcburuq. Çempionatın səviyyəsi heç xoşuma gəlmir.

- Sizin vaxtınızda - 2004-cü ildə futbolumuzda bir canlanma yarandı. İndi isə əksinə - “üzüaşağı gedirik”. Çempionatın hazırkı səviyyəyə düşməsinin səbəbini nədə görürsünüz?
- "2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı" təsdiqləndikdən sonra əməlli-başlı dirçəliş var idi. Bunun davamının gəlməsini gözləyirdik. Təəssüf ki, nəinki ardı gəlmədi, hətta enişə doğru getdi. Ümid edirəm ki, daha bir dəfə Dövlət Proqramı hazırlanar, dövlətimiz yenə futbolumuza əl atar. Düzdür, əvvəllər klublarımız avrokuboklarda əziyyət çəkirdilər. Ancaq sonra "Neftçi" bir dəfə, "Qəbələ" iki dəfə, "Qarabağ" isə ardıcıl olaraq avrokubokların qrup mərhələsində iştirak etdi. Çempionatımızın səviyyəsi artsaydı, bunun "Qarabağ"a da, "Neftçi"yə də, digərlərinə də Avropa arenasında köməyi dəyərdi. Digər komandalar da avrokuboka iddia etsələr, rəqabət yaranar. Çünki oynadıqca təcrübən artır. Futbolda isə təcrübə böyük rol oynayır.

“Öz mənafeyini düşündükcə futbolumuz uçuruma gedir”
- 10 illik müddəti əhatə edən Dövlət Proqramı zamanı güclü maliyyə yatırılmasına baxmayaraq, futbolumuz o qədər də irəli gedə bilmədi. Eyni idarəçilik və eyni sistemlə ikinci dəfə nəyəsə nail olmaq mümkün görünürmü? Bəlkə bu Proqramla yanaşı, futbol sahəsində kadr dəyişikliyi də lazımdır?
- İdarəçilikdə də xeyli dəyişiklik olunmalıdır. Görünən budur ki, çempionatımızda az komandanın iştirak etməsi, uşaq futbolundakı böyük problemlər, bəzi klublardakı rəhbər şəxslər və s. haqda bir daha kompleks şəklində düşünülməli və normal kadrlar cəlb olunmalıdır. Öz mənafeyini yox, futbolu düşünən insanlar çalışmalıdır. Hər kəs "futbol üçün nə edirəm", "nə etməliyəm" sualları ətrafında düşünməlidir. Tarix qarşısında hər bir insan cavabdehlik daşıyır. Gərək hər kəs öz işini layiqli yerinə yetirsin ki, gələcəkdə alnıaçıq olsun. Bilmədikcə və ya bilib öz mənafeyini düşündükcə futbolumuz uçuruma gedir. Gələcək nəsillərə normal şərait yaratmaq lazımdır.

- Öz mənafeyini deyil, futbolu düşünmək üçün uzun illər bu sahədə olan insanların çalışması vacibdirmi?
- Əslində, futbolun içindən çıxanlar bir baş üstün olurlar. Amma bəzən görürsən ki, həmin şəxslər də işləyə bilmirlər. Futbol sektoruna təsadüfən gələnlər də onlara baxır, eyni işi görürlər. Əlbəttə ki, futbol adamları çox olmalıdır. Amma hansı futbol adamları? Layiqlilər, futbolu sevənlər, insani keyfiyyətləri yüksək olanlar. Hər oxuyan Molla Pənah olmur. Futbola canla-başla qulluq edəcək insanlar çox olmalıdır.

“Bilərəkdən edilən səhvlər bizi aşağı çəkir”
- Hazırda futbol sahəsində belə insanlar nə qədərdir?
- Var, amma təəssüf ki, çox deyil. Uğursuzluqların səbəblərindən biri də budur. İnsan dürüst, düzgün olanda onun sözünə də qulaq asmaq lazımdır. Səhv qərarlar hər yerdə olur. Amma biri var bunu bilmədən edirsən, biri də var ki, şəxsi mənafeyi düşünərək. Bilmədən edilən səhvi düzəltmək mümkündür. Bilərəkdən edilən səhvlər bizi yerimizdə saydırmır, daha da aşağı çəkir.

- Bizdə hansı səhvlər daha çox edilir: bilərəkdən, yoxsa bilməyərəkdən?
- Üzərlərində elə bir təzyiq yoxdur düşünsünlər ki, kənardan mənə nəsə deyə bilərlər. Bu üzdən də belə qərarlar verilir. Görünən odur ki, şəxsi mənafeyin üstün tutulduğu qərarlar daha çoxdur. Adi gözlə görünən səhvlər kifayət qədərdir. Uşaq futbolundakı problemlər həll edilməli, klublarda, assosiasiyada uşaq futboluna baxan rəhbərlər nəzarəti artırmalı, hətta bir çox şeyi kompleks şəklində dəyişməlidirlər. Bölgələrimizdə futbol yox dərəcəsindədir.

“Günahkar olmasam da, söyüş yiyəsi olmaq istəmədim”
- Siz özünüz futbolçu karyeranızı bitirdikdən sonra bu sahədə elə də çox çalışa bilmədiniz. İki il "Xəzər Lənkəran" və beş il "Neftçi"də seleksiyaçı-məşqçi işini gördünüz. Bunun davamı niyə gəlmədi?
- “Xəzər Lənkəran”ın ən uğurlu dövrü bizim zamanımızda oldu. Çempion olduq, kuboku qazandıq. Bir müddət yaranan fasilədən sonra "Neftçi"də çalışdım. Bir də ötən il 3 ay "Keşlə"də oldum. Hər kəsin öz CV-si, insanlığı var. Arxaya baxanda görürəm ki, futbol oynadığım dönəmdə də, işlədiyim dövrdə də futbolumuz üçün iz qoymuşam. Amma o adamlardan deyiləm ki, kiməsə iş üçün ağız açım. Elnur Məmmədov vitse-prezident olan vaxt "Neftçi" kimi komandada nəticələrin yaxşılığa doğru getmədiyini, idarəçiliyin ürəkaçan olmadığını görüb ərizəmi yazdım, öz istəyimlə ayrıldım. Halbuki mənim işimdə bir nöqsan yox idi. Üzərimə düşən öhdəliyi şərəflə, ləyaqətlə yerinə yetirirdim. Amma gördüm ki, sözümü boş-boşuna deyirəm. Mən bir söz deyirdim, baxırdım ki, onlar başqa işə qol qoyurdular. Nəticələr də pis idi. Özüm günahkar olmasam da, kənardan söyüş yiyəsi olmaq istəmədim. Mən futbolçu karyeramı bitirəndə də buraxmırdılar ki, 32 yaşda hara gedirsən? İstəməmişəm ki, kimsə məni fitə bassın, artıq, nalayiq sözlər desin.

- Seleksiyaçı-məşqçi kimi ilk iş yeriniz olan "Xəzər Lənkəran"dan gedişiniz bir qədər qaranlıq qaldı...
- Elə bir şey baş verməmişdi. Baş məşqçimiz Ağasəlim Mircavadov istefa verdi, biz də onunla birlikdə ayrıldıq. "Xəzər Lənkəran" ildən-ilə yaxşı çıxış edirdi. Həmin dönəmdə "Birlik Kuboku"nun da səviyyəsi yüksək idi. Biz isə o turnirdən çempion kimi qayıtmışdıq. Təəssüf ki, çempionatda ikinci mövsümün ikinci dövrəsində stadionun ot örtüyü yaxşı vəziyyətdə olmadığından, təmirə bağlandı. Bizim də texnikalı futbolçularımız var idi. Olimpiya Kompleksinin idman meydançasında oynamalı olduq. Ora həm kiçik idi, həm də ot örtüyünün durumu ideal deyildi. Orada xal itkiləri oldu, ikinci dövrəni uğurlu keçirə bilmədik. Həmçinin avrokuboklarda ardıcıl iki il bəxtsizliklə üzləşdik. Birində Zaqreb "Dinamo"su ilə qarşılaşdıq. Modriçin orada oynayan vaxtları idi və "Xəzər Lənkəran" əlavə edilmiş dəqiqələrdə onlara uduzdu. Növbəti mövsüm "Lex"lə düşdük. Əla komanda idilər, Robert Levandovski də heyətdə çıxış edirdi. Rəhbərlik baş məşqçini göndərincə, biz də ayrıldıq.

“Buradakılara qaynayıb-qarışmadı, canında "soyuqluq" var idi”
- Həm "Xəzər Lənkəran", həm də "Neftçi"də işlədiyiniz dönəmdə seleksiyaçı kimi ölkə xaricində futbolçuları izləməyə gedirdiniz. Gətirdiyiniz ən yaxşı oyunçular kimlər olub?
- Gətirdiyimiz oyunçular üzümüzü ağ ediblər. "Xəzər Lənkəran" dönəmində Dieqo Souza var idi, 17 yaşında Braziliyanın uşaq futbolunda görüb bəyənmişdim. İki həftə sonra da müqavilə bağlamışdıq.

- Bəs ümidlərinizi doğrultmayan kim oldu?
- Yalnız Melvin Platyenin adını çəkə bilərəm. Halbuki "Neftçi"dən gedəndən sonra Fransanın ikinci liqasında oynadı, ardından Hollandiyaya qayıtdı. Burada futbolçu keyfiyyətlərinin yox, şəxsi xarakterinin qurbanı oldu. Bir qol şansı qaçıranda başını tuturdu, həyəcan keçirirdi, oyunu alınmırdı. Çox mədəni insan idi. Buradakılara qaynayıb-qarışa bilmədi, canında "soyuqluq" var idi. Məsələn, Bahodir Nasimov ilk dəfə gələndə birinci gündən bütün uşaqlarla zarafatlaşır, deyib-gülürdü. Bütün bunlar meydana da sirayət edir. Platyenin sürəti, zərbələri, oyun anlayışı çox yüksək idi. Sadəcə, uyğunlaşa bilmədi. Ümumi götürdükdə, Kanales, Flavinyo, Rodriginyo, Bruno, Ramos kimi futbolçular başımızı uca elədilər.

- Adlarını çəkdiyiniz futbolçuların çoxu ölkəmizdə iz qoymağı bacardı. Bəs niyə indi klublarımızın Bəxtiyar Musayevə ehtiyacı yoxdur? İndiki seleksiyaçılar sizdən güclüdürlər?
- Bəzi klublarda işlərin necə getdiyini, hansı qərarlar verildiyini araşdırsanız, nəticəsini özünüz görəcəksiniz. Bəzən futbol ikinci plana keçir, bəzən kimsə özünü dahi hesab edir. Amma statistika göz önündədir. Bakıda yaşayırıq, hamı bir-birini tanıyır, görür, kimin necə biri olduğunu bilir. Kənarda qalmağım mənə də təəccüblü gəlir. İşimlə, insanlığımla özümü sübut edə bilmişəm. İşdən ötrü kiməsə yaxınlaşmıram, ağız açmıram.

“Çoxunun gətirdiyi əcnəbilər yararsız çıxır”
- Sizin futbolçu dönəminizdə klublar tanınmış, yüksək səviyyəli legionerlər gətirirdilər. Ölkəmizə gələn legionerlərin səviyyəsinin aşağı düşməsi yalnız maliyyə ilə bağlıdır?
- Maliyyənin bunda rolu böyükdür. "Qarabağ" və "Neftçi"ni çıxmaq şərtilə klublarımızın elə böyük imkanları yoxdur. Əvvəllər futbolçunun oyunu ilə yanaşı, tanıtım baxımından adı da önəmli idi. Yaxşı bir futbolçu gətirirsən, uğurlu çıxış edir və başqa legionerlərin transferi zamanı bu amil işini yüngülləşdirir. O vaxtı Flavinyonu A seriyasından "Neftçi"yə transfer edəndən sonra Rodriginyo da "Santos"dan gəldi. Bu ardıcıllıq əlaqələri də gücləndirir.

- Son vaxtlar klublarımız əsasən Azərbaycanda oynayan əcnəbilərə üstünlük verirlər. Onlar da tükəndikdən sonra kimi gətirəcəklər?
- İndinin özündə normal büdcəli komandalarımız da var. Onlar işləməli, əziyyət çəkməlidirlər. Futbolu bilən adam heç nədən qorxmamalıdır. "Qarabağ" və "Neftçi" ilə yanaşı, "Sabah"ın da maddi durumu yaxşıdır. Sadəcə, bu işi görə bilməlisən, oyunçu seçimi zamanı qabiliyyətin olmalıdır. Çoxu risk etmir, gətirdikləri yararsız çıxır. Ona görə də çempionatımızda göz önündə olanlarla kifayətlənirlər. Halbuki indiki büdcə ilə də böyük işlər görmək mümkündür. Az məbləğə yüksək səviyyəli əcnəbi gətirmək bacarığın da olmalıdır. İnsan öz meyvəsini dadanda daha xoş olur. Özün gedib tapanda, gətirəndə adama ləzzət edir. Bunun üçün də məsuliyyətin altına girmək lazımdır.

“200-250 minə oyunçu gətirmək olurdu”
- "Neftçi"də çalışdığınız zaman 2010-cu ildə vitse-prezident Tahir Süleymanovla birlikdə Braziliya getdiniz və təxminən bir ay orada qaldınız. İndiki ulduz futbolçuların çoxu da həmin vaxt orada çıxış edirdilər. O dönəmdə "Neftçi"yə gətirmək istədiyiniz elə bir futbolçu var idimi ki, sonradan dünya ulduzuna çevrildi?
- May-iyun aylarında Braziliyada olduq. Həmin vaxt Neymar 3-4 ay əvvəl elə də tanınmırdı. Amma biz gedəndə artıq Avropanın nəhəng komandalarının maraq dairəsində idi. Robinyo, Neymar, Qanso kimi futbolçular "Santos"da çıxış edirdilər. Biz də "Santos"un kubok oyununa baxmışdıq. Braziliyada maddi durum elə də yaxşı deyildi. Müəyyən pul qarşılığında - 200-250 minə oyunçu gətirmək olurdu. Braziliyaya gedəndə ilk olaraq "Vasko de Qama"nın oyununu izlədim. Yanımda menecerlər var idi və dedilər ki, bax, hansı futbolçunu istəsən, məsləhət olarsa, danışıq apararıq. Oyun təzə başlamışdı, təxminən 15 dəqiqə keçmişdi. Yanımdakı menecerə meydanda olan bir futbolçunu soruşdum. Dedim ki, bu oyunçunu aparmaq istəyərdik. Gördüm, bir-birlərinə baxıb gülüşdülər. Soruşdum ki, niyə gülürsüz? Dedi ki, bu oyunçunu iki il əvvəl 15 yaşı olanda "İnter" 5 milyon avroya transfer edib. Həmin futbolçu da Koutinyo idi. Koutinyonun 17 yaşı var idi, çox iti düşünürdü, meydanı görmə qabiliyyəti yüksək idi.

“Məhlə futbolu yoxdur, istəyən də oynamağa yer tapmır”
- 10-dan çox futbolçu adı çəkə bilərəm ki, qış fasiləsində ölkə xaricindən təkliflər aldıqlarını deyirdilər. Lakin sonda hamısı burada da qaldı. Əvəzində lüksemburqlu futbolçu "Sevilya" ilə müqavilə bağladı. Bizdə menecerlər futbolçuları xaricə çıxara bilmirlər, yoxsa oyunçular "nağıl" danışırlar?
- Bəlkə də, kimlərəsə təklif olur. Nə məqsədlə dediklərini bilmirəm. Menecerlərin "oyunu" da ola bilər. Bəlkə heç futbolçunun xəbəri yoxdur, menecer deyir ki, təkliflərin var. Biz də futbolçularımızın legioner həyatı yaşamalarını istərdik. Futbol oradadır. Gənclərimiz böyük futbol görmək istəyirlərsə, hazır olan kimi getməlidirlər. Amma indi baxırıq ki, gənclərimiz də əvvəlki səviyyədə yetişmirlər. Əvvəllər U-17, U-19 bir mərhələ də olsa keçirdilər. İndi böyükhesablı məğlubiyyətlərə düçar olurlar. Çox acınacaqlı durumdur. Bilirsiniz, problemin kökü uşaq futbolundan qaynaqlanır. Hamı deyir ki, uşaq futboluna diqqəti artıraq, amma heç nə də edilmir. Əvvəllər məhlə futbolu var idi. Məsələn, 17 yaşımda "Neftçi"nin heyətində SSR çempionatında çıxış edirdim. Ağır məşqlərdən sonra həftədə ən azı 3 dəfə də gəlib məhlədə oynayırdım. Çünki məhlədə etdiyim hərəkətlərə məşqdə icazə vermirdilər. Driblinqləri məhlədə öyrənirdik. İndi məhlə futbolu da yoxdur, istəyən də oynamağa yer tapmır. Mənim oğlum da futbolla məşğuldur. Məşq başa çatan kimi, uşaqlara deyirlər ki, tez minin avtobusa, gedin, başqa komanda gəlir. Saat yarımlıq məşqlə heç bir uşaq həmin lüksemburqlu futbolçu səviyyəsinə yüksəlməyəcək. Futbol ictimaiyyətindən xahiş edirəm, gəlin nəhayət ki, futbolumuzu düşünək. Gələcək futbolçular, azarkeşlər, ictimaiyyət desin ki, bunlar nəsə ediblər, daha söyməsinlər. Ona görə də ciddi düşünmək lazımdır. Hərə öz sahəsində futbolumuza gün ağlamalıdır. Şərəflə, ləyaqətlə işləmək lazımdır.

- Sizin dönəminizdə Avropaya çıxa biləcək futbolçu çox idi. Sadəcə, həmin vaxt həm menecerlik o dərəcədə inkişaf etməmişdi, həm də Azərbaycan futbolunu tanımırdılar. İndi legioner həyatı yaşamağa hazır olan 5 futbolçu adı çəkə bilərsinizmi?
- Mahir Mədətovun adını çəkə bilərəm. Onun potensialı var, hələ də gec deyil. Amma öyrənməli olduğu məqamlar da var. Burada da yaxşı komandada oynayır, güclü məşqçinin əlinin altındadır. Ancaq Avropada çempionatın səviyyəsi başqa olur. Bəhlul Mustafazadə üzərində bir az da işləməlidir. Fiziki göstəriciləri yaxşı olsa da, topla rəftarı, özünəinam üzərində çalışmalıdır. Təəssüf ki, Avropaya yollana biləcək barmaqla sayılacaq qədər oyunçumuz var. Sual üzərində düşünürük, beynimizdə axtarırıq. Halbuki düşünmədən heç olmasa 10-15 futbolçu adı çəkməliyik. Özbəklər, gürcülər, həmçinin bu səviyyədə bir çox ölkələrin futbolçularını xarici klublarda görürük. Niyə bizimkilər də orada olmasınlar? Biz də baxaq, sevinək. Məsələn, Ramil Şeydayevi "Dinamo"nun heyətində görəndə necə sevinirdik. Getsinlər, biz də baxıb fərəhlənək.

“Bunun baş verməsi üçün ikiqat möcüzə olmalıdır”
- Milli komandanın baş məşqçisi postuna 30 namizəd çox deyilmi? Futbolçu çatışmazlığı olduğu bir dönəmdə baş məşqçi məsələsi üzərində bu qədər dayanmağa nə ehtiyac var?
- Hər kəs öz namizədlərinin adlarını verib, onlar da ümumi siyahını müəyyənləşdiriblər. Bizə işləmək həvəsi, taktiki bilik səviyyəsi yaxşı olan, karyerasını düşünən tələbkar məşqçi lazımdır. Və təbii ki, az maaş alan. Çünki pulumuz o qədər çox deyil ki, ora-bura dağıdaq. O qədər görüləcək işlər var ki. Maliyyəni onlara sərf edək. Onsuz da, milli komandamız Avropa və ya dünya çempionatına gedən deyil. Açıq danışaq, indi bunun baş verməsi üçün ikiqat möcüzə olmalıdır. Azərbaycanın futbol ənənələri olan bölgələrində bu idman növünü canlandırmaq şərtdir. Vəsait daha çox oralara və uşaq futboluna sərf olunmalıdır. Aşağı yaş qrupu üzrə liqalarda komanda, oyun sayı çoxalmalıdır. Elə liqa var ki, 12 komanda iştirak edir, 22 oyunla ili bitirirlər. Yarış oktyabrda başlayır, apreldə başa çatır. Uşaqlar 4-5 ay heç nə ilə məşğul olmurlar. Bu barədə düşünmək lazımdır. Məsələn, "Qəbələ" akademiya səviyyəsində neçə ildir yaxşıdır. Amma onlar da burada asan qələbələr qazanırlar. Rəqabət olmadıqda o futbolçular inkişaf edə bilmirlər. İldə 1-2 dəfə ölkə xaricinə gedirlər. Amma bu da kifayət deyil. Belarusla bir az əlaqələrim var. Onlarda ilk dövrə ilə ikinci dövrə arasında iki həftəlik fasilə olur. Həmin 2 həftəni kiçik turnir təşkil edərək keçirirlər. Klub rəhbərləri uşaq komandalarındakı məşqçilərin bacarığına diqqəti artırmalı, onları ölkə xaricinə seminarlara göndərməlidirlər. Bu sadalananlar olmasa, heç nə dəyişməyəcək. Uşaq futbolunda vaxtilə Fazil Abbasov, Şamil Heydərov kimi məşqçilər işləyiblər. İndiki uşaq məşqçilərini də qınamaq olmur. Onlara şərait yaratmaq, seminarlara göndərmək vacibdir. Aralarında da kim yaxşı qavrayacaqsa, onlarla yola davam etmək lazımdır. Sözümün canı ondadır ki, futbolumuzu inkişaf etdirmək istəyiriksə, təməldən, uşaq futbolundan başlamalı, ora qayğını artırmalıyıq. Əks təqdirdə, elə yerimizdə saya-saya qalacağıq.

ApaSport

Digər xəbərlər

Arxiv

date