"Qarabağ"ın qapıçısı: “Sivasspor”la oyun finala bərabər olacaq” - MÜSAHİBƏ

"Qarabağ"ın qapıçısı: “Sivasspor”la oyun finala bərabər olacaq” - MÜSAHİBƏ
# 25 noyabr 2020 12:36 (UTC +04:00)

“Qarabağ” klubunun qapıçısı Şahrudin Məhəmmədəliyevin apasport.az saytına müsahibəsi

- Heyətdə ciddi problemlər olsa da, Premyer Liqanın X turunda “Sumqayıt” üzərində 6:1 hesablı qələbə qazandınız. Bu hesab sizin üçün sürpriz olmadı?
- Biz hər oyunda meydana qələbə üçün çıxırıq və bunun üçün bütün gücümüzü səfərbər edirik. Bu mənada nəticənin necə olmasının bir fərqi yoxdur. 1 və ya 6 qol vurmaqdan çox qalibiyyət vacibdir. “Sumqayıt”la görüşdə də buna nail olduğumuz üçün sevinirik.

- Sabah Avropa Liqasının qrup mərhələsində “Sivasspor”la qarşılaşacaqsınız. Hər iki komandada ciddi itkilər var. İstanbuldakı görüşdən nə gözləmək olar?
- Fikrimcə, bu, bizim üçün finala bərabər oyun olacaq. Çünki “Sivasspor”dan xal ala bilməsək, qrupdan çıxmaq şansımızı itirəcəyik. Bu üzdən bütün komanda şəklində qələbəyə köklənmişik. Heyətdə itkilərin olmasına gəlincə, bu, futbolun içində olan şeylərdir. Yaxşı kollektivimiz var, sabah qrupda ilk xallarımızı qazanmaq istəyirik.

- Dörd əsas müdafiəçinizin xidmətindən məhrumsunuz. Arxa xətdə belə böyük dəyişiklik bir qapıçı kimi sizin işinizi çətinləşdirməyəcək?
- Hesab edirəm ki, hər şey qaydasındadır. Müdafiə xəttindəki dəyişikliklərin mənə təsiri baxımından heç bir problemim yoxdur. Yalnız Qara Qarayev öz mövqeyində oynamır. Qalan hər şey normaldır.

- Bu mövsüm qrupda ev oyunlarını da Azərbaycandan kənarda keçirirsiz. Sıx qrafik olan bir vaxtda tez-tez ölkə xaricinə yollanmaq oyun tempinizə mənfi təsir etmir?
- Bu, sıx oyun qrafikində əsas mənfi haldır. Bütün matçlar üçün təyyarə ilə yol getməli oluruq. Bu, heç də asan deyil. Xüsusən də, 3-4 gündən bir oyun keçirdiyin dönəmdə hər həftə təyyarə ilə yol getməyin istər-istəməz təsiri olur.

- Çempionatda son üç matçın hamısında 6 qol vurmusunuz. Bu performansı Avropa Liqasına daşıya biləcəksiz?
- Biz hər görüşə yalnız 3 xal üçün çıxırıq. Təbii ki, Avropa Liqası ilə çempionat eyni deyil. Avrokuboklarda öz ölkələrində yüksək yerlər tutan komandalarla qarşılaşırsan. Bayaq da dediyim kimi, bizim üçün neçə qol vurmaqdan çox qələbə önəmlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR