Futbol tarixinin sadiq “11-liy”i: Yaşindən Messiyə qədər

Futbol tarixinin sadiq “11-liy”i: Yaşindən Messiyə qədər
# 05 mart 2021 17:15 (UTC +04:00)

Futbolçuların tez-tez klublarını dəyişməsi ildən-ilə adi hala çevrilir.

Apasport.az saytının məlumatına görə, keçmişdə komandasına sadiq olan oyunçular daha çox idi.

Karyerası ərzində yalnız bir klubun formasını geyinmiş futbolçulardan ibarət simvolik “11-liy”i təqdim edirik.

1. Lev Yaşin – “Dinamo” (Moskva)
Çoxları tərəfindən bütün dövrlərin ən yaxşı qapıçısı hesab edilən Yaşin 22 illik karyerasını bütünlüklə “Dinamo”da keçirib. 1963-cü ildə “Qızıl top”un qalibi olan rusiyalı hələ də bu titula yiyələnən yeganə qapıçıdır. Karyerasında keçirdiyi 812 oyunun 480-də qapısının toxunulmazlığını qoruyub, düz 150 penalti zərbəsi dəf edib.

2. Paolo Maldini – “Milan”
Müdafiənin mərkəzi ilə yanaşı, lazım olanda sol cinahında da oynayan Paldini 25 il ərzində “Milan”ın forması altında 647 çempionat matçına çıxıb, 7 dəfə A seriyasının qalibi olub. 8 dəfə Çempionlar Liqasının final matçında oynamaqla rekord qıran əfsanəvi kapitan bunun 5-də kuboku başı üzərinə qaldırıb.

3. Franko Barezi – “Milan”
“Milan”ın digər əfsanəsi Barezi 20 il şərəfini qoruduğu forma altında 531 rəsmi görüşdə iştirak edib. Onun dönəmində “Milan” tarixinin ən parlaq illərini keçirib. 1997-ci ildə karyerasını bitirdikdən sonra klub onun geyindiyi 6 nömrəli formanı əbədiləşdirib.

4. Toni Adams – “Arsenal”
6 nömrəni geyinən başqa bir ulduz. 19 illik karyerasının tamamını “Arsenal”da keçirib, bu müddətdə 672 matça çıxıb. Adams həmin dönəmin 14 ilində kapitanlıq sarğısını daşıyıb. “Topçular”da 4 ölkə çempionluğunu, 3 Federasiya Kubokunu, 2 Liqa Kubokunu, 1 UEFA Kubokunu və 3 İngiltərə Superkubokunu qazanıb.

5. Karles Puyol – “Barselona”
15 il “Barselona”nın formasını geyinən və bunun 10 ilində kapitanlıq edən Puyol 593 görüşə çıxıb. 6 La Liqa, 3 Çempionlar Liqası olmaqla ümumilikdə 18 titul əldə edib.

6. Qari Nevill - “Mançester Yunayted”
Cinah müdafiəçisi 19 ildə 602 oyun keçirib. Aleks Ferqyusonun qızıl nəslinin nümayəndələrindən olan Nevill Premyer Liqanı 7, Federasiya Kubokunu 3, Liqa Kubokunu 2, İngiltərə Superkubokunu 3, Çempionlar Liqasını 2, Qitələrarası Kuboku 1, Klublararası Dünya Çempionatını 1 dəfə qazanıb.

7. Pol Skoulz – “Mançester Yunayted”
Skoulz 17 il ərzində “qırmızı şeytanlar”ın heyətində 466 oyunda 102 qol vurub. Oyun üslubuna görə Xavi Ernandes, Andres İnyesta, Zinəddin Zidan kimi həmkarları tərəfindən bütün dövrlərin ən yaxşı yarımmüdafiəçiləri arasında göstərilib.

8. Matt le Tissier – “Sauthempton”
16 il “Sauthempton”un şərəfini qoruyan le Tissier Premyer Liqada 100 qol vuran ilk yarımmüdafiəçidir. Bu illər ərzində onun 49 penalti zərbəsindən 48-i qolla nəticələnib.

9. Rayan Giqqz – “Mançester Yunayted”
Bir neçə futbolçu kimi, uelsli də karyerasını “mankunianlar”a həsr edib. Təkcə Premyer Liqada 613 oyunda meydana çıxıb və hər mövsüm aktivinə qol yazdırıb.

10. Françesko Totti – “Roma”
Totti 19 il “Roma”nın heyətində A seriyasında 474 oyun keçirib, 207 dəfə fərqlənib. Bir çox Avropa nəhəngindən təkliflər alsa da, heç birinə müsbət cavab verməyib. Sadiqliyini isə bu sözlərlə izah edib: “Bir gecədə 6 qızla gəzdim. Hamısını bir-birinə aldatdım, amma “Roma”nı heç vaxt aldatmaram”.

11. Lionel Messi – “Barselona”
Mövsümün sonunda “Barsa”nı tərk edəcəyi deyilən argentinalı Kataloniya klubunda 17-ci ilini keçirir. Oyunu ilə tarixin ən yaxşıları arasına düşən Leo karyerası ərzində 906 matçda iştirak edib, 729 qol vurub, 305 məhsuldar ötürmə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR