"Qarabağ" Çempionlar Liqasında darmadağınla mərhələ adlayıb

"Qarabağ" Çempionlar Liqasında darmadağınla mərhələ adlayıb
# 18 avqust 2020 21:50 (UTC +04:00)

Azərbaycanda koronavirus pandemiyası səbəbindən martda dayandırılan futbol yarışlarındakı həsrətə son qoyulub.

Apasport.az saytının məlumatına görə, 5 aylıq məcburi fasilə bu gün "Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki oyunu ilə başa çatıb.

Azərbaycan çempionu Şimali Makedoniya təmsilçisi "Sileks"lə üz-üzə gəlib. Ölkəsində ikinci yeri tutan, lakin çempion "Vardar"ın cəzası olduğu üçün Çempionlar Liqasında iştirak hüququ qazanan Kratovo klubu ilə görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.

Qarşılaşma Ağdam təmsilçisinin aşkar üstünlüyü şəraitində keçib. Xayme Romeronun hesabı açdığı görüşdə Vild-Donald Gerye qayıdışını dublla qeyd edib. Matçda son nöqtəni Mahir Emreli qoyub – 4:0.

UEFA-nın qərarına əsasən təsnifat mərhələləri bir oyundan ibarət olduğundan, darmadağınla qalib gələn “Qarabağ” II təsnifat mərhələsinə yüksəlib. Qurban Qurbanovun komandasının növbəti görüşdəki rəqibi “Şerif” (Moldova) - "Fola" (Lüksemburq) cütünün güclüsü olacaq. Bu oyun sabah keçiriləcək.

Qeyd edək ki, məğlubiyyətə üzülən "Sileks" mübarizəni Avropa Liqasında davam etdirəcək.

Çempionlar Liqası
I təsnifat mərhələsi
18 avqust
20:00. “Qarabağ” (Azərbaycan) – “Sileks” (Şimali Makedoniya) - 4:0
Qollar:
Romero, 11, Gerye, 40, 51, Emreli, 80
Hakimlər: Yaroslav Kozık, Viktor Nijnik, Vladimir Korotin, Anatoli Abdula (hamısı Ukrayna)
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 77. Vild-Donald Gerye, 8. Uroş Matiç, 18. İmayıl İbrahimli, 19. Filip Ozobiç, 9. Xayme Romero, 17. Abdullah Zubir, 11. Mahir Emreli,
Ehtiyat oyunçular: 12. Emil Balayev, 21. Rauf Hüseynli, 30. Abbas Hüseynov, 27. Kvabena Ovusu, 44. Elvin Cəfərquliyev, 71. Toral Bayramov, 99. Ruslan Hacıyev
Baş məşqçi: Qurban Qurbanov

“Sileks”: 1. Daniel Bojinovski, 5. Srcan Darşkoviç, 6. Xristian Qrozdanoski, 22. Angels Timovski, 26. Daniel Karçeski, 16. Viktor Serafimovski, 17. Burhan Mustafov, 20. Denis Ristov, 7. İvan İvanovski, 14. Pepi Georgiyev, 27. Deyan Tanturovski
Ehtiyat oyunçular: 25. Qoran Traykovski, 8. Boyan Spirkoski, 10. Miloş Jeravitsa, 9. Stefan Curiç, 11. Kristian Kostovski, 23. Filip Kostovski, 28. Andrey Kirovski
Baş məşqçi: Qoran Simov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR