Fariz Nəcəfov: "Qalan 8 turun Qəbələdə keçirilməsi qərara alınsa, buna imkanımız var"

Fariz Nəcəfov: "Qalan 8 turun Qəbələdə keçirilməsi qərara alınsa, buna imkanımız var"
# 10 iyun 2020 14:30 (UTC +04:00)

“Ən sərt karantin rejiminin növbəti həftəsonları da davam etdirilib-etdirilməyəcəyini bilmirəm. Amma bildiyim qədərilə oyunların cədvəli dəyişdirilib həftəiçinə keçirilə də bilər”.

Bunu apasport.az saytına “Qəbələ”nin prezidenti Fariz Nəcəfov deyib.

Koronavirus pandemiyası səbəbindən iyunun 14-də və 15-də Bakı, Sumqayıt da daxil olmaqla bir neçə rayonda ən sərt karantin rejimi tətbiq ediləcək və bunun bir həftə sonra da təkrarlanması istisna deyil. Azərbaycan Premyer Liqasının bərpası iyunun 21-nə planlaşdırılsa da, hazırkı şərtlər altında Bakıda sıx təqvimdə oyunları keçirmək qeyri-mümkün görünür. Belədə yeganə variant kimi son 8 turun matçlarının Qəbələdə baş tutması qalır.

Fariz Nəcəfov əyalətdə iki stadionun olmasına baxmayaraq, onlardan birinin süni örtük olduğunu söyləyib: “Qəbələdə oyun keçirmək üçün şəraiti olan bir meydança var. Digərləri məşq üçün nəzərdə tutulub. Alternativ olaraq bizdə Hacıalılı stadionu da var. Ancaq ora süni örtükdür. Nəzərə alaq ki, yay vaxtı da süni örtüklü meydançada oyun keçirmək bir az çətindir. Amma “Qəbələ” klubu olaraq gücümüz nəyə çatırsa, onu etməyə hazırıq”.

Çempionatın Qəbələdə yekunlaşdırılması variantına münasibət bildirən klub prezidenti buna hazır olduqlarını vurğulayıb: “Mövcud duruma əsasən Premyer Liqa bərpa olunsa belə, matçlar azarkeşsiz keçiriləcək. Bunu göz önünə gətirsək, çempionat oyunu üçün digər məşq meydançalarımızdan da istifadə etmək olar. Stadionun ərazisində iki komanda üçün paltardəyişmə otağı var. Həm əsas, həm də məşq meydançalarımızda oyun keçirilə bilər. Əgər qalan 8 turun Qəbələdə keçirilməsi qərara alınsa, buna imkanımız var”.
Qeyd edək ki, Azərbaycan Premyer Liqası XX turdan sonra – martın 13-də dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR