Ozan Can Kökçü: "Azərbaycan yığmasını seçdiyim üçün çox xoşbəxtəm və qürurluyam" - MÜSAHİBƏ

Ozan Can Kökçü: "Azərbaycan yığmasını seçdiyim üçün çox xoşbəxtəm və qürurluyam" - MÜSAHİBƏ
# 22 aprel 2020 12:00 (UTC +04:00)

"Sabah"ın və Azərbaycanın U-21 yığmasının futbolçusu Ozan Can Kökçünün apasport.az saytına müsahibəsi

- "Qroningen"dən "Feyenoord"a transferiniz zamanı hər kəs sizin Niderland və Türkiyə millisinə namizəd göstərirdi. Niyə onları deyil, Azərbaycan millisini seçdiniz?
- Bəli, "Qroningen"də 5 il keçirdim. Gözəl illər idi, orada uğurlu dönəm alındı. O ki qaldı milli seçimimə, yaxınlarım bunun səbəbini bilirlər. Bunu mətbuata demək istəmirəm. Türkiyə millisi ilə bağlı bəzi problemlər, qarışıqlıqlar yaranmışdı. Azərbaycan yığmasını seçdiyim üçün çox xoşbəxtəm və qürurluyam.

- Həmin dönəmlərdə Niderland və Türkiyə futbol federasiyalarından sizinlə təmasa keçən olmuşdu?
- Çox gənc idim, 16-17 yaşım var idi. Azərbaycan yığmasına gələndə də yaşım az idi. Açığı, bəzi danışıqlar olmuşdu, söhbətlərimiz aparılmışdı, amma alınmadı.

- Azərbaycan millisinə üstünlük verməyinizdə hansı amil əsas rol oynamışdı?
- Burada ilk gündən etibarən özümü evimdəki kimi hiss etdim. Azərbaycanda futboldan önəmli faktorlar da var, insanlıq kimi. Buranın əhalisi çox qonaqpərvər, istiqanlıdırlar. Birinci gündən özümü xoşbəxt hiss etdiyim üçün buranı seçdim. Açığı, problemlər üzündən heç bir millidə oynamaq istəmirdim. Sonra Azərbaycan mənə qapısını açdı, kömək etmək istədilər. Bura gəldikdən sonra da düzgün seçim etdiyimi gördüm.

- Ailənizin buna reaksiyası necə oldu?
- Həmin vaxtkı menecerlərimiz Niderland və Türkiyə yığmasının gələcək üçün daha yaxşı ola biləcəyini dedilər. Amma ailəmin Azərbaycan yığması variantına reaksiyası müsbət oldu. Bir az milliyyətçi ailəyik. Azərbaycanla Türkiyə də eyni millət sayıldığından, ailəmdən mənfi rəy gəlmədi. Arxamda durdular, "ürəyin nə deyirsə, onu elə" dedilər, qərarımı dəstəklədilər. Mən də ürəyimin səsini dinlədim, yaxşı ki, dinləmişəm. Azərbaycanda çox xoşbəxtəm.

- "Feyenoord"u tərk etməyinizdə Azərbaycan millisini seçməyinizin təsiri oldumu?
- İndiyə qədər bunu heç yerdə deməmişəm. Dəqiq səbəbini bilmirəm. İlk dəfə Antalyadakı təlim-məşq toplanışı zamanı Azərbaycan yığmasına qatılmışdım. Həmin toplanışa qədər "Feyenoord"un U-19 və U-21 komandalarının bütün oyunlarında 90 dəqiqə iştirak edirdim. Azərbaycan yığmasından döndükdən sonra məni ardıcıl 3-4 matç ehtiyatda saxladılar. Hər şeyin bir səbəbi var. Məncə, "Feyenoord"u tərk etməyimin ilk səbəbi Azərbaycan yığmasını seçməyim deyil. Niderland klubu ilə çox yaxşı şəkildə ayrıldım.

- Yığmamızı seçdiyiniz üçün heç peşmanlıq hissi yaşamadınız?
- İlk gündən burada çox xoşbəxtəm. Bu qərarıma görə heç vaxt peşman olmadım. Çünki hər şey futbol demək deyil. Futbolda əlbəttə ki, qələbə və məğlubiyyətlər var. Ancaq mən rahat ola biləcəyim bir yerdə yaşamaq istəyirdim. Bir türk kimi, Azərbaycanda çox rahatam. Özümü buranın bir insanı kimi görürəm. Mənim üçün Azərbaycanla Türkiyə arasında heç bir fərq yoxdur, hər ikisi eynidir.

- "Feyenoord"da olarkən adınız bir neçə Avropa klubu ilə hallanırdı. Niyə həmin vaxt "Bursaspor"u seçdiniz?
- Düzdür, adım bir neçə klubla çəkilirdi. Mətbuatda "Everton", "Tottenhem" və "Fənərbaxça"nın mənimlə maraqlandığını oxuyurdum. Başqa klublar da var idi. Həmin vaxt da "Bursaspor"da gənclərə üstünlük verirdilər. Məsələn, Enes Ünal, Ozan Tufan kimi oyunçular oradan çıxmışdılar. Belə oyunçuları üzə çıxarıb Avropa klublarına satırdılar. "Feyenoord"la müqavilə bitənə yaxın çox klub təklif göndərdi. "Bursaspor"un layihəsi daha çox diqqətimi çəkdi. Cəmi 18 yaşım var idi, düşünürdüm ki, orada oynayaraq inkişaf edərəm. Təəssüf ki, Bursa klubu verdiyi sözlərin üstündə durmadı. Ciddi maliyyə problemi yarandı, həmin il 4 baş məşqçi dəyişdi. Bütün gənc oyunçular üçün peşəkar mühit deyildi. Futbola köklənə bilmirdik. 18 yaşında bir gənc yalnız futbol oynamaq barədə düşünməlidir. Ancaq futbolətrafı çox hadisələr cərəyan etdi. Amma yenə də "Bursaspor"u çox sevirəm. Elə həmin problemlərə görə hazırda yaxşı vəziyyətdə deyillər. Ümid edirəm ki, yenidən Super Liqaya yüksələrlər.

- "Bursaspor"dan sonra "Valveyk" və "Giresunspor"da oynadınız. Harada səhv etdiyinizi düşünürsünüz?
- Bunları səhv kimi görmürəm. Hələ cəmi 21 yaşım var. Özümü inkişaf etdirib yenidən yüksəlişə keçmək istəyirəm. Açığı, Türkiyədə olduğum müddətdə futboldan küsdüm. Çünki oranın futbolunda çox fərqli hadisələr yaşanır. Gənc futbolçu üçün sağlam mühit deyildi. Futbolu əvvəlki kimi sevmirdim. Çünki tək düşüncəm futbol oynamaqdır. Amma başqa məqamlar görəndə əhvalım korlandı, həvəsdən düşdüm, oyunlara köklənə bilmirdim. Artıq 21 yaşım var, həm futbolçu, həm də bir insan kimi daha təcrübəliyəm. Buna səhv demək olarmı, bilmirəm. İndiki ağlım olsaydı, fərqli davranardım.

- "Sabah"a keçidiniz necə reallaşdı? Niderlandda yetişən bir futbolçu kimi niyə Azərbaycan çempionatında oynamaq qərarına gəldiniz?
- Azərbaycan millisinə çağırıldığım üçün bu ölkədən əvvəllər də təkliflər gəlirdi. "Giresunspor"da olanda Türkiyədə artıq rahat deyildim. Əhvalım yerində deyildi. Sonra ailəmlə danışdım, dedilər ki, Azərbaycanı, insanlarını sevirsən, niyə ora getmirsən? Bəlkə həyat orada sənə yeni macəralar bəxş edəcək. Bu üzdən Azərbaycan Premyer Liqasında oynamaq qərarına gəldim. Buna görə peşman da deyiləm. Çünki burada yavaş-yavaş toparlanmağa çalışıram. Azərbaycandakı menecerim Vaqif Heydərliyə də təşəkkür edirəm. Həmçinin mənə belə bir imkan yaratdığı üçün "Sabah" klubuna minnətdaram.

- Azərbaycan futbolu Niderland və Türkiyə futbolundan niyə bu qədər çox geridə qalır?
- Niderland futbol baxımından özünü inkişaf etdirmiş ölkədir. Əlbəttə ki, orada futbolun səviyyəsi çox yüksəkdir. Amma bu o demək deyil ki, Azərbaycan futbolunun səviyyəsi aşağıdır. Burada da yaxşı oyunçular, komandalar var. Düzdür, inkişaf etdirilməli şeylər var. İnanıram ki, qarşıdakı illərdə daha yaxşı olacaq.

- Karyeranızda erkən eniş yaşadınız. Yenidən eyni sürətlə yüksəlişə keçəcəyinizə nə dərəcədə inanırsınız?
- Doğrudur, bunu mən də eniş kimi görürəm. Çünki potensialıma bələdəm. İnsanlar bunu boş yerə demirlər. Eyni sürətlə yüksəlmək istəyirəm. Bu bəlkə 1, bəlkə də, 5 il ərzində reallaşar. Amma əlimdən gələni edəcəyəm. Özümə inanıram, bacarığımı da meydanda göstərəcəyəm.

- Qardaşınız Orkun Kökçü hazırda "Feyenoord"un əsas komandasında çıxış edir. O da Avropanın bir neçə nəhəng klubunun diqqət mərkəzindədir. Qardaşınızı gələcəkdə harada görürsünüz?
- Bəli, Orkunla maraqlanan klub çoxdur. Hazırda "Feyenoord"un əsas komandasındadır. 19 yaşda belə böyük klubda 90 dəqiqə oynamaq böyük uğurdur. "Feyenoord" özünü yaxşı hiss edir. Əlbəttə ki, təklifləri dəyərləndirəcək. Hələ koronavirus problemi aradan qalxsın. Ondan sonra futbola köklənmək olar.

- Səmimi cavab verin, Orkun, yoxsa siz yaxşısınız?
- Gözəl sualdır. Amma buna hər ikimiz cavab verə bilmərik. Orkun hazırda məndən daha yaxşı yerdədir. Bu, mənim üçün yetərlidir. Onun uğurunu görmək qürurludur. Bizim heç vaxt "kim daha yaxşıdır" müqayisəsi olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR