Samir Əliyev: “Klublar sabahı yox, bu günü düşünürlər” – “Mütəxəssis baxışı”

Samir Əliyev: “Klublar sabahı yox, bu günü düşünürlər” – “Mütəxəssis baxışı”
# 25 fevral 2020 17:26 (UTC +04:00)

Öz dövrünün ən güclü hücumçularından biri, bəlkə də, birincisi Samir Əliyev olub.

Apasport.az saytının məlumatına görə, əsasən “Volın”ın heyətində Ukrayna çempionatındakı çıxışı ilə hamının rəğbətini qazanan, “Neftçi”, “Xəzər Lənkəran” kimi iddialı klubların formasını geyinən 41 yaşlı mütəxəssis hazırda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə rəhbərlik edir.

Əliyevlə söhbətimiz də məhz onun baş məşqçisi olduğu yığma və gənc futbolçular üzərində qurulub. "Mütəxəssis baxışı" rubrikasının suallarını cavablandıran Samir Əliyev milliləşdirilməyə də münasibət bildirib.

- Hazırda bir həftəlik təlim-məşq toplanışındasınız. Bu hazırlıq nəyə xidmət edir?
- Oktyabrda Avropa çempionatının seçmə mərhələ oyunlarına çıxacağıq. Bu ilin yanvarından başlayaraq, həmin vaxta qədər hər ay toplanış keçirməyi planlaşdırırıq. Ötən ay Antalyaya bəzi uşaqları apara bilməmişdik. Bu dəfə hazırlıq durumlarına baxmaq üçün 11 yeni oyunçu dəvət etdik. “Keşlə-2” və “Neftçi-2” ilə yoxlama görüşlərində onları sınayacağıq. U-19 liqasını müntəzəm izləyirik, hər kəsi nəzarətdə saxlayırıq. Elə futbolçular var ki, bu dəfə çağıra bilmədik, amma gələn toplanışa dəvət ediləcəklər.

- Avropada 19 yaşlı futbolçu artıq tanındığı halda, bizdə heç Premyer Liqa klublarının ehtiyatına düşə bilmirlər. Bu durum sizi narahat etmirmi və belə vəziyyətdə nəyə ümid etmək olar?
- Əlbəttə ki, narahat edir. Bizdə heç U-19 liqası istədiyimiz səviyyədə deyil. Düzdür, bəzi uşaqlar əsas komandalara cəlb olunur, məşq edirlər. Amma təkcə məşqlə iş düzəlmir. Birinci divizionda çıxış edənlər də var. Ancaq çoxu U-19 liqasında oynayır ki, oranın da səviyyəsi aşağıdır. Ölkədən kənara çıxanda bunun çətinliyini görürük. Hətta Avropanın ortabab komandaları ilə də ayaqlaşa bilmirik. Futbolçularla danışırıq ki, üzərlərində daha çox işləsinlər, ən azı birinci divizionda oynasınlar.

- Məgər problem tək futbolçulardadır? Onları yetişdirməli olan klublar bunda məsuliyyət daşımırlar?
- Bu elə mövzudur ki, gərək saatlarla müzakirə edəsən. Ola bilsin ki, klublarda da aşağı yaş qruplarına qarşı diqqətsizlik var. Məsələn, tək-tük klub rəhbərləri var ki, U-19 komandasının oyununu izləməyə gedirlər. Hamımız deyirik ki, uşaq futbolu inkişaf etdirilməlidir. Ancaq bura diqqət istənilən səviyyədə deyil.

- Toplanışa dəvət etdiyiniz “Hoffenhaym”ın müdafiəçisi Kaan Özkayanın milliləşdirilməsinə sizi nə məcbur etdi?
- Mən hətta futbolçu olan vaxtlarda da milliyə kənardan oyunçu dəvət edilməsinin tərəfdarı olmamışam. Ancaq müstəqilliyin ilk ilindən bizdə milliləşdirilmə olub. Hər dövrdə kifayət qədər milliləşənlər olub. O ki qaldı Kaan Özkayanın dəvət olunmasına, bu, məcburiyyətdən yarandı. Azərbaycan futbolunda stopper problemli mövqedir. Son illər stabil futbolçu yetişmir. Ən böyük problemimiz isə odur ki, oktyabrdakı seçmə mərhələnin ilk oyununa iki əsas stoppersiz çıxmalı olacağıq. Onlar U-17-nin heyətində son rəsmi matçda qırmızı vərəqə almışdılar. Həmin mövqedə isə nəinki rəqabətədavamlı, heç istədiyimiz səviyyəyə yaxın futbolçu yoxdur. Biz də məcburiyyətdən Kaan Özkayanı dəvət etdik. Onun da durumuna hələ baxırıq. Elə oyunçu milliləşdirməliyik ki, yerlidən güclü olsun və rəqabət yaratsın. Özümüzdə olsaydı, milliləşməyə qarşı çıxardım. Təəssüf ki, əlimizdə olanlar da istədiyimiz səviyyədə deyillər. Əgər belə biri varsa, məşqçilər, klub rəhbərləri buyursunlar, adlarını bizə desinlər.

- Futbolçuların izlənmə, onları axtarıb tapma prosesi necə gedir? Skautlar təklif edirlər, yoxsa özünüz tapırsınız?
- İlk növbədə axsayan mövqelərə baxılır. Məsələn, elə mövqe var ki, orada futbolçu yoxdur və ya bir oyunçu var, o da rəqibsizdir. Bəzən görürsən ki, yerli futbolçunun potensialı var, ancaq rəqibi olmadığı üçün öz üzərində işləmir. Kənardan birini gətirib oynadanda həmin uşaqda qıcıq yaranır. Biz də başa salırıq ki, sən oynamalısan, kənardakını da ona görə gətirmişik ki, yaxşı olduğunu sübut et. Digər problem də bayaq dediyim kimi, bəzi mövqedə normal səviyyədə futbolçunun olmamasıdır. İki stopperimiz ilk rəsmi oyunu buraxacaq və biz oktyabra qədər həmin mövqeyə oyunçu axtarmalıyıq. Bu da elə yaş dövrüdür ki, 5-6 aya kimisə hazırlaya bilməzsən. Özümüz də axtarırıq, axsayan mövqelərlə bağlı skautlara da müraciət edirik. Kimi gəldi götürmürük.

- Aşağı yaş qrupu üzrə yığmalarda indiyə qədər milliləşdirilmiş oyunçuların demək olar ki, hamısı yoxa çıxıb, əsas komandaya qədər yüksələ bilməyib. Bunun səbəbi nədir?
- Ola bilsin ki, inkişaf etmir və ya gələcəkdə futbol oynamaq istəmir. Ola bilsin ki, məşqçi dəyişikliyindən sonra yeni çalışdırıcı ona ehtiyac duymur. Biz yalnız istədiyimiz səviyyədə yerli futbolçu olmayan mövqe üçün milliləşdirmə aparırıq. Həm də rəqabət yaratmaq istəyirik. Siyahımızda 2002-ci il təvəllüdlü 50-yə yaxın futbolçu var. Onlardan 2-3-nün milliləşdirilməsi elə böyük problem sayılmamalıdır. Gəlmə komandaya güc qatacaq, digər futbolçuların inkişafına təkan verəcək səviyyədə olmalıdır. Bəli, buna görə təzyiqlər var. Amma heç kim deyə bilməz ki, kiminsə qarşısını kəsirik, inkişafına mane oluruq. Çünki istədiyimiz səviyyədə yerli oyunçumuz varsa, nəyə görə kənardan futbolçu axtaraq? Deməli, yoxdur və ya varsa da, o səviyyədə deyil.

- İstedadlı saydığımız bir çox yerli gənclər də 19-20 yaşdan sonra gözə görünmürlər. Bu keçid dövrünün uğursuz alınması nədən qaynaqlanır?
- Bu suala cavab vermək çətindir. Səbəbini bilsəydik, bir tədbir görərdik. Yəqin ki, həmin uşaqlara diqqət, inam olmur. Çünki 18-19 yaşlı futbolçu birdən-birə əsas komandada stabil oynaya bilməz. Hansısa gəncə bir matçda 15-20 dəqiqə şans verilir, uşaq bir az zəif təsir bağışlayır, komanda da məğlub oldusa, baş məşqçi bir daha ona güvənmir. Gərək daim güvənəsən. Digər tərəfdən, hazırda Premyer Liqada sonuncu yerdə gedən komanda Avropa Liqasına vəsiqə verən yerdən çox da uzaq deyil. Hamı avroliqaya düşmək istəyir, heç kim risk edib cavan futbolçuya şans vermir. Bu, klubların strategiyasından asılıdır.

