"Sabah"ın futbolçusu: "İnsanların bu problemi ciddi qəbul etməsini istərdim" - MÜSAHİBƏ

"Sabah"ın futbolçusu: "İnsanların bu problemi ciddi qəbul etməsini istərdim" - MÜSAHİBƏ
# 04 aprel 2020 12:17 (UTC +04:00)

"Sabah"ın moldovalı yarımmüdafiəçisi Yevgeni Koçukun apasport.az saytına müsahibəsi

- Ölkədə karantin rejimi gücləndirilib. Vaxtınızı necə keçirirsiniz, evdən çıxmamaqla bağlı qadağalara əməl edirsiniz?
- Əlbəttə ki, karantin qaydalarına əməl edirəm. İndi bu şərtlər hər kəs üçün çox vacibdir. Şəxsən mən daim evdə qalmağa çalışıram. Yeganə istisna məqam həftədə bir dəfə marketə getməyimdir. Kitab oxumağa vaxt sərf edirəm, filmlərə baxıram. Ev şəraitində məşq keçməyi də unutmuram. Hər şeydən önəmlisi sevdiklərimlə ünsiyyət qururam.

- Koronavirus pandemiyası bütün dünyada yayılıb və bunun qarşısını almaq çox çətindir. İnsanların bəziləri qadağalara məhəl qoymurlar. Sizin bu məsələyə münasibətiniz necədir?
- Həqiqətən də, bu infeksiya çox sürətlə yayılır. İnsanların bu problemi ciddi qəbul etməsini istərdim. Heç olmasa yaxınlarının, ətrafındakı insanların sağlamlığını qorumaq üçün karantin qaydalarına riayət etsinlər, evdə qalsınlar.

- Ölkənız Moldovada vəziyyət necədir? Yaxınlarınızla əlaqə saxlaya bilirsiniz?
- Xəbərləri izləyirəm, vətənimdə baş verənlər barədə daim xəbərdar oluram. Orta hesabla hər gün 30-40 nəfər yoluxurdu. Artıq bu say da artıb. Arzum budur ki, tezliklə bu bəla bitsin, hər kəs sağlamlığına qovuşsun. Sevdiklərimlə hər gün əlaqə saxlayıram, bu baxımdan problem yoxdur.

- Mövsüm may ayından tez bərpa olunmayacaq. Daha bir ay futbolsuz qalmaq sizin üçün nə deməkdir?
- Futbolsuz həyat çox çətindir. Heç vaxt bu qədər boş vaxtımız olmamışdı. Həmişə maksimum 7-10 günlük istirahət imkanı yaranırdı. İlboyu məşqlər, oyunlar, toplanışlar... İndiki duruma öyrəşmək çətindir, düzü, darıxıram.

- Bəzi ölkələrdə çempionatın ləğvini tələb edən klublar var. Belçikada isə artıq çempion elan edilib. Siz bu barədə nə düşünürsünüz?
- Mənə görə, ləğv qərarındansa, ən yaxşısı çempionatın davam etdirilməsidir. Təqvimi sıxlaşdırıb, 3-4 gündən bir oynamaq olar. Qısamüddətli fasilədən dərhal sonra da yeni mövsüm start götürər. Ancaq hər ölkənin öz qaydaları və təqvim tarixi var.

- Mövsümün bərpası mümkün olmasa, hazırkı mövqelərə uyğun olaraq avrokuboklara vəsiqə şansı verilsə, bunu ədalətsizlik sayarsınız?
- Bəli, belə qərar verilərsə, bunu ədalətsizlik sayaram.

- UEFA-nın məsləhəti ilə bütün ölkələrdə futbolçuların 1 aylıq maaşları kəsilə bilər. Buna hazırsınız?
- Bu barədə qərarı mən verə bilmərəm. Ancaq mən bunu istəməzdim.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR