Elvin Yunuszadə: “Onun "Sabah"la müqaviləsi olduğu üçün transferi alınmadı”

Elvin Yunuszadə: “Onun "Sabah"la müqaviləsi olduğu üçün transferi alınmadı”
# 13 fevral 2020 16:53 (UTC +04:00)

"Komanda ilə məşqlərə başlamışam. Düzdür, kollektivə bir qədər gec qoşulmuşam. Lakin qısa zamanda ideal formamı yığmağa çalışacam".

Bunu apasport.az saytına "Çelik"in yeni transferi Elvin Yunuszadə deyib.

Azərbaycan millisinin sabiq müdafiəçisi Bosniya və Herseqovina klubuna keçidindən danışıb. O bildirib ki, "Çelik"də hər şey yüksək səviyyədədir: "Zenitsa sakit və təmizliyinə görə Avropanın digər şəhərlərindən geri qalmır. Şəraitimiz pis deyil, ideal da saymazdım, amma yaxşıdır. Şəhərin havası gözəldir, bir sözlə futbolçu üçün hər şey var".

Komandanın türkiyəli baş məşqçisi Ümit Özat yerli mətbuata açıqlamasında Yunuszadəyə güvəndiyini bildirib. O da öz növbəsində çalışdırıcının etimadını doğruldacağına inam ifadə edib. "Söhbətindən, münasibətindən də mənə güvəndiyini hiss edirəm. Gərək mən də həmin güvəni boşa çıxartmayım. Əsas heyətə düşmək özümdən asılıdır. Burada rəqabət asan deyil. "18-lik"də cəmi dörd əcnəbi ola bilər. Özümə güvənirəm. Özatla Azərbaycan futbolu haqda çox danışmamışıq. Amma bilirəm ki, futbolumuzu izləyir, çempionatımıza baxır, maraqlanır. Konkret nəsə soruşmayıb, sadəcə ümumi danışmışıq".

"Çelik" Yunuszadə ilə yanaşı, Cavid İmamverdiyevin də xidmətində maraqlı olub. Lakin İmamverdiyevin "Sabah"la müqaviləsinin olması transferin baş tutmamasına səbəb olub. Müdafiəçinin sözlərinə görə, Ümit Özatla İmamverdiyev barədə danışığı da olub: "Cavidlə görüşəndə toplanışdan yeni qayıtmışdı. Bir qədər söhbət etdik. O da mənim vəziyyətimi soruşdu və ona "Çelik"ə keçmək variantımı dedim. Baş məşqçinin Ümit Özat olduğunu biləndə, dedi ki, elə Türkiyənin "Elazığspor" klubunda rəhbərliyi altında oynamışam. Caviddən ölkə xaricində oynamaq istəyib-istəmədiyini soruşdum. O da “istəyərəm, niyə istəməyim?” söylədi. Özata zəng etdim və soruşdum ki, klubu buraxsa, Cavid haqda nə düşünər? O da Cavidin transferini çox istəyirdi. Dedi ki, tanıyıram, istedadlı oyunçudur, "Çelik"də görmək istəyərəm. Amma onun "Sabah"la müqaviləsi olduğu üçün transferi alınmadı. Əlbəttə ki, Cavidin keçidi rəsmiləşsəydi Avropa üçün atılmış addım olardı və bu, sonradan başqa qapılar aça bilərdi".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR