Güvənc Kurtar: "Avcıdan daha yaxşıyam, nəyə görə AFFA mənə təklif göndərmir?"

Güvənc Kurtar: "Avcıdan daha yaxşıyam, nəyə görə AFFA mənə təklif göndərmir?"
  • Clock-gray 15:37
  • calendar-gray 14 Fevral 2020

"Abdullah Avcı Azərbaycan millisinə kömək ola bilərdi. Mən ondan daha yaxşıyam, nəyə görə AFFA mənə təklif göndərmir? (gülür)”. 

Bunu apasport.az saytına türkiyəli futbol mütəxəssisi Güvənç Kurtar deyib.

Azərbaycanda “Rəvan”da işləmiş 60 yaşlı çalışdırıcı həmyerlisi Abdullah Avcının AFFA-nın təklifindən imtina etməsi haqda yayılan xəbərlər barədə danışmaq istəməyib. O, “Beşiktaş”ın sabiq baş məşqçisindənsə, özünün namizədliyinin müzakirə olunmasını vacib sayıb: “Azərbaycan futbolunu tanıyıram, izləyirəm, oyunçularınız haqda məlumatlıyam. Yığmada hamıdan yaxşı nəticə qazanaram. Avcının tanımadığı, bilmədiyi yerdə uğurlu olmaq şansı azdır. O, özü də bunu bilir. Üstəlik, gəncdir, təcrübəsi də çox deyil. Amma mənim təcrübəm daha çoxdur, onların hamısından da yaxşı məşqçiyəm”.  

Kurtarın sözlərinə görə, Azərbaycanda işlədiyi vaxt özünü kifayət qədər yaxşı tərəfdən göstərib: “Millinizdə işləməyə çox iddialıyam. Zamanında orada nələr etdiyimi hamı gördü. Çox matçda komandam meydanda 10 nəfərlə qaldı, amma rəqibə qol epizodları belə vermədik. Çünki müdafiəni çox yaxşı qururdum. Azərbaycan millisi tam mənim istədiyim komandadır. Güclü yığmalara qarşı necə oynanılır, yaxşı bilirəm. Məndə illərin təcrübəsi var".

Türkiyəli mütəxəssis AFFA-nın təklif göndərəcəyi təqdirdə, açıqlayacağı detallardan sonra onunla dərhal müqavilə imzalanacağına inam ifadə edib: "Heç kim uğurlu nəticə üçün səbir etmir. Hamı nailiyyətin dərhal gəlməsini istəyir. Ancaq gələcək üçün yaxşı planlar qurmaq lazımdır. Azərbaycan üçün rəqiblərlə başabaş oynamaq, hədəfləri böyütmək vacibdir. Mən buna hamıdan çox hazıram. AFFA mənimlə danışsın, onlara proyektlərimi açıqlayım, nələr edə biləcəyimi söyləyim. O zaman AFFA tərəddüd etmədən məni Azərbaycan millisinin baş məşqçi postuna gətirəcək".

Qeyd edək ki, Kurtar "Kocaelispor", "Elazığspor", "Dənizlispor", "Bursaspor", "Adanaspor" kimi klubları çalışdırıb.

ApaSport

Digər xəbərlər