"Sabah"ın baş məşqçisi: “Bəzi şeylər var ki, onları əvvəldən həll etmək lazım idi”

"Sabah"ın baş məşqçisi: “Bəzi şeylər var ki, onları əvvəldən həll etmək lazım idi”
# 08 noyabr 2020 19:46 (UTC +04:00)

“Demək olar ki, oyuna pis başlamadıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının IX turunda “Zirə” ilə keçirilən oyundan sonrakı mətbuat konfransında deyib.

“Bank Respublika Arena”da 0:1 hesablı yenilgiyə məruz qalan “Sabah” ardıcıl 6-cı məğlubiyyətini alıb. İspaniyalı mütəxəssis qısa şərhdən sonra sualları cavablandırıb: “Penalti epizodumuz oldu, yararlana bilmədik. Slavik Alxasov və Filip İvanoviçin zədələnməsi oyunumuza təsir etdi. Rəqib qol vurdu və qələbə qazandı”.

- Ardıcıl 6 oyundur ki, məğlub olursuz. Bunun səbəbini nədə görürsüz?
- Bu situasiyada nəsə demək çətindir. Penalti epizodumuz olur, yararlana bilmirik. Sonra rəqib sadə epizodda fərqləndi. Məğlubiyyətlərə səbəb qol imkanlarımızdan yararlana bilməməyimizdir. Son 4 oyunda yaratdığımız şanslardan fərqlənə bilmiriksə, bu, çətin bir şeydir, inanılmazdır. İstədiyimiz nəticəni əldə edə bilmədik, çox üzgünəm.

- Bu gün Ramil Şeydayev mərkəz hücumçusu kimi oynadı. Əvvəlki matçlarda cinahlarda çıxış edirdi. Onda nə fərq gördüz?
- Ötən görüşdə də Ramil mərkəzdə oynamışdı. Elə də böyük fərq görmürəm.

- Hər dəfə müxtəlif bəhanələrlə məğlubiyyətlərə “don geyindirirsiz”. Sona 5 dəqiqə qalmış rəqib azlıqda idi, ancaq qapıya zərbə endirə bilmədiz. Sizə elə gəlmir ki, komanda artıq baş məşqçini qəbul etmir?
- Sizin fikrinizlə razı deyiləm. Sadəcə, son 5 dəqiqəni istədiyimiz kimi oynaya bilmədik. Bizim daha çox qol imkanımız var idi, nəinki rəqibin.

- Öz fəlsəfənizi komandaya otuzdurmağa nə mane olur?
- Bəzi şeylər var ki, onları əvvəldən həll etmək lazım idi. Mən öz fəlsəfəmi də dəyişdim ki, dinamikanı artıraq. Hazırda fəlsəfənin, sistemin önəmi qalmır. Vacib olan bizim üçün qələbədir. Hansı sistemlə, hansı fəlsəfə ilə olursa-olsun, qələbə qazanmaq lazımdır. Əvvəlcə fəlsəfəm daha çox topu saxlayan, rəqibə təzyiq edən komanda yaratmaq idi. Amma bu, turnir cədvəli üçün yaramır. Hazırkı situasiyada hər şey bizim əleyhimizədir. Nəsə edib, dinamikanı dəyişmək lazımdır.

- Qarşıda 15 günlük fasilə var. Vəziyyəti düzəltmək üçün bu vaxt kifayətdir?
- Cəhd edəcəyik, ancaq 7-8 futbolçumuz yığmanın düşərgəsində olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR