Tərlan Əhmədov: "Bəh-bəhlə gətirdiklərimizin heç biri koronavirus pandemiyası vaxtı gəlmədi" - MÜSAHİBƏ

Tərlan Əhmədov: "Bəh-bəhlə gətirdiklərimizin heç biri koronavirus pandemiyası vaxtı gəlmədi" - MÜSAHİBƏ
  • Clock-gray 16:25
  • calendar-gray 13 Noyabr 2020

Azərbaycan millisinin sabiq kapitanı, veteran futbolçu Tərlan Əhmədovun apasport.az saytına müsahibəsi

- Canni de Byazi Azərbaycan millisinin baş məşqçisi təyin olunduğu zaman iddialı açıqlamalarla yadda qaldı. Hədəflərinin Millətlər Liqasında qrup birinciliyi olduğunu açıqladı. Ancaq son matçlar öncəsi komandamızın aktivində cəmi 4 xal var. Bu cür nəticələri gözləyirdiniz?
- Danışıqla əməl heç vaxt üst-üstə düşmür. Nə qədər ki, futbol komandalarının sayını artırmasaq, regionlarda uşaq futbolunu inkişaf etdirməsək yığmadan da ciddi uğur gözləməyə dəyməz. Demirəm ki, bütün rayonlarda klub olsun. Məsələn, “Qarabağ”ın, “Neftçi”nin regionlarda futbol akademiyasını açmaq olar. Açığı, milli ilə bağlı proseslər gözlənilən idi. Çünki 5 aylıq fasilədən sonra klublarımız heyətlərini komplektləşdirməmişdilər. Hətta çempionatın durumu da qeyri-müəyyən idi. Bəzi klublarda maliyyə problemi var idi. Həmin problemi bu gün “Qəbələ” də, “Səbail” də yaşayır. Yığma isə alidir, ora ən yaxşılar getməlidir. Biz də ancaq daxili çempionatdakılara üstünlük vermişik. Bəh-bəhlə gətirdiklərimizin heç biri koronavirus pandemiyası vaxtı gəlmədi. İstər Dmitri Nazarov, istərsə də Eddi İsrafilov olsun. Yəni ürəyi burada olmayanlar gəlmədi. Yığmaya kənardan kimisə gətirmək istəyiriksə, onun damarlarından azərbaycanlı qanı axmalıdır. Bir əcnəbini milliləşdirmək olar. Amma bu şərtlə ki, yerlilərdən qat-qat üstün olmalıdır. Əgər 5-6-cı yerdə gedən klubun legionerini milliləşdiririksə, əlbəttə ki, çətin uğur qazanarıq. Məsələn, “Sumqayıt”ın iranlı hücumçusu Əli Qurbani gələn kimi milliləşib yığma formasını geyindi. Son vaxtlar yaxşı forma yığan Rauf Əliyevin ondan nəyi zəifdir? Biz indi azərbaycanlı futbolçuları xaricə çıxarmaq barədə düşünməliyik. Bu gün legioner həyatı yaşayan oyunçumuz yoxdur. Digər tərəfdən klublarında mütəmadi oynamayan futbolçular var ki, yığmaya çağırılır. Milli üzvlərinin çoxu optimal formadan aşağıdır. Bütün bunlar nəticələrə də mənfi təsir edir.

- Etiraf edirsiniz ki, ildən-ilə futbolçu yetişdirməklə bağlı problem daha böyüyür? Məsələn, indi Premyer Liqada elə bir futbolçu varmı ki, onun yığmanın gücünə güc qatacağını deyə bilək?
- Problem ondadır ki, yetişmir yox, yetişdirilmir. Azərbaycan istedadlar ölkəsidir. Hər zaman hər sahədə istedadlı şəxslərimiz olub. Azərbaycanda ötən əsrin 50-ci illərindən bəri yaxşı futbolçular yetişib. Anatoli Banişevski, Kazbek Tuayev, Yaşar və Adil Babayev qardaşları, Vəli Qasımov, Nazim Süleymanov, Rəşad Sadıqov və başqa çox sayda güclü futbolçu adı çəkmək olar. Məsələn, eyni vaxtda Ukrayna yüksək liqasında 9 futbolçumuz çıxış edirdi. Azərbaycanda bu gün də istedadlı uşaqlar var. Sadəcə olaraq, işi düzgün aparacaq mütəxəssisimiz çox azdır.

- De Byazi gəlməzdən əvvəl milliyə namizədlər arasında sizin də adınız var idi. Həqiqətən də, hansısa danışıq olmuşdu?
- Heç kim bu barədə mənimlə söhbət etməmişdi. Yalnız mətbuatda görürdüm. Hətta indi də adım klublarla hallanır. Deyirəm ki, qız evində toydur, oğlan evinin xəbəri yoxdur.

- Deyirsiniz ki, Nazarov, İsrafilov kimi ürəyi bura ilə döyünməyənlər bizə lazım deyil. Bəlkə elə bu cür fikirlər səsləndirdiyiniz üçün sizə yaxın duran yoxdur?
- Mən bunları kiminsə gözündə pis və ya yaxşı görünmək üçün demirəm. İçimdən gələn sözlərdir. Azərbaycan futbolunun inkişafını düşünürüksə, içimizdə olan hissləri deməliyik. Kiminsə xoşu gəlmirsə, özü bilər. Əgər Azərbaycan yığmasından danışırıqsa, hər birimiz gördüyümüz nöqsanı deməliyik. İşlədiyim vaxtlarda da ürəyimdən keçənləri demişəm. 1992-ci ildən 2005-ci ilə qədər şərəfini qoruduğum, 6 il kapitanı olduğum millinin uğurlu çıxışını mən də arzulayıram. Bizim dövrümüz hərc-mərcliyə, şəraitsizliyə düşdü. Bu gün hər bir şərait, dəstək var.

- Maliyyə cəhətdən fərqləri dediniz. Bəs sizin dövrünüzdəki yığma ilə indikinin futbol baxımından fərqi nə qədərdir?
- Açığı, müqayisə etməyi xoşlamıram. Sadəcə, biz şəraitsiz dövrə düşmüşdük. Meydança tapa bilmirdik, məşqə hərə bir formada çıxırdı. Aylarla əməkhaqqı ala bilmirdik. Təlim-məşq toplanışı, ümumiyyətlə, olmurdu. O vaxt hər dəfə deyirdilər ki, qışda Türkiyəyə, yayda Avstriyaya gedəcəyik. İllər ötürdü, amma heç yerə getmirdik. “Neftçi”də olanda bir gün futbolçulardan biri o vaxtkı baş məşqçimiz Böyükağa Ağayevdən soruşdu ki, bəs xaricə gedəcəkdik? Böyakağa müəllim bildirdi ki, sözdə bütün dünyanı gəzdik, amma sənəddə heç yerdə olmamışıq. Hər şey sözdə idi. İndi dövlət təkcə futbol yox, ümumi futbol üçün hər cür şərait yaradıb. Bizim dövrümüzdə də futbolda eyni nəticə idi, indi də. O vaxt da uduza-uduza gedirdik, indi də. Dəyişən bir şey yoxdur. Yalnız klublarımızda bir qədər irəliləyiş var ki, bu da cəlb olunan əcnəbilərin sayəsindədir. Ən acınacaqlısı odur ki, o vaxt da uşaq futbolu bərbad vəziyyətdə idi, indi də. Bizdə maliyyə durumu aşağı olsa da, futbola sevgi var idi. Bu gün pula sevgi daha çoxdur. Hətta bununla bağlı təklif də etmişdim ki, 23 yaşadək futbolçuları böyük pullarla şirnikləşdirmək olmaz. Mən Avropa çempionu olanda kondisioner söz verdilər, nə özü gəldi, nə də pulu. İndi futbolçuların dolanışıq baxımdan problemi yoxdur. Amma nəticə eynidir. Hərdən oturub fikirləşirəm ki, görəsən üç ildən sonra necə olacaq? Rəşad Sadıqov karyerasını bitirdi, boşluğunu dolduracaq kimsə yoxdur. Baş məşqçi də axmaq deyil ki, yaxşını kənara atıb, pisi oynatsın. Hansısa oyunçunu oynatmırsa, deməli, onda nəsə zəiflik görür.

