İspaniyalı məşqçi: “Qarabağ” doğma meydana həsrətdir”

İspaniyalı məşqçi: “Qarabağ” doğma meydana həsrətdir”
# 11 oktyabr 2020 15:05 (UTC +04:00)

"Qarabağ” 30 il əvvəl torpaqları Ermənistan tərəfindən işğal edilən qaçqın komandadır. Komanda doğma meydana həsrətdir, ev oyunlarını Bakıda keçirir”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın və “Neftçi”nin keçmiş məşqçisi Ruben Selleş ölkəsinin mətbuatına açıqlamasında bildirib.

İspaniya mətbuatı Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı vaxtilə ölkəmizdə fəaliyyət göstərmiş ispan mütəxəssisin fikirlərinə yer verib.

Selleş Avropa Liqasının qrup mərhələsində “Vilyarreal”ın rəqibi olan “Qarabağ”ın Avropa arenasında missiyasının Qarabağın Azərbaycana məxsus olduğunu bütün dünyaya çatdırmaq olduğunu söyləyib: “Bu klubun öz siyasi mövqeyi var. Bunu da Avropada uğurlu çıxış etməklə layiqincə yerinə yetirir. Bu münaqişəni dünyaya çatdırmaq üçün bir missiyadır. Klubun hədəflərindən biri həmişə bu olub. Çünki həm klub rəhbərliyi, həm məşqçilər korpusu, həm də futbolçuların bir hissəsi bu hadisələri yaşayıb”.

Hazırda “Valensiya”nın aşağı yaş qrupunda məşqçilik edən 37 yaşlı mütəxəssis Azərbaycanda çalışanların keçmişdə yaşananlardan xəbərdar olduğunu əlavə edib: “Qarabağ”ın hazırda Bakıda bazası var, orada məskunlaşıb. Baş vermiş hadisələrin ildönümü hər dəfə klub daxilində xatırlanır, heyət bir araya toplanır. Orada olanlar məni təəccübləndirmirdi. Çünki bunların hamısını hələ “Neftçi”də çalışanda bilirdim. Azərbaycanda çalışanlar bu tarixi bilirlər”.

Qeyd edək ki, Ruben Selleş 2012-2014-cü illərdə “Neftçi”də, 2015-2017-ci illərdə isə “Qarabağ”da köməkçi məşqçi kimi çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR