Lionel Messinin maaşı ilə qurulacaq “11-lik” açıqlanıb

Lionel Messinin maaşı ilə qurulacaq “11-lik” açıqlanıb
# 02 mart 2021 11:51 (UTC +04:00)

“Barselona”nın kapitanı Lionel Messinin 2017-ci ildə yenilədiyi müqavilə müddəti bu yay başa çatacaq.

Apasport.az saytının məlumatına görə, həmin sözləşməyə əsasən, argentinalı superulduz geridə qalan 4 il ərzində nə az, nə çox, düz 555 milyon avro qazanıb.

Müasir futbolda, xüsusən də, koronavirus pandemiyasından sonra maliyyə böyük rol oynayır. Leonun qazandığı 555 milyon avro ilə hətta güclü bir komanda da qurmaq mümkündür. Bəs onun aldığı bu pulla necə “11-lik” qurmaq olar?

1. Qapıçı – Alisson Beker (63 milyon avro)
2018-ci ildə “Roma”nı “Liverpul”a dəyişdiyi andan bəri dünyanın ən yaxşı qapıçılarındandır. Braziliyalı qolkiperin Premyer Liqa təmsilçisi ilə sözləşməsindəki ümumi qazanc 63 milyon avrodur. Bu rəqəmlə o, hazırda dünyanın ən çox pul qazanan qapıçısıdır.

2. Sağ cinah müdafiəçisi – Əşrəf Hakimi (40 milyon)
Hakimi “İnter”ə ötən ilin yayında “Real”dan keçdi. Bu transfer üçün ispanlara 40 milyon avro ödəyən “neradzura” həmçinin futbolçunun özünə 5 illik sözləşmə qarşılığında 40 milyon avro verməyi qəbul edib.

3. Mərkəz müdafiəçisi – Vircil van Deyk (83 milyon)
Bir müdafiəçinin komandasına nə dərəcədə xeyir verə biləcəyinin ən yaxşı örnəklərindən biri van Deykdir. 2017/18 mövsümünün qış fasiləsində “Sauthempton”dan “Liverpul”a keçən niderlandlı oyunçu ən bahalı müdafiəçi ünvanına sahibdir.

4. Mərkəz müdafiəçisi – Lukas Ernandes (80 milyon)
“Bavariya” tarixinin ən bahalı transferi olan fransalını 2019-cu ildə “Atletiko”dan heyətinə qatıb. Ardıcıl zədələr Münhen təmsilçisində əsl bacarığını ortaya qoymağa mane olur.

5. Sol cinah müdafiəçisi – Alfonso Devis (10 milyon)
Simvolik komandadakı ən ucuz futbolçu Devisdir. Kanadalı müdafiəçi “Bavariya”ya cəmi 10 milyon avroya başa gəlib. 20 yaşlı oyunçu, xüsusən də, ötən mövsümü parlaq keçirdi.

6. Sağ cinah yarımmüdafiəçisi – Məhəmməd Salah (42 milyon)
“Liverpul”un heyətində Premyer Liqada ikinci dönəmini keçirən Salah “Çelsi”dən fərqli olaraq, “qırmızılar”la xariqələr yaratdı. “Roma”dan 42 milyon avroya alınan misirli ulduzun son vaxtlar adı “Real”la birgə hallanır.

7. Mərkəz yarımmüdafiəçisi – Tyaqo Alkantara (22 milyon)
Heyətdə özünə yer edən 4-cü “Liverpul”lu keçən yay “Bavariya”dan transfer olundu. İspaniyalı öz mövqeyinin ən yaxşıları sırasındadır.

8. Mərkəz yarımmüdafiəçisi – Bruno Fernandes (55 milyon)
Aleks Ferqyusonun gedişindən bəri uğursuz çıxış edən “Mançester Yunayted” ötən mövsümün dövrələrarası fasiləsində Bruno Fernandesin transferindən sonra yüksəlişə keçib. Aylar sonra Premyer Liqada liderliyə yüksələn “qırmızı şeytanlar” “Mançester Siti”nin ardıcıl qələbələri qarşısında tab gətirə bilmədi.

9. Sol cinah yarımmüdafiəçisi: Rahim Sterlinq (64 milyon)
“Liverpul”un yetirməsi olan Sterlinq hazırda “Mançester Siti”nin aparıcı simasıdır. “Şəhərlilər” 2015-ci ildə onun üçün 64 milyon avro ödədi. Hazırda isə Pep Qvardiola üçün əvəzedilməzdir.

10. Hücumçu – Erlinq Haland (20 milyon)
Keçən mövsümün əvvəlindən parlaq çıxış sayəsində özünü dünyaya tanıtdıran norveçli transfer olunduğu Dortmund “Borussiya”sında da qollarını sıralayır. Dortmundlular cəmi 20 milyon avroya aldıqları gənc futbolçunu 100 milyondan baha qiymətə satmağı planlaşdırır.

11. Hücumçu – Romelu Lukaku (75 milyon)
“Everton”da uğurlu çıxışa baxmayaraq, çempionluğa iddia edən komandalarda işi alınmayan belçikalı 2019-cu ilin yayında “İnter”ə keçdi. Hazırda A seriyasının bombardirlərindən olan forvard komandasını çempionluğa daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR