Səttar Əliyev: “Atam vəsiyyət eləmişdi ki, həyətimizin torpağından məzarımın üstünə tökərsən” - MÜSAHİBƏ

Səttar Əliyev: “Atam vəsiyyət eləmişdi ki, həyətimizin torpağından məzarımın üstünə tökərsən” - MÜSAHİBƏ
# 20 noyabr 2020 12:34 (UTC +04:00)

Ağdam futbolunun canlı əfsanəsi, karyerası boyu yalnız “Qarabağ”ın formasını geyinmiş futbol mütəxəssisi Səttar Əliyevin apasport.az saytına müsahibəsi

- Azərbaycan Ordusunun bölmələri 1993-cü il iyulun 23-də işğal olunan Ağdam rayonuna bu gün daxil olub. Bir ağdamlı kimi, yəqin ki, bu anı çoxdan gözləyirdiniz...
- Hamımızın gözü aydın olsun. Şükür ki, belə bir sevincli günü kağız üzərində yazı ilə yaşamadıq. Allah Ordumuzu, əsgərlərimizi, Ali Baş Komandanımızı qorusun. Öz zəhmətimiz, qanımız bahasına o torpaqları geri qaytarmışıq. Neçə gündür sevincimizi yaşayırıq. Şuşanı murdar ermənilərdən təmizləyəndə və bunu Ali Baş Komandanımız televiziya qarşısında elan edəndə evdə hamımız sevincimizdən ağladıq.

- Müjdəli xəbəri aldığınız zaman ilk olaraq kiminlə əlaqə saxladınız?
- İlk sevincimi komandamızın Şuşadan olan həkimi Nizamiyə telefonla ağlaya-ağlaya səs ataraq bölüşdüm. Hönkür-hönkür ağladığımı görən evdəkilər də mənə qoşuldular. Şuşa bizim baş tacımız idi, Qarabağı onsuz təsəvvür etmək mümkün deyildi. Şuşanın alınması ilə ermənilərin ağ bayraq qaldırması bir oldu. Gözəl başa düşürdülər ki, təslim olmasaydılar, uzağı bir həftəyə hamısı məhv olacaqdı.

- İllərdir yurdundan-yuvasından didərgin düşənlərin hər birinin arzusu var. Sizin arzunuz nə idi?
- Ağdamdan çıxanda atam və anam Bakıya gəlmədi, Ağcabədidə qaldılar. Deyirdilər ki, Ağdamın qoxusunu, nəfəsini buradan alırıq. Onlar Ağcabədidə vəfat etdilər. Atam dünyasını dəyişməzdən əvvəl mənə vəsiyyət elədi ki, öz həyətimizin torpağından gətirib məzarımın üstünə tökərsən. Ağdama çatanda torpağı öpəndən sonra bu vəsiyyəti də yerinə yetirəcəyəm. Gedən kimi, Şəhidlər Xiyabanına da yollanacağam. Milli qəhrəmanlarımız olan Eldarın, Asifin məzarını ziyarət edib, deyəcəyəm ki, ruhunuz şad olsun, biz qayıtdıq. Onların ruhu indi şaddır.

- Danışarkən belə, səsiniz titrəyir...
- İnanın ki, danışmaqla hisslərimi başa sala bilmirəm (göz yaşlarını saxlaya bilmir – red.). Azərbaycanın hər yeri bizim Vətənimizdir. Amma mənim də doğulub boya-başa çatdığım bir yer var axı. Burnumda o torpağın iyi var.

- Azərbaycan Ordusu hər dəfə kəndləri, şəhərləri işğaldan azad edəndə hansı hissləri keçirirdiniz?
- Şəhidlərimizin, onların valideynlərinin qarşısında baş əyirəm. Onlar ölməyib. Hər namazımda Allahdan doğma yurduma qayıtmaq üçün möhlət arzulamışam. Bu 44-45 günlük müharibə dövründə hər səcdəyə gedəndə deyirdim ki, Rəbbim, sən bizim ömrümüzdən kəs, əsgərlərimizə ver, torpaqları qaytarsınlar. Sağ olsunlar, qaytardılar. Qarabağdan çıxanların hərəsinin bir arzusu var. Biri torpağı, biri daşı, biri şəhidin, ata-anasının məzarını qucaqlayıb öpmək istəyir. Allah-Təala hər birinə bunu yaşamağı qismət eləsin. Ölüm haqdır, hamımızın bir vaxtı var. Mən də ölməzdən əvvəl ata vəsiyyətini, öz arzularımı həyata keçirmək istəyirəm. Mən də gedib yurdumda yaşayacağam.

- Birinci Qarabağ müharibəsində iştirak edənlərlə bağlı bir sıra xatirələrinizlə tanışıq. Budəfəki müharibə yaddaşınızda hansı xatirələrlə qalacaq?
- Qardaşım oğlu da döyüşdə iştirak edib, tankçıdır. Zəng vurub dedi ki, əmi, gözün aydın, torpaqlarımızı almışıq. Ağdamdan çıxanda körpə idi. Soruşdum ki, Şuşada haranısa tanıyırsan? Dedi ki, axı mən oradan çıxanda 2 yaşım var idi, necə tanıyım? Şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm. Onların yarası bizim yaramızdır. Bu döyüşlərdəki şəhidlərimiz əsrlər boyu xatırlanacaq. Hamımız ölüb gedəcəyik, amma bütün türk dünyası şəhidlərimiz üçün anım günü keçirəcək, onlar daim yad olunacaq.

- “İmarət” stadionunda sona qədər oynayanlardan biri də siz olmusunuz. Necə düşünürsünüz, “Qarabağ”ın yenidən orada oynayacağı an yetişibmi?
- O vaxt Ağdamdan çıxanda bizə digər komandalardan təkliflər gəlmişdi. Amma söz vermişdim ki, başqa komandada oynamayacağam. 20 il Ağdam klubunda oynadım, tarixə düşdüm. Daha sonra 7 il də orada məşqçi işlədim. Həmin vaxtdan “İmarət”ə Ağdam komandası ilə qayıtmaq arzum idi. İllərdir bu arzularla yaşayıram. Düzdür, hazırda “Keşlə”də işləyirəm. Amma “Qarabağ” Ağdama qayıtsa, yəqin ki, işlədiyim klubun rəhbərliyindən üzr istəyib, ayrılmaq fikrimi çatdıracağam. Çünki “Qarabağ”la Ağdama qayıtmağın xəyalı ilə yaşamışam. “İmarət”də futbol oynayanda torpaq bizə əlavə güc verirdi. İnanıram ki, “Qarabağ” da ora qayıdanda gücü birə-beş artacaq. O torpaqdan gələn güc onlara bəs edəcək. “Qarabağ” klubu da heç vaxt baş verənlərlə barışmırdı, bu günü gözləyirdi. Ağdam torpağı bizdən ötrü darıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR