Nihat Kahveci: “Azərbaycanın bizi dəstəkləyəcəyinə şübhəmiz yoxdur”

Nihat Kahveci: “Azərbaycanın bizi dəstəkləyəcəyinə şübhəmiz yoxdur”
# 22 fevral 2020 14:49 (UTC +04:00)

Türkiyənin əfsanəvi futbolçusu Nihat Kahveci “Fərdi inkişaf zirvəsi” seminarı ilə əlaqədar olaraq Bakıda səfərdədir.

Apasport.az saytının məlumatına görə, 41 yaşlı sabiq hücumçu TRT Spor kanalının şərhçisi Ərdoğan Arıkanla birlikdə bu gün mətbuat konfransı keçirib.

N. Kahveci ilk olaraq səfərin məqsədi barədə danışıb: “Səhər İstanbuldan gəldik. Əvvəllər də bura gəlmişəm. Həm futbolçu dönəmində, həm də ötən il. Əla təşkilatçılıq var. Azərbaycan xalqı Avropa Liqasını uğurla təşkil etdi. İndi də “Fərdi inkişaf zirvəsi” ilə əlaqədar səfərdəyik. Təcrübəmizi azərbaycanlı qardaşlarımızla bölüşəcəyik. Hər kəs uğur qazanmaq istəyir. Biz də onlara fikirlərimizlə kömək etməyə çalışacağıq”.

O bildirib ki, Bakıdakı Avropa çempionatı ilə bağlı veteranların qarşılaşmasına dəvət alsa, sabiq komanda yoldaşı Darko Kovaçeviçi ölkəmizə gətirə bilər: “Onunla birlikdə oynamışıq, çox qollar vurmuşuq. Çempionluq yarışında olduğumuz illəri xatırlamağınız məni qürurlandırdı. Futboldan sonra hər kəs öz yoluna baxır. Kovaçeviç də öz ölkəsində çalışır. Belə bir dəvət olsa, hər ikimiz məmnuniyyətlə gələrik. Amma anlaşma baxımından heç kim bizdən o performansı gözləməsin.

N. Kahveci Türkiyə yığmasının yayda keçiriləcək AVRO-2020-nin Bakıda baş tutacağı oyunlarına barədə də danışıb: “Seçmə mərhələni uğurlu keçirdik. Buna çox sevindik. Azərbaycan da bu uğuru qazanar. Bakı bizim üçün favorit şəhərlərdəndir. Çünki burda öz evimizdəki kimi oynayacağıq. Stadionun çoxu bizi dəstəkləyəcək. Bu da komandaya əlavə motivasiya verəcək. 68 min nəfərlik stadion dolu olacaq. Uels və İsveçrə ilə görüşdə Azərbaycan xalqının bizi dəstəkləyəcəyinə şübhəmiz yoxdur. Ümid edirəm ki, qrupdan çıxarıq. İlk dəfə Bakıda oynayacağımızı eşidəndə sanki İstanbulda oynayacağımız qədər xoşbəxt olduq. Ən pis halda izləməyə gələrəm. Burda olmasaq da, könlümüz burada olacaq”.

Ötən il ulduzların oyunundan sonra onunla birdə Bakıya gələn Maykl Essyen Azərbaycanda qalıb, “Səbail”lə müqavilə bağlayıb. Türkiyəli futbolçu bildirib ki, həmin müddətdə hansısa klubumuzdan karyerasını bərpa etmək təklifi almayıb: “Mən gələndə 7 il idi ki, karyeramı bitirmişdim. Deməli, Essyenə Bakını gözəl tanıtmısınız. Burda çox xoşbəxt idi. Özü ilə də söhbət etmişdim. Essyeni sosial mediadan izləyirəm. Mənə elə bir təklif gəlmədi. Qismət deyilmiş. Burada oynasaydım, xoşbəxt olardım. Artıq 41 yaşım var. Futbolçu yox, baş məşqçi kimi və ya başqa sahədə təklif ola bilər”.

O, Türkiyə millisinin sabiq baş məşqçisi Abdullah Avcının adının Azərbaycan yığması ilə birgə hallanmasına da münasibət bildirib: “Yığmanızla bağlı mənə hansısa təklif olmayıb. Buna çox sevinərəm. Abdullah Avcı da əla məşqçidir. Onun adının hallanması bizim üçün qürurvericidir. Bu reallaşarsa, çox sevinərəm. Risk olmalıdır ki, uğur da gəlsin. Uğur qazanmamış bir yığmadan söhbət açırıq. Sən əvvəlki nəticədən yaxşısını etsən, uğurlu sayılırsan. Burada infrastruktur əladır. Azərbaycan millisi qruplarda daha çox xal toplamalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR