“Laçi”nin direktoru: "Keşlə" ilə Kiprdə və ya İspaniyada oynaya bilərik"

“Laçi”nin direktoru: "Keşlə" ilə Kiprdə və ya İspaniyada oynaya bilərik"
# 11 avqust 2020 12:51 (UTC +04:00)

“Bizim üçün adi oyun olacaq. Tamaşaçısız olduğundan, meydan amilinin matça təsir edəcəyini düşünmürəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Laçi” klubunun direktoru Naim Halili deyib.

Albaniya mətbuatına danışan klub rəsmisi Avropa Liqasının I təsnifat mərhələsində “Keşlə” ilə keçiriləcək oyuna münasibət bildirib. O, komandasının mərhələ adlayacağına əminliyini ifadə edib: “Bizim üçün evdə və ya səfərdə oynamağın bir fərqi yoxdur. Hesab edirəm ki, Azərbaycan təmsilçisinə qalib gələcək heyətimiz var. “Laçi” oyunu həll edə biləcək keyfiyyətlərə malikdir. Komandaya güvənirəm, buna görə də mərhələni keçəcəyimizə inanıram. “Keşlə”ni az da olsa tanıyıram. Çünki iki il əvvəl Mladen Milinkoviç orada çalışırdı və bəzi matçlarını izləmək fürsətim olmuşdu”.

Halili Azərbaycana girişlə bağlı problem olduğundan, matçın neytral meydanda keçiriləcəyini istisna etməyib: “Hələ də Azərbaycanda oynayacağımızı dəqiq bilmirik. Hər şey COVID-19-la bağlı yaranmış vəziyyətdən asılıdır. Kiprdə və ya İspaniyada da oynaya bilərik, hələ məlum deyil. Yaxın günlərdə məkan dəqiqləşəcək və ondan sonra səyahət olunacaq yer müəyyənləşəcək”.

Qeyd edək ki, “Keşlə” – “Laçi” oyunu avqustun 27-də Bakıda keçirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR