Fatih Terim "Qalatasaray"da cəmi bir legionerin qalmasını tələb edib

Fatih Terim "Qalatasaray"da cəmi bir legionerin qalmasını tələb edib
# 13 aprel 2020 17:55 (UTC +04:00)

"Qalatasaray" gələn mövsümün heyətini formalaşdırmaq üçün hərəkətə gəlib.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi heyətində köklü dəyişikliklərə əl atmağa hazırlaşır.

Koronavirus pandemiyası səbəbindən ciddi maliyyə itkisinə məruz qalan "cim-bom" yeni mövsümü əsasən yerli futbolçularla keçirməyi planlaşdırır. Baş məşqçi Fatih Terim prezident Mustafa Cengiz və klub rəsmiləri ilə görüşündə yalnız bir əcnəbinin mütləq qalmasını tələb edib. Söhbət qapıçı Fernando Musleradan gedir. Təcrübəli mütəxəssis Uruqvay millisinin üzvünün nəyin bahasına olursa-olsun saxlanılmasını istəyib.

Digər əcnəbilərdən müqavilə müddəti mövsümün sonuna qədər olan Mariano Filyo və Yuto Naqatomoya yeni sözləşmə təklif edilməyəcək və onlar azad agent kimi ayrılacaqlar. Həmçinin Cimmi Durmaz, Rayan Babel və Mbaye Dianye də "sarı-qırmızılılar"da qalmayacaq. İcarədə olan Florin Andone məxsus olduğu kluba dönəcək.

Rayan Donk, Radamel Falkao, Sofian Fequli, Markao Teyşeyra, Kristian Luyindama və Martin Linneslə bağlı hələ qərar verilməyib. Onların durumu gələcək təkliflərə əsasən müəyyənləşəcək. Əgər sərfəli təklif olarsa, Super Liqa təmsilçisi bu əcnəbilərini də sataraq, gəlir əldə edə bilər.

Yerlilərdən isə Səlçuk Şahinə vida matçı keçirmək və karyerasını bitirmək təklif olunacaq. Əmrə Akbaba, Ömər Bayram, Adəm Büyük və Taylan Antalyalı isə komandada saxlanılacaq.

Qeyd edək ki, "Qalatasaray" Super Liqada 26 turdan sonra 50 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır və liderlərdən 3 xan geri qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR