"Keşlə"nin futbolçusu: "Bu virus bir növ xarakter sınağıdır" - MÜSAHİBƏ

"Keşlə"nin futbolçusu: "Bu virus bir növ xarakter sınağıdır" - MÜSAHİBƏ
# 13 aprel 2020 12:26 (UTC +04:00)

"Keşlə"nin və Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərlinin apasport.az saytına müsahibəsi

- Koronavirus pandemiyası səbəbindən artıq bir aydan çoxdur ki, istirahətdəsiniz. Bu duruma öyrəşə bilmisinizmi?
- Bu vəziyyətə öyrəşmək heç cür mümkün deyil. İlk günlərdə ancaq yatırdıq, həvəssiz olurduq. Çünki heç nə bilinmirdi. Amma indi ən azı məşq edirik. Yeganə problemim yuxu rejimidir. Vaxtında yatıb-durmuram. Günorta yatandan sonra axşam adamın yuxusu qaçır. Əvvəl bir az tez yatırdıq ki, sabah məşq və ya oyun var. Amma indi elə vaxt olur ki, səhər 7-də yatıram.

- Bəs məşqi nə vaxt edirsiniz?
- Fiziki hazırlıq üzrə məşqçimiz olan Əli müəllim baş məşqçinin tələbinə uyğun proqram verir. Günorta 2-3-də yuxudan durub həmin məşqləri edirəm, sonra yenə yatıram. Axşam isə yata bilmirəm. Axşamlar özüm qaçıram, həyətdə topla çalışıram. Mümkün olan bütün məşq vasitələrindən istifadə edirəm.

- Bu məşq kifayət edir?
- Əlbəttə ki, xeyr. Türkiyə toplanışı zamanı zədə almışdım, 5 gün ancaq fərdi məşq etmişdim. Hələ həmin vaxt kollektivlə məşqə çıxanda mənə hərtərəfli ağır gəlirdi. İndi hamımız özümüzü aldadırıq. Sadəcə, özümüzü psixoloji cəhətdən hazır saxlamağa çalışırıq ki, problem yoxdur, ən azı məşq edirik.

- Avropanın bəzi ölkələrində klublar məşqlərə başlayıb, bəzilərində də bunun hazırlığı gedir. Düşünmək olarmı ki, problem geridə qalmaq üzrədir?
- Görünən odur ki, vəziyyət bir az sakitləşib. Artıq məşqlərə icazə verilir. Ayrı qruplara bölünüb 7-10 nəfərlə məşq etsəydik, yaxşı olardı. Ən azı məşqsiz qalmazdıq.

- Dünyada koronavirusa yoluxma sayına baxanda sizdə qorxu yaranmır?
- İnanın ki, balaca da olsa, qorxum yoxdur. Düzdür, bəzən eşidirsən, deyilir ki, dünyada bir siyasi oyun gedir. Amma mən belə şeylərlə maraqlanmıram. Əsas odur ki, özümüz, ailəmiz, ölkəmiz zərər görməsin. Bəlkə oyundur, bəlkə həqiqət. Ancaq istənilən halda, təmizlik imandandır. Bu virusun qarşısının alınmasının əsas tələbi də təmiz qalmaqdır.

- Evə qayıdanda hər dəfə əllərinizi spirtləməkdən, sabunlamaqdan yorulmursunuz?
- Əslində belə şeylərə riayət edən adam olmamışam. Həmişə evə gələndə anam deyirdi ki, birbaşa hamama get. Məndən olsa zala girərəm. İndi çöldən girəndə evdə spirtlə qarşılayırlar. Gülləri suladıqları 1 litrlik qabı spirtlə doldurub, məni onunla az qala yuyurlar (gülür).

- Çempionatın bərpasından sonra yaşıl meydanlara qayıtmaq çətin olmayacaq?
- Mənə elə gəlir ki, bu virus bir növ xarakter sınağıdır. Yəqin ki, bərpadan sonra məşq etmək üçün 15-20 gün vaxt veriləcək. Kimin iradəsi, xarakteri möhkəmdirsə, kim çempionat üçün darıxıbsa, bu müddətdə bilinəcək. 20 gündə elə məşq etmək lazımdır ki, futbolsuz qalmağın hiss olunmasın. Şəxsən mən inanıram ki, hamıdan yaxşı qayıdanlardan biri olacağam.

- Belə çıxır ki, koronavirusdan yox, futbolsuz qalmaqdan qorxursunuz?
- Tamamilə doğrudur. Koronavirusdan qorxum yoxdur, tez bir zamanda məşqlərin başlamasını istəyirəm. 10-12 ildir kollektivə öyrəşən adamam. Hər dəfə yığışırsan, söhbət edirsən, zarafatlaşırsan. İndi "Keşlə"nin vatçap qrupunda zarafatlaşırıq, adama qəribə gəlir ki, bunu hər gün üz-üzə edirdik.

- Evdə boş vaxtlarınızı necə dəyərləndirirsiniz?
- Evdə balaca qardaşım var. Məşqə heç marağı yoxdur, elmə meyilli uşaqdır, işi ancaq kitablarladır. Mənim tam əksimdir. Açığı, səbrim çatmadığı üçün kitab oxumaqla heç vaxt aram olmayıb. Amma filmlərə baxmaq maraqlı olur.

- Hansı filmləri izləyirsiniz?
- Demək olar ki, izlədiyim filmlərin təkrarına baxıram. "Arınma gecəsi" (The Purge) filminə çox baxıram. Çünki indiki dövrə tam uyğundur. İnsanların çarəsiz qaldığı zaman özlərini müdafiəsini göstərir. Belə filmlər mənə daha maraqlı gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR