Dmitri Kramarenko: "Danışığımız uzun çəkmədi, hamısı futbol adamıdır”

Dmitri Kramarenko: "Danışığımız uzun çəkmədi, hamısı futbol adamıdır”
  • Clock-gray 13:51
  • calendar-gray 19 Yanvar 2021

“Üç ildir Azərbaycan yığmasında çalışıram, qərar yeni il ərəfəsində verildi”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko Moskva MOİK-inə təyinatı barədə danışarkən deyib.

Rusiya klubunun rəsmi saytına müsahibə verən yığmamızın sabiq qolkiperi danışıqlar prosesindən bəhs edib: “MOİK-in təklifi mənim üçün gözlənilməz oldu. Rəhbərliklə söhbət etdik, görüşdə Roman Babaev, Viktor Qonçarenko və Vasili Berezutski iştirak etdi. Danışığımız uzun çəkmədi, hamısı futbol adamıdır. Hər iki işi eyni anda görə biləcəyim qənaətinə gəldik. Sonra AFFA rəhbərliyi ilə əlaqə saxladım, orada da mənimlə görüşdülər. Nəticədə hamımız bunu sınayacağımıza dair ortaq qərara gəldik”.

Kramarenko özünəməxsus məşq metodunun olduğunu söyləyib: “Öz məşq metodum var, yaxşı məşqçilərdən - mərhum Sergey Kramarenkodan, eyni zamanda Nikolay Qontaryadan və Vyaçeslav Çanovdan çox şey öyrənmişəm. Onlar təcrübələrini mənə ötürüblər. Məşqçiliyə başlayanda Minsk, Riqa, İstanbulda çoxsaylı kurslara qatılmışam. Müasir futbolun yeniliklərini öyrənmək baxımından çox maraqlı idi. Çox adam xarakterimi bilir. Mən bağırmaq, qışqırmaq tərəfdarı deyiləm. Tənqid və tələbdən daha çox şey göstərir və soruşuram. Çoxları bu üslubu bəyənməyə bilər, amma bunun xeyrini çox görmüşük”.

Təcrübəli mütəxəssis DÇ-2006-nın seçmə mərhələsində İngiltərə yığmasına qarşı 2005-ci il martın 30-da səfərdə keçirilən matçı da xatırlayıb: “İngilislərlə bağlı xüsusi hisslərim var. 2005-ci ildə milli komanda ilə Nyukaslda onlara qarşı oynamışıq. İlk hissədə hesab açılmamışdı. Onlar fasilədən sonra Cerrard və Bekhemin qolları ilə 2:0 hesablı qələbə qazandılar. Çox yaxşı xatırlayıram. Leysan altında oynayırdıq, meydanı su içində tərk etdim. Həqiqətən də, layiqli nəticə idi”.

ApaSport

Digər xəbərlər