Ramil Şeydayev: "Qərarımın doğru olub-olmadığını yayda görəcəyik" - MÜSAHİBƏ

Ramil Şeydayev: "Qərarımın doğru olub-olmadığını yayda görəcəyik" - MÜSAHİBƏ
  • Clock-gray 09:25
  • calendar-gray 21 Fevral 2020

"Sabah"ın və Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin apasport.az saytına müsahibəsi

- "Sabah"da məşqlərə başlamısız. Hazırlığınız necə gedir və adaptasiya baxımından çətinlik yoxdur?
- Bəli, məşqlərə qoşulmuşam. Hazırlığımız əla keçir. Adaptasiya sarıdan isə heç bir problemim yoxdur. Belə deyək, formamı yığmağa çalışıram.

- Artıq bu həftə "Sabah"ın heyətində debüt edə bilərsiniz. Yeni komandanız Premyer Liqanın XVIII turu çərçivəsində "Səbail"lə qarşılaşacaq. Bu görüşü səbirsizliklə gözlədiyinizi demək olar?
- Təbii ki, "Səbail"lə oyunu gözləyirəm. Çünki çoxdandır ki, meydana çıxmıram. Futbol oynamaq üçün çox darıxmışam. Yeri gəlmişkən, ümid edirəm ki, "Səbail"lə oyundan qələbə ilə ayrılacağıq. 

- Rusiya çempionatında oynadıqdan sonra 8 komandalı Azərbaycan Premyer Liqasında oynamaq sizin üçün nə dərəcədə maraqlıdır?
- Mən bura enerjili gəlmişəm. Çempionatda neçə komandanın olmasının önəmi yoxdur. Hər oyunda əlimdən gələni edəcəm.

- "Sabah"da hücumçuların sayı az deyil. Əsas heyətə düşmək çətin olmayacaq?
- Komandada rəqabət olması hər zaman yaxşıdır. Məşqlərdə çox işləyəcəm, əlimdən gələni edəcəm.

- Mövsüm başa çatandan sonra, yayda sizi yenidən Avropa klublarının birində görə biləcəyik, yoxsa Azərbaycanda qalmaq niyyətindəsiniz?
- Əslində, Azərbaycanda qalmaq istəmirəm. Amma indidən də bir söz deyə bilmərəm. Görək necə olacaq. İndi fikrimi məşqlərə və oyunlara yönəltmişəm.

- Bir çox mütəxəssis "Sabah"a keçidinizi karyeranızda geriyə addım kimi qiymətləndirir. Buna necə şərh verərdiniz?
- Verdiyim qərarın doğru olub-olmadığını yayda görəcəyik. Amma mən bu qərarla geriyə addım atdığımı düşünmürəm. Məncə, Azərbaycana gəlmək geriyə addım deyil.

- AFFA milli komandanın baş məşqçi postu üçün Albaniyanı Avropa çempionatının final mərhələsinə çıxarmış Covanni De Byazi ilə danışıq aparır. Onun haqda məlumatınız var?
- Xeyr, bu məşqçi haqda heç bir məlumatım yoxdur. Ona görə nəsə deməyim doğru olmaz.

- Bəs, Sezar Meza Kollinin milliləşdirilməsi və yığmamızda oynaması xəbərin necə reaksiya verdiniz? Paraqvaylını tanıyırsınız?
- Onu da tanımıram. Amma haqqında eşitmişəm. Əgər Sezar bütün oyunlarda mübarizə aparacaqsa, xoş gəlib.

ApaSport

Digər xəbərlər