- Yığmamız Millətlər Liqasının son iki oyunu çərçivəsində sabah Monteneqro, noyabrın 17-də isə Lüksemburqla qarşılaşacaq. Turnirə birincilik iddiası ilə başlayan komandamızın indi bunu reallaşdırması möcüzəyə bərabər göstərilir. Buna baxmayaraq, de Byazi DÇ-2022-nin seçmə mərhələsi üçün nikbindir...
- Bəli, hazırda cəmi 4 xalımız var. 9 xala malik Monteneqro və Lüksemburqla oynayacağıq. Monteneqro ilə görüş başqa ölkədə olsa da, Lüksemburqla matç onların meydanında olacaq. Açığı, Millətlər Liqasındakı rəqiblər münasib idi. Dünya çempionatının seçmə mərhələsində kimlərlə düşəcəyimizi hələ bilmirik. Orada isə daha çətin komandalar düşəcək.

- Millidə gedən gəncləşdirmə prosesinə necə baxırsınız?
- Gəncləşdirmə siyasəti getməlidir, amma bunu birdən-birə etmək olmaz. Elə ölkələr var ki, gəncləşdirməyə gedir və özünə 10 il vaxt verir. Amma biz bu sözlərlə illərimizi itiririk. Kütləvi gəncləşdirmə nəticə verməz. Belə baxanda elə yaşlı futbolçumuz da yoxdur. Açığı, düşünürdük ki, futbolumuz getdikcə daha yaxşı olacaq. Amma itirə-itirə gedirik. Görünən odur ki, yerimizdə də sayırıq. 90-cı illərdən bəri eyni nəticələrdir. Artıq nəyisə dəyişmək, yeniləmək lazımdır.

- Bayaq dediniz ki, futbolçular yetişdirilmir. Belə çıxır ki, yetişdirmək istəmirik, futbol ictimaiyyəti bu günlə yaşayır?
- Adicə bir misal çəkim. Hansısa klub yaradılan kimi, rəhbərlik nəticə tələb edir. 8 klubumuz var, hamısı da deyir ki, nəticə olmalıdır. Həmçinin aşağı yaş qruplarında 10 yaşlı uşaqlardan da nəticə gözləyirlər. Dəfələrlə demişəm ki, nəticəni 19 yaşdan sonra tələb etmək olar. O yaşa qədər isə nəticəni yox, futbolçu yetişdirməyi düşünməliyik. Akademiyalarda məşqçilərin 90 faizi valideynlərin əlinə baxır. Hətta mətbuatda bar-bar bağıran məşqçi var ki, neçə dəfə “tutulub”, amma bu gün də işləyir. Bəzi mütəxəssislər uşaqları iki hissəyə bölürlər: imkanlıların və imkansızların balaları. İmkanlının uşağı ilə əlavə məşqlər olur, valideynləri ilə oturulur-durulur. İmkansızın balası 40-45 dəqiqəlik məşqdən sonra evə buraxılır. Amma hər zaman istedadlar imkansız ailələrdən çıxıb. Dəfələrlə eşitmişəm deyirlər ki, uşaq futbolu atdı. Çünki dəstək duran olmayıb. Mən özüm də kasıb ailədə dünyaya gəlmişəm, internat məktəbində oxumuşam. Deyirlər indiki dövrün tələbi başqadır, gərək kimsə arxanda olmalıdır, səni irəli çəkməlidir. Akademiyalardakı prosesləri hamı bilir, ancaq nəzarət edən yoxdur. Məsələn, yuxarı yaş qrupuna 2-3 futbolçu verən məşqçiyə stimul üçün mükafat ayrıla bilər. Yığmalara oyunçusu gedən klubların baş məşqçilərinə mükafat vermək olar. Bu cür şeylər proqramlaşmalıdır ki, məşqçilər də valideyn əlinə baxmasınlar, öz işlərinə köklənsinlər. İndi ən çox 18-19 yaşa çatan futbolçular yoxa çıxır.

ApaSport

Digər xəbərlər