Dario Frederiko: “Qarabağ”ın ötən ilki uğurunu biz də təkrarlaya bilərik"

Dario Frederiko: “Qarabağ”ın ötən ilki uğurunu biz də təkrarlaya bilərik"
# 08 dekabr 2019 20:10 (UTC +04:00)

“Çətin səfər oyunu idi. Belə olacağını bilirdik”.

Apasport.az saytının məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Dario Frederiko deyib.

Bakı klubunun 28 yaşlı braziliyalı yarımmüdafiəçisi Azərbaycan Premyer Liqasında XIV tur çərçivəsində "Sabah"la oyunu şərh edib. O, 2:0 hesabı ilə qalib gəldikləri matçda gözəl çıxış etdiklərini deyib: “İstədiyimiz qolları vaxtında vuraraq, vacib qələbə qazandıq. Bununla da lider “Qarabağ”la xal fərqini 6-ya endirdik. Qələbə sayəsində sonadək çempionluq uğrunda mübarizə aparacağımızı göstərdik”.

O, “Qarabağ”ı qabaqlayaraq, çempionluq gücündə olduqlarını da qeyd edib: “Komandamız kifayət qədər potensiala malikdir. Hər mövqedə güclü oyunçular var. Bu da kollektivdə böyük rəqabət yaradır və özümüzü yaxşı tərəfdən göstərməyə kömək edir. Yada salmaq istəyirəm ki, ötən mövsümün qış fasiləsi zamanı biz “Qarabağ”dan 5 xal öndə idik. Lakin onlar bu fərqi aradan qaldırıb, çempion oldular. Bu il eyni uğuru biz təkrarlaya bilərik. Çempionluq üçün sonadək mübarizə aparacağıq”.

Dario bəzi matçlarda zəif çıxış etməsinin də səbəbini açıqlayıb: “Komandaya xeyrimin dəymədiyini deməzdim. Əlbəttə, bəzi qarşılaşmalarda oyunum istədiyim kimi alınmır. Amma komandamın qələbəsində payım olur. Mənim üçün də əsas nəticədir”.

Ötən qış gözlənilmədən “Neftçi”ni tərk edən futbolçu bu dəfə də eyni halın təkrarlanacağını istisna etməyib: “Futbol dinamik oyundur. Nəinki Azərbaycanda, bütün dünyada futbolçuya maliyyə baxımından sərfəli təklif gələrsə, onu dəyərləndirmək istəyir. Keçən il belə şey oldu, mən də ondan yararlandım”.

Braziliyalı hələ istirahət barədə düşünmədiyini də deyib. Onun sözlərinə görə, hələ qarşıda “Sumqayıt”la kubok matçı var: “Peşəkar oyunçuyuq və peşəkar klubda çıxış edirik. Hər bir görüşə ciddi yanaşmalıyıq. Bu mərhələni keçdikdən sonra istirahətə yollanacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR