Çempionlar Liqasında “Napoli” “Barselona” ilə, “Çelsi” “Bavariya” ilə üz-üzə gələcək

Çempionlar Liqasında “Napoli” “Barselona” ilə, “Çelsi” “Bavariya” ilə üz-üzə gələcək
  • Clock-gray 01:45
  • calendar-gray 25 Fevral 2020

Bu həftə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, fevralın 25-26-da daha dörd matç baş tutacaq.

Bu gün diqqətlər İtaliya və İngiltərəyə yönələcək. “Napoli” öz meydanında “Barselona”nı qəbul edəcək. Qrup mərhələsində “Liverpul”dan 4 xal qoparan neapollular cari mövsümdə gözləntilərdən aşağı çıxış edir. Ötən mövsümün yarımfinalçısı olan Kataloniya təmsilçisi isə titula köklənib.

Londonda “Çelsi” və “Bavariya” qarşılaşacaq. Qrup mərhələsinin ən məhsuldar komandası olan qonaqlar Bundesliqada da uğursuz startdan sonra öz oyununu tapıb. Robert Levandavski və komandası bu duelin favoritidir. Çünki əsasən gənclərə güvənən Frenk Lempardın komandası enişli-yoxuşlu mövsüm keçirir.

İlk oyunlar çərçivəsindəki son iki matç fevralın 26-da baş tutacaq. “Mançester Siti” Madriddə “Real”ın qonağı olacaq. Zinəddin Zidanın baş məşqçi postuna dönməsi ilə əvvəlki əzəmətini qaytarmaqda olan “Kral klubu”nu çətin sınaq gözləyir. Həmişəki kimi, inamlı görünməyən Mançester təmsilçisi UEFA tərəfindən cəzalandığı üçün fərqli motivasiyada olacaq.

“Lion” kuboku başı üzərinə qaldırmağa namizədlərdən biri “Yuventus”u qəbul edəcək. 2020-ci ildə məhsuldarlığı ilə göz oxşayan Kriştianu Ronaldo komandasına səfərdə də qələbə qazandırmağa çalışacaq. Lakin lionluların ev komandası təsiri yaratması italiyalılara asan olmayacağını vəd edir.

Qeyd edək ki, bu cütlərdə cavab oyunları martın 17-18-də keçiriləcək. 

Çempionlar Liqası
1/8 final, ilk oyunlar
25 fevral
00:00. “Napoli” (İtaliya) – “Barselona” (İspaniya)
Baş hakim:
Feliks Brix (Almaniya)
Neapol. “San Paolo” stadionu

00:00. “Çelsi” (İngiltərə) – “Bavariya” (Almaniya)
Baş hakim:
Klemen Turpin (Fransa)
London. “Stemford Bric” stadionu

26 fevral
00:00. “Lion” (Fransa) – “Yuventus” (İtaliya)
Baş hakim:
Xesus Xil Manzano (İspaniya)
“Park Olimpik Lion”

00:00. “Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə)
Baş hakim:
Daniele Orsato (İtaliya)
Madrid. “Santyaqo Bernabeu” stadionu

ApaSport

Digər xəbərlər