- Deməli, klublarımız sabahı yox, bu günü düşünürlər?
- Bəli, sabahı yox, məhz bu günü düşünürlər. 18-19 yaş keçid dövrü sayılır. Elə futbolçular var ki, əsgərliklə, universitetlə bağlı problemlər yaşayırlar, evdə müəyyən sıxıntılarla üzləşirlər. Baxırsan ki, istedadlıdır, gələcəkdə yaxşı futbolçu ola bilər. Ancaq klubu tərəfindən ona lazımi diqqət ayrılmır. Futbolçular var ki, klublarına yox, AFFA-ya gəlirlər ki, mənə kömək edin. Ancaq onlara AFFA deyil, klub qayğı göstərməlidir, maraqlanmalıdır. Diqqətsizlikdən də həmin yaşa çatanda küsürlər, inciyirlər, nəticədə futboldan gedirlər.

- Nəsil dəyişikliyi olduqca futbolumuz daha da zəifləyir, əvvəlkindən aşağı səviyyəli gənc futbolçular üzə çıxır. Bu da klubların zəifləməsinə yol açır...
- Doğrudur. Ötən ay Antalyada Makedoniya ilə keçirdiyimiz yoxlama görüşlərini kənardan izləyən skautlar, klub nümayəndələri var idi. Onlar bir neçə futbolçumuzun adını siyahılarına əlavə etmişdilər. Əminliklə deyə bilərəm ki, yaxşı uşaqlar da var. Sadəcə, onlarla işləmək lazımdır, güvənmək, oynatmaq vacibdir. Təəssüf ki, indi hamı bu günlə yaşayır, heç kim sabahı düşünmür. Hansı klubun 4-5 illik planı var? Futbolçu ilə 4 aylıq müqavilə bağlanılırsa, başqa nədənsə danışmağa ehtiyac yoxdur.

- Son olaraq “Keşlə”nin yarımmüdafiəçisi Sezar Meza Kollinin milliləşdirilməsi böyük narazılıqla qarşılandı. Sizin bu məsələyə münasibətiniz necədir?
- Burada iki məsələ var: onu klub milliləşdirib, yoxsa AFFA yığma üçün belə edib? Əgər klub öz mənafeyi üçün milliləşdiribsə, limiti düşünərək bunu edib. Ancaq milli komanda üçün belə addım atılıbsa, bunun tərəfdarı deyiləm. Çünki o mövqedə futbolçular var ki, onlara güvənmək olar. Hamı deyir ki, Sezar Meza Kolli əla futbolçudur. Ancaq Çempionlar Liqasının, Avropa Liqasının qrupunda müntəzəm oynayan, meydanda nəyisə həll edəcək, dəyişəcək səviyyədə futbolçu deyil. Kimin təşəbbüsünün olduğunu bilmirəm. Onun milliləşdirilməsində məqsəd nədir, onu başa düşmədim. Hər bir addımın bir səbəbi olmalıdır. Bunu da kimsə çıxıb açıqlamalıdır.

- İndiyə qədər milliləşdirilənlər arasında elə bir oyunçu varmı ki, onun yığmaya çağırılmasına sevinmişik?
- Təkcə Riçard Almeyda yığmaya güc qatır, komandaya köməyi dəyir. “Qarabağ”ın futbolçuları meydanda bir-birilərini gözüyumulu başa düşürlər. Bu mənada Almeydanın milliləşdirilməsini anlamaq olar. Böyük təcrübəsi var, ardıcıl 6 il avrokubokların qrup mərhələsində oynayıb. Yerli uşaqlar da onun yanında püxtələşirlər, peşəkarlığından, davranışından nümunə götürürlər.

- U-16 və U-18 yığmalarına yeni baş məşqçilər təyin olundu. Xüsusən də, U-18-in fəaliyyət göstərməsi yəqin ki, sizə əlavə kömək olacaq?
- U-16, U-17 və U-18 yığmalarının olması sevindirici haldır. Keçən il U-18 olmadığından, hazırda bizimlə olan uşaqlar havada qaldılar, bir ildən çox beynəlxalq oyunlarda iştirak etmədilər. Axırıncı dəfə 2018-ci ildə oynayıblar. Artıq U-18 olduğu üçün bundan sonra U-19-a qoşulacaq uşaqların beynəlxalq təcrübəsi daha çox olacaq. Hər yaş qrupundan 1-2 futbolçu çıxsa, futbolçu qıtlığı yaşamarıq. Yəqin ki, Elxan Abdullayevlə oturub müzakirələr aparacağıq. Onunla işbirliyimiz mütləqdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR