Ramiz Məmmədov: “Elxan Məmmədovun vədləri kağız üzərində qaldı”

Ramiz Məmmədov: “Elxan Məmmədovun vədləri kağız üzərində qaldı”
# 14 dekabr 2020 14:24 (UTC +04:00)

“Ötən ilin yayında yeni nəsil Veteranlar Şurası yaradıldı. Şura üzvləri “Neftçi”nin keçmiş bazasında otururdu. Ancaq AFFA heç bir il fəaliyyət göstərməyimizə imkan vermədi”.

Bunu apasport.az saytına veteran futbolçu Ramiz Məmmədov deyib.

Hazırda “Keşlə” klubunda koordinator vəzifəsində çalışan 52 yaşlı mütəxəssis AFFA-nın keçən il verdiyi sözün üstündə durmadığını söyləyib: “Veteranlar Şurasını 6 nəfər - Zaur Ramazanov, Hüseyn Məhəmmədov, Mahir Şükürov, Emin Quliyev, Kənan Kərimov və mən yaratmışdıq. Bizə Mahmud Qurbanov, Elxan Abdullayev və Vaqif Cavadov da qoşulmuşdu. Bir növ skaut işi görməli, istedadlı uşaqların üzə çıxması yönündə çalışmalıydıq. AFFA-nın vitse-prezidenti Elxan Məmmədovla görüşümüz oldu, lakin verilən vədlər kağız üzərində qaldı. Böyük sözlər verilmişdi ki, bu iş yavaş-yavaş irəliləyəcək. AFFA heç bir il maliyyə ayırmadı. Ancaq fikirləşmədilər ki, bir ilə böyük irəliləyiş etmək mümkün deyil. Belçika, Serbiya kimi ölkələr buna misaldır”.

“Qəbələ” və “Keşlə”nin sabiq baş məşqçisi yaradılan şuranın əsas vəzifəsi barədə də məlumat verib: “AFFA üç nəfər üçün oturmağa yer verdi. Bizim vəzifəmiz Azərbaycanda istedadlı uşaqları üzə çıxarmaq idi. Onların inkişafı üçün də illər və investisiya lazım idi. Elxan Məmmədovla görüşümüz zamanı danışıldı ki, üzə çıxaracağımız istedadlı futbolçular 14-15 yaşlarında əlaqələrimiz sayəsində Avropa klublarının akademiyalarına yönəldilsin. Qərara aldıq ki, yerlərdə olan veteran futbolçuları da işə cəlb edək. Ancaq verilən vədə cəmi 8 ay əməl edildi və Veteranlar Şurası dağıdıldı”.

O, bu məsələyə birbaşa Elxan Məmmədovun nəzarət etməli olduğunu deyib: “Şuranı niyə dağıtdıqlarının səbəbini də demədilər. Bizə də qaranlıq qaldı. Halbuki ayda bir dəfə görüşməli idik. Ancaq Elxan müəllim bizi qəbul etməyəndən sonra necə görüşə bilərdik? Əgər gedib axtarıb tapmırsansa, bəs o uşaqlar necə yetişəcək? Bax bütün bu suallar AFFA rəhbərliyinə, konkret Elxan Məmmədova verilməlidir”.

Ramiz Məmmədov AFFA tərəfindən vaxtilə Almaniyada yaradılan akademiya ilə bağlı iradını da bildirib: “AFFA Berti Foqtsun vaxtında Almaniyada uşaq futbol akademiyası açmışdı. Deyin görək, oradan hansı futbolçu yetişdi? Ora nə qədər pul xərcləndi, bəhrəsi nə oldu? Bu barədə heç kim danışmır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR