Ramiz Məmmədov: “Futbola aidiyyəti olmayan insanlar bu sahədən pul qazanırlar”

Ramiz Məmmədov: “Futbola aidiyyəti olmayan insanlar bu sahədən pul qazanırlar”
  • Clock-gray 16:50
  • calendar-gray 01 Aprel 2021

“Klubunun autsayder olduğu liqadan gələn milliləşmiş futbolçunun bizə nə faydası var?”.

Bunu apasport.az saytına Azərbaycan yığmasının sabiq futbolçusu Ramiz Məmmədov deyib.

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində keçirdiyi ilk iki oyunu (Portuqaliya – 0:1, Serbiya – 1:2) dəyərləndirən 53 yaşlı mütəxəssis, xüsusən də, Portuqaliya ilə matçdakı mübarizəyə toxunub: “Portuqaliya ilə oyunda millimiz 7 müdafiəçi ilə çıxış edirdi. Heç Serbiyanı demirəm. Serbiya nə komandadır ki. Şahrudin Məhəmmədəliyev birinci matçda Lev Yaşinə dönmüşdü. Biz əslində həmin oyunu 0:1 hesabı ilə uduzmadıq. Şahrudinin çıxardığı 15 topu niyə saymırsız? Cəsarətsiz futbol heç kimə lazım deyil”.

Məmmədov Premyer Liqanın bombardiri Namiq Ələsgərovun Serbiya ilə qarşılaşmada “23-lüy”ə salınmamasına, Ağabala Ramazanovun isə dəvət olunmamasına da münasibət bildirib: “Çempionatımızın bombardiri olan Namiq Ələsgərov, Araz Abdullayev, Ağabala Ramazanov, Qismət Alıyev, Urfan Abbasov kimi uşaqlar kənarda qalıblar. Amil Yunanovu niyə oynatmırlar? Bilirsiz, yığmaya oyunçunu bu işin içindən çıxan mütəxəssislər gətirməlidir. Amma futboldan anlayışı olmayanlar kimi gəldi gətirirlər. Hanı Eddi İsrafilov, Dmitri Nazarov, Pavel Paşayev? Bu gün futbolla aidiyyəti olmayan insanlar bu sahədən pul qazanırlar”.

“Qəbələ” və “Keşlə”nin sabiq baş məşqçisi yığmadan kənarda qalan futbolçulara isə həvəsdən düşməməyi məsləhət görüb: “Futbolçu sınmamalıdır, özünü bir daha sübut etməlidir. Canni De Byazi, Milan Obradoviç postunda daimi deyil ki, onların da bir vaxtı var. Namiq, Ağabala və digərləri dayanmadan üzərlərində işləməlidirlər. Hər şeydən əvvəl bu işdən ailələrinə çörək pulu qazanırlar. Kimdənsə inciyib futboldan gedəsi deyillər ki. Məsələn, Ramil Şeydayevin səhvi onda oldu ki, onu oynatmadıqları üçün həvəsdən düşdü, nəticədə əvəzedici heyətə qədər düşdü. O, özü özünü sındırır. Futbolçunu təzyiq altında saxlaya bilərlər, amma iradəli olmaq lazımdır. Kriştianu Ronaldonun 36 yaşı var, hansısa ölkəyə gedəndə çatan kimi zalı açdırır, məşq edir. Arxayınlaşmır, çünki bilir ki, bədən daim işlək vəziyyətdə olmalıdır. Yığmaya düşə bilməyən futbolçularımız da Ronaldonu örnək götürsünlər. Kimlərsə onları əzmək, sındırmaq istəyirlər. Amma məsləhətim odur ki, həvəsdən düşməsinlər”.

ApaSport

Digər xəbərlər