Qurban Qurbanov: “Rəşad Sadıqov məşqçi olandan sonra çempionatda aqressiya artıb”

Qurban Qurbanov: “Rəşad Sadıqov məşqçi olandan sonra çempionatda aqressiya artıb”
  • Clock-gray 18:46
  • calendar-gray 24 Dekabr 2020

“Rəşad Sadıqovu təbrik edirəm. Maraqlı komandası var. Hər rəqibə qarşı fərqli oyun qurur. Onun idman prinsipləri futbolçu kimi necədirsə, məşqçi kimi də elədir. Özü oyunçu olanda hər zaman cavanları məşqdə seçirdi”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XIII turunda “Zirə” ilə keçirilən oyun barədə danışarkən deyib.

“Azersun Arena”da keçirilən görüşdə hesabda geri düşən ağdamlılar ikinci hissədə vurduğu qollarla 3:2 hesablı əzmkar qələbə qazanıb.

Təcrübəli çalışdırıcı matçdan sonra qalibiyyəti şərh edib: “Bu gün futbolçular əziyyət çəkdilər. Rəşad məşqçi olandan sonra çempionatda aqressiya çoxalıb. Onun futbolçu kimi böyük faydası olub. Düşünürəm ki, məşqçi kimi də elə olacaq. Öz futbolçularımı da təbrik edirəm. Bizim üçün əsəbi oyun idi. Zubir kimi oyunçu sarı vərəqə aldı. Tələbim o idi ki, hamı səbirli olsun. Matçın gedişində nəticəni düşünmürdüm, qarşılaşmadan həzz alırdım. Mübarizə, sürətli hücum, maraqlı oyun alındı. Bəlkə də, ədalətli nəticə heç-heçə idi. Bu matç hamı üçün böyük təcrübə olacaq. Futbolçular da istirahətə yollanacaq. Ümid edirəm ki, pandemiya bitsin, belə oyunlarda azarkeşlər olsun. Bütün komandalardakı baş məşqçilər rəqabəti sevirlər. Hər birinə uğurlar arzulayıram”.

Qurbanov qışda yeni transferin ediləcəyinə əmin olmadığını söyləyib: “Kiminsə gedəcəyi inandırıcı görünmür. Gələnlər isə sual altındadır, futbolçu tapmaq asan deyil. Axtarışdayıq, amma hələ heç nə yoxdur".

O, avrokuboklarda iştirak etdikləri üçün mövsümün ilk yarısının həmişə çətin keçdiyini deyib: “Dekabra kimi bizim üçün heç də asan keçmir. Üç gündən bir oyunlarımız olub və böyük hesabla qalib gəlmişik. Zədəli oyunçuların olması məni narahat edirdi. Çempion olmaq heç vaxt asan olmayıb. Bəlkə də, bu mövsüm son turda qalib bilinəcək. Pandemiyaya görə dünya futbolunda da böyük dəyişikliklər var. Böyük klublar da istədiyi oyunu göstərə bilmir. Futbolçu xəstələnir və formasından uzaq qalır".

Çalışdırıcı koronavirusa yoluxması barədə də danışıb: “Mənim üçün çətin keçmədi, eşitdiyiniz simptomlar məndə mən var idi. Bir gün iy bilmədim. Ciddi müalicə olundum. Siz də özünüzü qoruyun, həqiqətən ciddi xəstəlikdir. Özüm də çox ciddiyə almırdım. Xəstəlik gələndən sonra ürəkli oğlan ehtiyatlanırdı (gülür). Ağdama getməyi çox istəyirdim. Futbolçular istirahət etmədi, İstanbuldan gələndən sonra Ağdama getdilər. Mən də getməyi çox istəyirdim. Amma test müsbət oldu. Mən indi də getmək istəyirəm. İşğaldan azad olunmuş əraziləri hamımız görməyi çox istəyirik. İmkanım olan kimi Şuşaya da gedəcəyəm”.

ApaSport

Digər xəbərlər