“Qəbələ”nin vitse-kapitanı: “Bizdə məşqçiliyi oxumağa başlayanda deyirlər ki, qocalmısan”

 “Qəbələ”nin vitse-kapitanı: “Bizdə məşqçiliyi oxumağa başlayanda deyirlər ki, qocalmısan”
# 21 dekabr 2020 15:36 (UTC +04:00)

“Karyeramı bitirəcəyim konkret tarix yoxdur. Amma təxmini daha nə qədər oynayacağımı bilirəm”.

Bunu apasport.az saytına “Qəbələ” klubunun vitse-kapitanı Asif Məmmədov deyib.

34 yaşlı yarımmüdafiəçi yaşının çox olmasına baxmayaraq, hələ karyerasını bitirəcək qədər zəifləmədiyini söyləyib: “Əgər zədə və bu kimi ciddi problemlər olmasa, daha 2-3 il oynamağı fikirləşirəm. Hələ ki, hər şey qaydasında gedir, hansısa məqamda çatdırmadığımı, məşqlərdə yorulduğumu hiss eləmirəm. Nə vaxt görsəm ki, alınmır, onda karyeramı bitirəcəyəm. Bu mövsümdən sonra ən azı 2 il - 2023-cü ilin yayına qədər oynamağı düşünürəm”.

Məmmədov futbolçu karyerasını bitirdikdən sonra hansı işlə məşğul olacağını da müəyyənləşdirib. O, gələcəkdə məşqçi kimi çalışmaq niyyətindədir: “Karyeramı bitirdikdən sonra da futbolda qalmaq istəyirəm. Məşqçi kimi fəaliyyət göstərməyi düşünürəm. Düzdür, hələ oxumağa, öyrənməyə başlamamışam. Bizdə futbol oynaya-oynaya məşqçiliyi oxumağa başlayanda deyirlər ki, qocalmısan, karyeranı bitirməlisən. Buna görə də, karyeramı bitirənə yaxın məşqçilik kurslarına yazılacağam”.

Qeyd edək ki, Asif Məmmədov 2015-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR