Futbol üzrə “Turan kuboku” yaradıla bilər

Futbol üzrə “Turan kuboku” yaradıla bilər
# 03 iyun 2020 09:18 (UTC +04:00)

Türkdilli ölkələrin komandaları arasında yeni futbol turnirinin yaradılması variantı ortaya atılıb.

Apasport.az saytının məlumatına görə, bu təkliflə Türkiyə Futbol Federasiyasının (TFF) xarici əlaqələr komitəsinin üzvü Gürkan Teoman çıxış edib.

Türk birliyi mövzusunda araşdırmaları ilə diqqət çəkən Teoman türkdilli ölkələrin klublarının “Turan kuboku” adı altında birləşməsini təklif edib. Onun fikrincə, belə bir turnirin təşkili həm klubların beynəlxalq təcrübəsini, həm də maddi gəlirlərini artıracaq: “Bunun ölkələr arasındakı münasibətə də müsbət təsiri olacaq. Həmçinin klublar əməkdaşlıqlarını gücləndirər, öz aralarında fikir mübadiləsi aparılar, həkimlər hər hansı bir zədə zamanı məsləhətləşmələr edər, hətta futbolçu transferləri də asanlaşar”.

Federasiya rəsmisi hesab edir ki, “Turan kuboku” klublara teleyayım və reklam gəlirləri qazandıracaq. Ölkə birinciliklərinin təqviminə təsir etməyəcək bir proqram hazırlamağın tərəfdarı olan Gürkan Teoman eyni zamanda komandaların türkdilli vətəndaşlığı olan futbolçularının bu yarışda legioner sayılmamasını təklif edib: “Bunun sayəsində bu ölkələrin klubları öz aralarında rahatlıqla transferlər edə biləcəklər”.

Teoman turnirin yaradılması yönündə artıq ilk addımın atıldığını, bununla bağlı heyət formalaşdığını da sözlərinə əlavə edib.

Əgər adıçəkilən turnir yaradılarsa, Türkiyə, Azərbaycan, Kipr, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və digər bir neçə türkdilli xalqların komandalarının iştirakı planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR